Sualı eşitdi, səsi titrədi: “Heç nəyimiz qalmayıb, hər şey əlimizdən çıxıb”

20:00 Müsahibə 459
Sualı eşitdi, səsi titrədi: “Heç nəyimiz qalmayıb, hər şey əlimizdən çıxıb”

Ukrayna ilə Rusiya arasında davam edən məlum müharibənin ukraynalılara necə təsir etdiyini təsəvvür etmək çətin deyil.

Vaxtilə Ermənistanla yaşadığımız oxşar savaş nəticəsində azərbaycanlıların hansı çətinliklərlə üzləşdiyini illər keçsə də unutmayacağıq.

Hazırda Azərbaycan Premyer Liqasında top qovan Vladislav Veremeyev də Ukrayna-Rusiya müharibəsindən ən çox ziyan görənlərdəndir.

Müdafiəçi ilə vətənindəki vəziyyətdən söz açdım.

Siyasi vəziyyətlə bağlı sualları eşidən Vladislavın səsinin titrəməsi, hətta gözləriniz hiss olunacaq dərəcədə qızarmasından hər şey məlum idi.

- Ukraynada doğulmusan, deyilmi?

- Bəli-bəli.

- Müharibə şəraitində vətənə necə gedib-gəlirsən?

- Vətən, vətən... (səsi titrəyir, qısa pauza verir) Şəhərim yerlə bir olub, dağıdılıb, işğal olunub. Heç nəyimiz qalmayıb, evimiz, hər şeyimiz əlimizdən çıxıb. Hara gedib-gəlim?

- Hansı şəhərdir?

- Donetsk vilayətindəki Kuraxovo şəhəri.

- Bu cür vəziyyətdə oyunlara necə hazırlaşırsan? Ümumiyyətlə, Ukraynada yaşananlar psixoloji baxımdan sənə necə təsir edir?

- Əlbəttə, öz təsirini göstərir. Hər gün bu barədə fikirləşirəm, necə olacağını düşünürəm. Təsəllini valideynlərimin sağ olmasından tapıram. Əsas olan onların canının sağlığıdır. Ev, mülk – bunlar ikinci dərəcəlidir.

- Atanla anan Ukraynada yaşayırlar, yoxsa ölkəni tərk edənlər sırasındadırlar?

- Atamla qardaşım Ukraynada qalırlar. Anam təxminən 6 ildir Polşadadır, orada işləyir.

- Mövcud durum yəqin ki, evsiz qalmamaq üçün daha yaxşı oynayıb, daha çox pul qazanıb, özünə şərait qurmaq baxımından sənə motivasiya verir.

- Təbii ki. Futbolçu ömrü qısadır və sabah nə olacağını bilmirik. İndiki məqamda evdən və şəraitdən çox, oynamaq barədə düşünürəm. İdeal formamı qaytarmaq üçün səbrsizlənirəm. Bəlkə də müəyyən mənada əskiklərim var. Ancaq daha çox çalışmaqla buna nail olacağıma inanıram.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti