“Neftçi”yə məğlub oldular, hər şeyi “Sportinfo”ya açıq danışdı

2 Mart 16:30 Müsahibə 1 268
“Neftçi”yə məğlub oldular, hər şeyi “Sportinfo”ya açıq danışdı

“Kəpəz” ölkə kubokunda mübarizəni dayandırdı.

Tovuzdakı ilk oyunda “Neftçi”yə 0:2 hesabı ilə məğlub olan qərblilər cavab qarşılaşmasında da uduzdu – 0:1.

Sportinfo.az-a müsahibə verən Turan Manafov matçla bağlı sualları cavablandırıb.

- Karyeranda bu cür qarlı-buzlu meydanda oynamışdın?

- Məşq etməyim, sulu qar yağanda oynamağım yadıma gəlir, ancaq belə havada yox. Həqiqətən çox çətin imiş. Şaxta bir tərəfdən, qar da butsların altına dolurdu, özümüzün və topun hərəkət etməsini məhdudlaşdırırdı. Üstəlik, oyunboyu qar dayanmadı, gözlərimizi aça bilmirdik.

- Məğlubiyyətin səbəbini nədə görürsən?

- “Vur qabağa” futbolu idi. Ard-arda iki ötürmə edə bilmirdik. Şəxsən özüm neçə epizodda sürüşdüm. Top uğrunda mübarizəyə girişməyə qorxursan ki, birdən rəqibi ağır zədələyərsən, qırmızı vərəqə alarsan. Bu cür havada futbol oynamaq düzgün deyil. Normal hava şəraiti olsaydı, nəticə fərqli ola bilərdi. Təəssüf ki, qərarı verən biz deyilik. Ona görə də meydana çıxmağa məcbur idik.

- Razılaş ki, şərtlər hər iki komanda üçün eyni idi.

- Başa düşürəm. Deməyim odur ki, biz topla oynamağa alışmışıq komandayıq. Belə olan halda heç nə edə bilmirdik. Qolu öz səhvimizdən buraxsaq da, rəqibə 100 faizlik imkan vermədik. Əksinə, biz 2-3 dəfə real qol imkanları yaxaladıq. Qapıçıları həqiqətən yaxşı oynadı. “Neftçi”ylə bizim oyuna hazırlaşmağımızda da fərq var idi axı.

- Nə mənada?

- Onlar “Sumqayıt”la fevralın 21-də qarşılaşmışdı. Biz isə “Zirə”ylə 23-də oynamalıydıq, qarlı havaya görə oyun bir gün sonraya salındı. Ayın 24-ü əvvəl 16:00 dedilər, sonra 19:00-a təyin etdilər. “Zirə”ylə matça görə yollarda qaldıq, iki gün normal məşq edə bilmədik. “Neftçi”ylə müqayisədə şərtlər bizim üçün ağır idi. Rəqib bir həftə normal hazırlıq keçdiyi halda, biz bir həftə ərzində iki dəfə Bakıya gəlib-qayıtdıq və cəmi 2-3 dəfə məşq etmək imkanımız oldu. O dərəcədə yorğunluq var idi üzərimizdə, həm də qarlı-buzlu meydanda oynamaq əlavə çətinlik yaradırdı. Bundan sonra danışmağın mənası yoxdur onsuz da. Oldu, keçdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti