"Bunun baş verəcəyini ağlımıza da gətirmirik" - Rəhbər şəxslə MÜSAHİBƏ

28 Fevral 13:20 Müsahibə 525
"Bunun baş verəcəyini ağlımıza da gətirmirik" - Rəhbər şəxslə MÜSAHİBƏ

"Mingəçevir"in İdarə Heyətinin sədri Nurlan Əhmədov Sportinfo.az-a müsahibə verib.

O, ilk olaraq yeni sponsor "ASTA"nın bölgə klubuna gəlişindən sonrakı vəziyyət barədə söz açıb.

- Sponsorun gəlişindən sonra ilk olaraq ehtiyat meydançada təmir aparıldı. Ev oyunlarını orada keçirməyə çalışırdıq. Dünən Peşəkar Futbol Liqasının əməkdaşları stadiona yerində baxış keçirdi. Oyunların keçirilməsi üçün şərait yaradılıb. Əsasən infrastrukturun qurulmasına köklənmişik. Kollektivdə ümumi durum yaxşıdır. Hər kəs öz işi ilə məşğuldur. Bütün fikirlər çempionatı arzuolunan kimi başa vurmağa yönəlib. Sənədləşmə ilə bağlı işlər aparılır. Müəyyən dəyişikliklər olacaq.

- Rəhbərlikdə futbol ictimaiyyətinə tanış olan kimlərisə görə bilərik?

- Bəli, olacaq. Konkret olaraq nəsə deyə bilmirəm. Amma rəhbərlikdə dəyişikliklər olacaq. Maya kimi bütün işləri yekunlaşdıracağıq. Yeni mövsüm üçün yeni simalar görə bilərik.

- Gələcək üçün infrastrukturla bağlı hansı planlar var?

- Mövsümün sonu buna baxılacaq. Bizim üç meydançamız var. Əsas meydanın təmiri nəzərdə tutulub. Köməkçi meydanlardan birinin süni örtüyünün yararlı vəziyyətə gətirilməsi planda var.

- İnfrastrukturla bağlı danışdınız. Bəs işin idman tərəfi barədə nələr deyə bilərsiniz?

- Bildiyiniz kimi, ev oyunlarımızı Zaqatalada keçirirdik. Bu da nəticələrimizə təsir etdi. Çox istərdik ki, rəqiblərimizi doğma meydanda qəbul edək. Keçirdiyimiz görüşlərdə daha çox xal götürə biləcəyimiz rəqiblər idi. Buna da yaxın idik. "Qaradağ Lökbatan"la görüşdə penalı vura bilmədik. "Cəbrayıl"ı udmaq üçün köklənmişdik olmadı. "Baku Sportinq"lə oyunda əlverişsiz hava şəraitinə rəğmən şükürlər olsun ki, qələbə qazandıq. Sadəcə kollektiv yenidən formalaşır. Adaptasiya baxımında çətinliklər oldu. Amma əvvəlki komandadan çox şey fərqlidir. Həm oyun, həm də əzmkarlıq baxımından bunu demək olar. Gələcəyə müsbət baxa bilirik.

- Hələ də sonuncu pillədən qurtulmaq mümkün olmur. Bu, daxildə gərginlik yaratmır?

- Xeyr. Bütün məşq proseslərində şəxsən iştirak edirəm. Kənardan hər şey daha aydın görünür. Ciddi məşqlər gedir. Füzuli müəllim gələndən sonra nizam-intizam da bərpa olunub, əvvəlki hərc-mərclik yığışdırılıb. Hər şey bu gün üçün yaxşıdır. Əsas sonluqdur. İnşallah, yekunda da hamımıza yaxşı olar.

- Sonluqdan söz düşmüşkən, əgər komanda liqada yerini qoruya bilməsə, bu hadisə "Mingəçevir"lə bağlı gələcək planlara necə təsir edəcək?

- Açığı, bu barədə düşünmək belə istəmirik. Bunun baş verəcəyini ağlımıza da gətirmirik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti