"Neftçi"nin xarici oyunçusu hər şeyi "Sportinfo"ya danışdı: “O. gedəndən sonra…”

25 Fevral 20:40 Müsahibə 2 343
"Neftçi"nin xarici oyunçusu hər şeyi "Sportinfo"ya danışdı: “O. gedəndən sonra…”

“Neftçi”nin legioneri Alfa Konte Sportinfo.az-a müsahibə verib.

Syerra-Leonedən olan yarımmüdafiəçi komandasının “Sumqayıt” üzərində qazandığı qələbədən sonra (1:0) ona ünvanlanan suallara maraqlı cavablarla yadda qalıb.

- Çətin qələbədən sonra əhval-ruhiyyə yüksəkdir, yoxsa meydandakı stres hələ də davam edir?

- Həqiqətən ağır oyun oldu. Sevindirici məqam odur ki, oyun planında irəliləyiş var, qələbələr sıralanır. Davamını gətirməyə çalışacağıq.

- “Qarabağ” məğlubiyyətini unutmaq üçün nə etdiniz?

- Həmin matçda da çox yaxşı oynamışdıq. Rəqib azlıqda qalana qədər yaxşı imkanlarımız var idi. Say üstünlüyü tərəfimizə keçəndən sonra çox çalışsaq da, qol vura bilmədik. Sadəcə, bizim günümüz deyildi. Uduzsaq da, başımızı dik tutduq. Çünki bacardığımızı etmişdik və pis oynamamışdıq. Önəmli olan odur ki, oyundan-oyuna artırırıq.

- Qarlı, şaxtalı havada top dalınca qaçmaq çətinlik yaradırdı?

- Çətin olmağına çətindir. Lakin meydanda olan heç kim qar, yaxud buz haqda düşünmürdü. Çünki şərtlər hər iki komanda üçün eyni idi. Düşüncəmiz meydanı qələbə ilə tərk etmək idi.

- Samir Abasovun gəlişindən sonra komandada nələr dəyişib?

- Özünəməxsus futbol fəlsəfəsi var. Bunu sözlə ifadə etmək çətindir. Yeni gələn vaxtlarda mənə əsas heyətdə şans verirdi, mən də əlimdən gələni edirdim. Sonradan az-az güvənməyə başladı.

- Cari mövsümdə 3-ü əsas heyətdə olmaqla ümumilikdə 9 oyunda şans qazanmısan. Özünü necə hiss edirsən?

- Ehtiyac duyduğum qədər şans qazanmıram. Və belə duruma dözmək həqiqətən çətindir. Kilan Lebon gedəndən sonra daha çox şans qazanacağımızı düşünürdüm. Və indiki məqam oynamağım üçün əla imkandır. Lakin baş məşqçinin qərarı belədir. Hörmət etməyə məcburam.

- Özünü ilk “11-lik”də oynamağa hazır sayırsan?

- Məşqlərdə əlimdən gələnin 100 faizini edirəm ki, baş məşqçi məni görsün, şans versin. Həyatımı verməyə hazıram, təki əsas heyətdə oynayım. Futbolda şans çox vacibdir. Şans verilməlidir ki, özünü göstərə biləsən.

- Bəlkə problem səndədir? Davranışlarında, xarakterində, oyun zamanı tapşırıqları lazımınca yerinə yetirməməyində...

- Kimsə mənə toxunmasa, heç kimlə işim olmaz. Kifayət qədər sakit insanam və heç kimlə problemim yoxdur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti