“Sabah”a tərif yağdırdı, onun adını eşidib “əla” dedi - “Qarabağ”lı ilə MÜSAHİBƏ

24 Fevral 20:40 Müsahibə 286
“Sabah”a tərif yağdırdı, onun adını eşidib “əla” dedi - “Qarabağ”lı ilə MÜSAHİBƏ

“Qarabağ” cari mövsümdə növbəti dəfə “Sabah”ın müqavimətini qıra bilmədi – 1:1.

Oyun başa çatandan sonra xallar itirən hər iki komandanın üzvlərinin məyusluğu anlaşılan idi.

“Köhlən atlar”ın yarımmüdafiəçisi Leandro Andrade Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

- Hesabda öndə olduğunuz anda qol imkanlarını boşa verdiyinizi nəzərə alsaq, 2 xal itirdiyinizi deyə bilərik?

- Qələbə qazana bilmirsənsə, digər məqsədin məğlub olmamaqdır. Fikrimcə, bu gün xallarımızın üstünə 1 xal əlavə etdik. Hər oyundan dərs çıxarmalı, harada səhvlərə yol verdiyimizi öyrənməliyik. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Ancaq indiki halda 1 xal da sərfəlidir.

- “Sabah”la görüşləriniz hər zaman çətin keçir və əksər oyunlarda xallar itirirsiniz. Səbəbini bilirsən?

- Cari mövsümdə “Sabah”ı bir dəfə udmuşuq. Ancaq bu, o demək deyil ki, hər dəfə belə olmalıdır. Bəzən istədiklərimizi edə bilmirik, bəzən rəqib buna imkan vermir. Demək ki, daha artığını etməliyik. Bir şeyi mütləq vurğulamalıyam, “Sabah” səviyyəli futbolçulardan qurulmuş keyfiyyətli komandadır. Oyun planında da xoş təsir bağışlayırlar.

- Kadi Borgesin “Qarabağ”a qayıtmasına reaksiyan necə oldu?

- Çox yaxşı, əla. Əminəm ki, öncəki illərdə olduğu kimi, bu dəfə də “Qarabağ”a çox köməyi dəyəcək. Artıq bunu görməyə başlamışıq.

- Əsas rəqibiniz “Araz-Naxçıvan”ı 12 xal qabaqlayırsınız. Sanki bu il də çempionluğu mübarizənin sonuna 1-2 ay qalmış bayram etmək istəyirsiniz.

- “Qarabağ”da hansısa futbolçunun bu barədə nəsə planladığını düşünmürəm. Məqsədimiz hər matçı qalib başa vurmaq, oyun planında irəliləməkdir. Onsuz da çempionluğu erkən qazansaq da, sona qədər oynamalıyıq. Ancaq o başqa məsələ ki, erkən çempionluğun pis tərəfi yoxdur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 17:30 Çək və bizə göndər!
24 Fevral 11:20 Birini də sizdən görək!