
“Turan Tovuz”un qapıçısı İvan Konovalov Sportinfo.az-a müsahibə verib.
Rusiyalı kipper komandasının “Araz-Naxçıvan” üzərində çətinliklə qazandığı 1:0-lıq qələbəni şərh edib, sualları cavablandırıb.
- Məzmunsuz oyuna görə üzülürsən, yoxsa əzmkar qələbəyə görə sevinirsən?
- Bu gün oyunun axarı elə idi ki, mütləq qələbə qazanmalıydıq. Ona görə də ilk növbədə 3 xala görə sevinirəm. Və təbii ki, qapımdan top buraxmadığıma görə radam. Yeni ildə keçirdiyimiz bütün görüşlərdə qapımızdan top buraxmışdıq. Həm 2 oyundan sonra qalib gəldik, həm də qol buraxmaqla bağlı uğursuz seriyaya son qoyduq. Bu cür gərgin və emosional qarşılaşmadan üzüağ çıxdığımıza görə çox şadam.
- Qələbəni haqq edən tərəf “Turan Tovuz” idi?
- Fikrimcə, matç bərabər səviyyədə keçdi. Onlar oyun epizodlarında təhlükə yaradırdılar, biz isə standart vəziyyətlər zamanı nəsə etməyə çalışırdıq. Belə duellərdə şansından istifadə edən qələbə qazanır. Bu gün tablodakı rəqəmlərdən biri xeyrimizədirsə, deməli, qələbə haqq etmişik.
- Az öncəki mətbuat konfransında rəqib komandanın baş məşqçisi Elmar Baxşıyev mübahisəli epizodda İqor Ribeyroya nəinki qırmızı, hətta sarı vərəqənin verilməsinin belə, düzgün qərar olmadığını dedi. Sən nə düşünürsən?
- Tər-təmiz “qırmızı” idi. Rəqib müdafiəçi Aleksə toxunmasaydı, hücumçumuz sürəti hesabına qapıçı ilə təkbətək qalacaqdı. O da bunu görüb, kobudluq etdi. Hakim o qədər əmin idi ki, hətta VAR-a baxmağa gərək duymadı.
- İlk hissədə mərkəz müdafiəçiləri ilə anlaşmada ciddi problem yaşayırdın. Bu, nə ilə bağlı idi?
- Bəzən ən böyük komandalarda da belə hallar yaşanır. Müdafiə xəttində hər dəfə məcburi dəyişikliklər olur deyə, bəzən bir-birimizi başa düşmürük. Normal haldır, fikrimcə, böyütməyə gərək yoxdur.
HƏBİB