“Onları yox, özümüzü günahlandıracağıq” – “10 nömrə” açıq danışdı

21 Fevral 20:40 Müsahibə 265
“Onları yox, özümüzü günahlandıracağıq” – “10 nömrə” açıq danışdı

“Araz-Naxçıvan”ın səfərdə “Turan Tovuz”a məğlubiyyətindən (0:1) sonra qonaq futbolçuların mətbuat nümayəndələrindən yan keçməsi gözlənilən idi.

Bəziləri müsahibəyə “yox” desə də, oyuna sonradan qoşulan "Benni" ləqəbli braziliyalı yarımmüdafiəçi Bernardo Dias Sportinfo.az-ın suallarını cavablandırdı.

- Məğlubiyyətin əsas səbəbi qırmızı vərəqə oldu. Razısan?

- Əlbəttə. Gördüyünüz kimi, ilk hissədə üstün tərəf idik və real qol imkanları yaratmışdıq. İkinci hissənin əvvəlində azlıqda qalmağımız planlarımıza təsir etdi. 10 nəfərlə oynamağımıza baxmayaraq, təslim olmadıq, hətta rəqibə çətin anlar yaşatdıq. Bir az diqqətli olsaydıq, hətta meydanı xalla tərk edə bilərdik.

- Həmin epizodda “qırmızı” var idi?

- Epizodun təkrarını görmədiyim üçün dəqiq fikir bildirməyim doğru olmaz. Baxandan sonra nəsə demək olar.

- Komandanı azlıqda qoyan İqor Ribeyronun hakimin qərarına münasibəti necə idi?

- Bu barədə danışmadıq. Görünürdü ki, üzləşdiyi münasibətə görə məyusdur. İstənilən halda hakim qərarını verib və bundan sonra heç nə dəyişməyəcək. Bizim üzərimizə düşən minimum iş uduzmamaq idi. Yenildik, ancaq mübarizə davam edir. İkinci pillədəki yerimizi qorumalıyıq.

- “Araz” qaçır, “Zirə” qovur. Rəqibin sizi haqlamağına bir şey qalmayıb.

- Hələ də öndəyiksə, deməli, hər şey özümüzdən asılıdır. İkinci pilləni əldən versək, “Zirə”ni yox, özümüzü günahlandıracağıq. Bir şey də var ki, çempionat uzun marafondur, bütün komandalar xallar itirəcək. Ona görə də indidən hansısa pilləyə köklənmək düzgün deyil. İstədiyimiz oyunu sərgiləsək, qələbələr gələcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"