“Çox çətin klubdur, hər il heyəti dəyişirlər” - Başına gələn hər şeyi bizə danışdı

16:40 Müsahibə 657
“Çox çətin klubdur, hər il heyəti dəyişirlər” - Başına gələn hər şeyi bizə danışdı

“Araz-Naxçıvan”ın yeni transferi Əyyub Allaş Sportinfo.az-a müsahibə verib.

Ötən mövsüm “Qəbələ”nin uğurları üçün tər tökmüş, son 6 ayı Moldovada “Şerif”də keçirmiş 27 yaşlı mərakeşli yarımmüdafiəçi Azərbaycana qayıdışı barədə maraqlı fikirlər səsləndirib.

- Müəyyən fasilədən sonra yenidən ölkəmizə qayıdıb, Premyer Liqada oynamağı sözlərlə necə ifadə edə bilərsən?

- Əlhəmdülillah, burada olmaqdan məmnunam. Mənə doğma olan insanların yanına gəlmişəm və buna görə xoşbəxtəm. Çox istərdim ilk oyunumda qələbə qazanacaq. Lakin “Kəpəz”lə matçda bəxtsizlik sayəsində 2 xal itirdik. İnşallah, növbəti oyunlarda itirilən xalları kompensasiya edərik.

- Moldovaya, “Şerif”ə böyük ümidlərlə yollanmışdın. Nə baş verdi?

- Bəzən ürəyində tutduğun arzular həyata keçmir. Belə deyim, plan baş tutmur. Bəli, özüm üçün müəyyənləşdirdiyim hədəflər var idi, onlara çatmaq istəyirdim. Lakin alınmadı. Elmar Baxşıyevlə əla münasibətim var. Dedi, gəl, səni yanımda görmək istəyirəm. Turnir cədvəlinə baxdım, kiçik götür-qoy etdim və gəldim.

- Moldova çempionatında “Şerif”in keçirdiyi 14 oyunun yalnız 5-də əsas heyətdə yer almışdın. Az şans qazanmağın nə ilə bağlı idi?

- Bu, futbolla bağlı deyildi. “Şerif”də böyük dəyişikliklər oldu və anlamaqda çətinlik çəkdiyim vəziyyət yaratdı. 20 il “Şerif”də işləmiş idman direktorunu belə yola saldılar. Çox çətin klubdur. Hər il heyəti dəyişirlər. Təsəvvür edin, 5 oyunda start heyətində yer alsam da, komandanın ən sərrast futbolçularından biri idim. Məhsuldarlıq göstərdiyim halda əsas heyətdə mənə yer tapılmırdısa, deməli, sırf futbolla bağlı iş deyil. Bu barədə çox danışmaq istəmirəm.

- Moldova ilə Azərbaycan çempionatlarını müqayisə etmək olar?

- Xeyr-xeyr. Azərbaycan Premyer Liqasında oynamaq həqiqətən çətindir. Əsas iddialılar “Şerif”, “Petrokub”, bir az da “Zimbru”dur. Ancaq “Şerif”in səviyyəsi tam başqadır. Azərbaycanda az qala bütün komandaların səviyyəsi bir-birinə yaxındır.

- Bildiyimə görə, “Turan Tovuz”da səninlə maraqlanırmış.

- Bu barədə dəqiq nəsə deyə bilmərəm. Əsas odur ki, “Araz-Naxçıvan”da olmaqdan məmnunam.

- “Araz-Naxçıvan”ın yarımmüdafiə xəttində çox sayda futbolçular yer alıb. Əsas heyətdə möhkəmlənmək çətin olmayacaq?

- Bunu biləndə sevindim. Komandada rəqabət yoxdursa, nəsə gözləməyə dəyməz. Rəqabət komandanı gücləndirir. Məşqlərdə hamı bacardığının 100 faizini qoyur, nəticədə ən hazırlıqlı olanlar şans qazanır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti