Azərbaycan millisi, “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” kimi komandaların şərəfini qorumuş Elnur Allahverdiyev futboldan uzaq düşüb.
Ötənlərin məşhur müdafiəçisi bir neçə il əvvəl verdiyi müsahibədə futbola qayıdaraq məşqçilik etmək istədiyini gizlətməmişdi.
Lakin üstündən xeyli vaxt keçsə də, nə özü görünür, nə də izi.
Elnur Sportinfo.az-a verdiyi təsirli müsahibədə kənarda qalmasının səbəbini söyləyib, kömək istəyib.
(müsahibənin əvvəli burada - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/213676.html)
- Səncə, niyə?
- Bilmirəm axı. “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi aparıcı komandalarda oynamışam. Kimə pislik etmişəm? Nə etmişəmsə, özüm özümə etmişəm, insanlara ziyan vurmamışam. “Qırmızı” almışam, dalaşmışam – hamısını öz ziyanıma etmişəm də. Heç kim deyə bilməz ki, Elnuru çağırdıq uşaq futboluna, gəlmədi, qudurğanlıq etdi. Belə şey olmayıb.
- Futbolu bitirəndən sonra yoxa çıxdın, heç kimə qaynayıb-qarışmadın. Belədə, kim səni dəvət edəcəkdi?
- Niyə itdim? Çünki bir müddət futboldan incik düşdüm, bəzi şeyləri qəbul edə bilmədim. Lap itmişdimsə belə, adamı axtarmaq olmazdı? Bəlkə ölmüşəm, bəlkə həbsdəyəm, bəlkə pis yoldayam. Maraqlanmaq olardı da. Mən futbol adamıyam. Əlimdən başqa iş gəlmir. Kiminsə haqqına girib harada işləyə bilərəm? Gedib jurnalist işləyim? Bacarmıram axı. Gözümü açıb futbol görmüşəm, ömrümün yarısından çoxunu futbolu həsr etmişəm.
-Bu gün sənin üçün önəmli olan maddiyat yox, məşqçilik sənətinə sahib olmaqdır. Düzdür?
- Əlbəttə. 10 ildir futbolla qurtarmışam, bu günə qədər gedib kiməsə ağız açmışam ki? Allah o günü mənə göstərməsin. Ruzini verən Allahdır, şükür ki, verir. Mən sevdiyim peşədə işləmək istəyirəm. Yaxşı məşqçi olandan sonra ruzi özü səni tapır. Baxıram, maşallah, bir yerdə oynadığımız uşaqların demək olar hamısı işləyir. Allah yollarını açıq etsin. Kənarda qalan 1-2 nəfərdir, onları da axtaran yoxdur. Mahir Şükürov uşaq futbolunda işləmək istəmədiyini deyibsə, bu, ona aid məsələdir. Mən elə söz deməmişəm axı.
- Bəlkə sözü üzə deməyin, baş-başa gəlməyin, davakar olmağındır sənə olan diqqətsizliyin səbəbi.
- Vallah, məncə də buna görədir. Cavanlığımı göz önünə gətirməklə düşünmək düzgün deyil axı. Həyatda səhvsiz insan yoxdur. Vacib olan buraxdığın səhvləri nə vaxtsa başa düşməkdir. Bəzi səhvlərim, artıq hərəkətlərim var idi ki, onlara görə peşman olmuşam. Yenə deyirəm, nə etmişəmsə, özümə etmişəm. Çağırıb yoxlasınlar, görsələr ki, həminki adamam, heç nə dəyişməyib, desinlər, çıx get, səninlə alınmır. Hamıya şans verilir, mənə də şans vermələrini istəyirəm. Bilirəm ki, məndə alınacaq. Alınmasa, heç kimə quyruq olmaram, kiminsə qabağında quyruq bulamaram, çıxıb gedərəm.
- Səbrsiz, davakar, məğlubiyyəti həzm edə bilməyən futbolçu Elnur Allahverdiyev bacarıqlı məşqçi ola bilər?
- Özümdə o gücü hiss edirəm. Futbolçu vaxtı işimi necə vicdanla yerinə yetirmişəmdə, məşqçilikdə də işimi vicdanla görərəm. Futbolçu Elnurdan əsər-əlamət qalmayıb. Bu gün 42 yaşım var, üstündən görün nə qədər keçib. Elə səhvlər var ki, mən onları bir də etmərəm. Ona doğru getsəm də, etmərəm. Cavan idim, subay idim, yaxşı qazanırdım deyə, çaşdım, müəyyən səhvlərə yol verdim. Cavanlıq etmək istədik, bir az artıq oldu. Bu da oyunuma, xarakterimə təsir etdi. Bəzi tərbiyəsizliklər, bəzi söyüşlər – bunlar lazım deyildi. Bu hərəkətlərim oyunuma birbaşa təsir etdi, məni hörmətdən saldı. Oyunum qıraqda qalırdı, mənə davakar, söyüş söyən kimi baxırdılar.
HƏBİB