Azərbaycan millisi, “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” kimi komandaların şərəfini qorumuş Elnur Allahverdiyev futboldan uzaq düşüb.
Ötənlərin məşhur müdafiəçisi bir neçə il əvvəl verdiyi müsahibədə futbola qayıdaraq məşqçilik etmək istədiyini gizlətməmişdi.
Lakin üstündən xeyli vaxt keçsə də, nə özü görünür, nə də izi.
Elnur Sportinfo.az-a verdiyi təsirli müsahibədə kənarda qalmasının səbəbini söyləyib, kömək istəyib.
- Nə işlə məşğulsan?
- Bu günümüzə şükür! İşləmirəm, hələ ki, evdəyəm. Allah nəsib etsə, məşqçiliyə başlamaq istəyirəm. Görək də.
- İşsiz necə yaşayırsan? Nə yeyib-içirsən?
- Dolanıram da. Şükür bu günümüzə.
- Yəqin futbolçu dönəmində qazandıqlarınla yaşayırsan.
- Onlar qurtarıb artıq. 12 ildir futboldan kənardayam.
- Bir neçə il əvvəl məşqçiliyə başlamaq istədiyini demişdin. Nə oldu?
- Gedib maraqlandım, dedilər, B kateqoriyasına sahib olmaq üçün hansısa klubda olmalıyam, məşq keçməliyəm. İşsiz olduğuma görə qaldım çarəsiz vəziyyətdə. Ondan sonra elə də qaldı.
- Soruşan, maraqlanan yoxdur?
- Bir müddət öncə bir klub rəsmisi çağırmışdı. Oturub danışdıq. Novruz bayramından sonra dəvət etməlidirlər. Millinin keçmiş oyunçusu kimi C kateqoriyasını verirlər. B-ni almaq üçün oxumalıyam, klubda olmalıyam.
- Mahir Şükürov açıqlamasında uşaq futbolunda işləmək istəmədiyini söyləyib, əsas komandada çalışmalı olduğunu demişdi. Sən də eyni fikirdəsən?
- Yox-yox, heç vaxt elə şey ola bilməz. Özüm futbola necə gəlmişəm? Uşaq futbolundan. Həvəskarlar Liqasında “Qum adası”nda oynamışam, ordan Birinci Divizion təmsilçisi “Ədliyyə”yə keçmişəm, sonra “Şəfa”ya, oradan MOİK-ə, “Turan”a, “Neftçi”yə. Futbolçu olanda sıfırdan necə başlamışamsa, məşqçiliyə də o cür start verməliyəm. Uşaq futbolunu görməyən adam əsas komandada necə işləyə bilər?
- Tamamilə düz deyirsən.
- İndi durub deyim ki, əsas komandada işləmək istəyirəm. Bu dəqiqə məndə o savad var? Nə olsun ki, futbol oynamışam. Futbolçu olmaq başqadır, məşqçilik başqa. Məşqçi kimi sıfıram, birdən-birə gedib əsas komandada işləyim? Bunu özüm də qəbul etmərəm axı. Bu dəqiqə istəyim uşaq futbolundan başlamaqdır. 9-10, lap 12 yaşlı uşaqlarla çalışım, orada təcrübə yığa-yığa B kateqoriya kurslarına yazılım, imtahan verim. İndiyə qədər kim çağırıb ki, Elnur, işləmək istəyirsən? Ümumiyyətlə, nə edirsən, nə işlə məşğulsan? Heç kim!
- Səncə, niyə?
(davamı olacaq)
HƏBİB