Vaxtilə U-21 millisinin şərəfini qoruyan, Berti Foqtsun dönəmində bir neçə dəfə əsas yığmanın toplanışlarına cəlb olunan, 2009/10 mövsümündə ölkə kubokunu başı üzərinə qaldıran, 2007-ci ildə Rusiyadan Azərbaycana gəlib, 2018-ci ildə buranı tərk edən, 2009-cu ildə Rəşad Sadıqovun “Qarabağ”la bağlı təklifini geri çevirən solaxay.
Bəlkə də əksəriyyət söhbətin kimdən getdiyini müəyyənləşdirməkdə çətinlik çəkir. Əminəm ki, tanıyanlar da oldu.
Müsahibim əslən Azərbaycanlı olmasına baxmayaraq, Rusiyada böyüyən, futbolda ilk addımlarını bu ölkədə atan, hazırda Azərbaycan vətəndaşlığını geri qaytarmaq üçün dəridən-qabıqdan çıxan Əziz Quliyevdir.
Əzizlə 40 dəqiqəlik müsahibə o qədər maraqlı alındı ki, sonuncu dəfə nə vaxt bu dərəcədə səmimi şəxslə həmsöhbət olduğumu xatırlamaqda çətinlik çəkirəm, açığı.
(əvvəli ötən yazılarda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/212512.html // https://www.sportinfo.az/idman_xeberleri/musahibe/212596.html)
- Hansı təklif? Rəşad Sadıqov o dövrdə futbol oynayırdı axı.
- Bəli, “Qarabağ”da oynayırdı.
- Və?
- 2009-cu il idi, “Karvan”dan ayrılmışdım və “Bakı” ilə razılığa gəlmişdim. Rəşad Sadıqov mənimlə söhbətdə “Qarabağ”a dəvət etmişdi. O vaxt “Qarabağ” indiki “Qarabağ” deyildi. İddialar, şərtlər, imkanlar tam fərqliydi.
- Və həmin “Bakı” 22 yaşlı oğlana yüzminlər təklif edirdi...
- “Karvan”dakı illik maaşım 80 min dollar idi. “Bakı” isə 200 min verirdi. O vaxt “Qarabağ”ın bu imkanı yox idi. Lap imkanı olsaydı belə, alınmayacaqdı.
- Niyə?
- Çünki mən verdiyim sözün üstündə duran adamam. “Karvan”dan ayrılan ərəfədə “Bakı”nın prezidenti Hafiz Məmmədovla söhbətimiz olmuşdu və onunla razılaşmışdıq. Sadıqov mənə dedi ki, istəyirsənsə, biz “Bakı” ilə danışıb razılaşaq. Dedim, belə olsa, mən onları və özümü pis vəziyyətdə qoyacam. Hiss etdim ki, Rəşad bu söhbətdən sonra məndən bərk incidi.
- “Qarabağ”ın sonrakı uğurlarını görəndə, yəqin ki, seçiminə görə təəssüflənirdin.
- “Qarabağ”a keçsəydim, çoxundan 3-4 qat artıq olardım. Əsas heyətdə möhkəmlənərdim, Azərbaycan millisinin daimi üzvü olardım. Ancaq həyat belədir, gedəni qaytarmaq olmur və buraxdığımız səhvlərin üzərində öyrənirik.
- Yeri gəlmişkən, rəsmi oyunlarda millidə debüt etmək imkanın da olmadı.
- Elədir. Toplanışlara cəlb olunsam da, heç bir oyunda meydana çıxmadım. Sonuncu dəfə Berti Fotqsun vaxtında Dubay toplanışında dizimdən zədələndim və əməliyyat üçün təcili İstanbula yollandım. Halbuki, Foqts zədəmin ciddi olduğuna inanmırdı. O zədəni AZAL-la matçda Usim Nduka ilə toqquşmada almışdım. Bir müddət rahat idim, lakin yığmanın məşqlərində həmin yerdə ağrılar baş qaldırdı və təcili əməliyyata getdim. Bu söhbətdən sonra Foqts bir də dəvət göndərmədi.
- Karyeranın əsas hissəsini “Bakı”da keçirmisən, klubda yaşananların canlı şahidi olmusan. “Bakı”nın nə vaxtsa dağılacağını hiss edirdin?
- Hafiz Məmmədovu şəxsən tanıyan adam kimi deyə bilərəm ki, bunu ağlımın ucundan belə keçirmirdim. Əksinə, “Bakı”nın böyüyəcəyinə, yaxın gələcəkdə brendə çevriləcəyinə ümid edirdim. Xarici klublarla əməkdaşlıq, müasir standartlara cavab verən bazanın tikilməsi, o gözəllikdə akademiya – kimin ağlına gələrdi ki?
- Bəs niyə belə oldu?
- Hafiz müəllim bir anın içində o qədər problemlərlə üzləşdi ki. Və heç kim ona yardım əlini uzatmadı. AFFA rəhbərliyi, hansısa investorlar, iş adamları ona bir az kömək etsəydi, “Bakı” yaşayacaqdı. Ölkə futboluna cavabdehlik daşıyan AFFA-nın o cür vəziyyətdə bazanı qoruya bilməməsi böyük qəbahət idi. Heç nə olmamış kimi o boyda akademiya və baza yerlə yeksan edildi.
- “Bakı”nın ən yaxşı vaxtlarını görənlərdən biri də sənsən. Qazandığın pulların hesabına gələcək üçün nəsə qura bildin?
- Bakıda evim var, Vladiqafqazda iki mənzilim. Atama ev tikdirdim. Təbii ki, hansısa şərait qurdum. Qohumlarım da çoxdur, daim yanlarında olmağa çalışırdım. Naşükürlük etmirəm, Allahın verdiyi hər bir şeyə şükür edirəm.
- Razısan deməli.
- Narazı olduğum bir şey var, o da vaxtında futbol təhsili almamağımdır. Fikirləşirdim ki, hələ bir neçə il oynayacağam. Ancaq 29 yaşımda qocaldığımı və “Neftçi”yə lazım olmadığımı dedilər. Mən ora Sadıq Sadıqovun dövründə gəlmişdim və həmin vaxt “Neftçi” sözün əsl mənasında xalqın komandası statusunu daşıyırdı. Allah Arif Əsədova can sağlığı versin, məni komandaya o, götürmüşdü. Rəhbər və məşqçi dəyişikliyindən sonra məni “Neftçi”dən uzaqlaşdırdılar.
- Kim?
- Keçmiş rəhbər Elnur Məmmədov və yeni gələn baş məşqçi Samir Əliyev. Dedilər, 29 yaşın var, qocalmısan, perspektiv görünmür. Halbuki, 29 yaşımda “Bakı”dakından daha güclü və təcrübəli idim.
- Sonra nə oldu?
- Məni “qoca” damğası ilə uzaqlaşdırıb, 32 yaşındakı “gənc və perspektivli” Xuan Mellini gətirdilər. 29 yaşlı Əziz oldu “qoca”, ispan Melli 32 yaşında dönüb oldu “cavan”. Onlara elə futbolçular sərf edirdi. Əziz, Əli, Məhəmməd yox. Mənim karyeramı bu iki nəfər sona çatdırdı – Elnur Məmmədovla Samir Əliyev. Məmmədovun futbola aidiyyatı yox idi, hansısa biznesmen idi, gəlib düşmüşdü ora.
HƏBİB / SPORTİNFO.AZ