COP29

Məşhur “Qarabağ”lı “Sportinfo”ya MÜSAHİBƏyə razılaşdı, səmimi ETİRAFLAR etdi

13 Yanvar 21:20 Müsahibə 1 159
Məşhur “Qarabağ”lı “Sportinfo”ya MÜSAHİBƏyə razılaşdı, səmimi ETİRAFLAR etdi

“Qarabağ”ın ən stajlı futbolçusu Riçard Almeyda media nümayəndələrinə isti münasibət göstərsə də, nədənsə, hər dəfə müsahibə verməkdən boyun qaçırır.

Bu tip futbolçuların “damarını tutmaq” vacib şərtdir.

“Qarabağ”ın “Kəpəz”lə yoldaşlıq görüşündən sonra əhvalı yerində olan Riçarda yaxınlaşanda, yenə danışmaqdan imtina etdi.

Bir az çək-çevir edəndən və klubun mətbuat katibi Anar Hacıyevin təkidini görəndən sonra 35 yaşlı futbolçu sualları cavablandırmağa razılıq verdi.

- Bu yaşda özünü necə hiss edirsən?

- Yaş, sadəcə, rəqəmdir. Önəmli olan insanın orqanizmi və ruhudur. Bir də ki, insanın öz işini sevməsi mütləqdir. Tanıyanlar bilir ki, futbolla hansısa məqsəd üçün yox, sırf bu oyuna olan sevgimə görə məşğul oluram. “Qarabağ”da oynamaq üçün özümdə hələ də o gücü hiss edirəm. Gələcəkdə necə olacağını zaman göstərəcək.

- İndiki gücün daha 1 il futbol oynamaq üçün kifayət edəcək?

- Mən hazıram. Fiziki formamı və meydanda nə qədər istəkli olduğumu görürsünüz. 1, bəlkə də 2 il oynayacağım Allahın əlindədir. Özümü futbolsuz təsəvvür edə bilmirəm.

- Karyeranın əsas hissəsi “Qarabağ”la bağlıdır. Futbolla başqa klubda vidalaşmağı təsəvvür edə bilirsən?

- 2012-ci ildə “Qarabağ”ın qapıları üzümə açılan gündən ürəyim bu klubla döyünüb. Bunu yaxınlarım və dostlarım yaxşı bilir. Ən böyük arzularımdan biri milli komandada oynamaq idi ki, buna da nail oldum. Bu cür gözəl ölkənin pasportuna sahib olaraq Azərbaycan yığmasının şərəfini qorumağın özü də mənim üçün fəxrdir. Bu yerlərə çatmağımda Qurban Qurbanovun danılmaz əməyi var. O, mənə şans verdi, daim yanımda oldu, hansısa məqamlarda doğru yol göstərdi. Bu gün də məhz bir-birimizə olan hörmətin sayəsində buradayam.

- Suala konkret cavab vermədin.

- Hazırda “Qarabağ”la müqaviləm davam edir və qarşıda 5 ay var. Bütün diqqətimi “Qarabağ”a yönəltmişəm. Ona görə də karyeramı başa vurmaq, yaxud başqa kluba keçmək barədə düşünmürəm. Hər şey Allahın əlindədir.

- Kadi Borges, Olavio Juninyo və digər braziliyalılar “Qarabağ”a gələndə, məhz sən onlara böyük qardaşlıq edirsən, yol göstərirsən, necə davranmalı olduqlarını öyrədirsən. Kadi çox yaxşı qiymətə “Krasnodar”a transfer olunmuşdu, indi də Juninyo yol üstədir. Belə anlarda özünü necə hiss edirsən?

- “Qarabağ”ın transfer siyasətini bilirsiniz. Qurban Qurbanov başqa ölkələrdə az şans qazanan istedadlı futbolçuların izinə düşür. Məhz bura gələndən sonra ağır məşqlərin, mental hazırlığın və oyun sisteminin sayəsində özlərini yaxşı tərəfdən göstərirlər. Eyni sözlər mənə də aiddir. “Qarabağ”a gələnə qədər Portuqaliyada oynayırdım. Bura gələndən sonra çempion oldum, avrokuboklarda çıxış etdim, Çempionlar Liqasının qrup mərhələsinin həyəcanını hiss etdim və nəticədə “Astana”dan çox yaxşı təklif aldım. Deməyim odur ki, onların taleyini mən də yaşamışam. Ona görə də “Qarabağ”da çıxış edəndən sonra kimlərinsə yaxşı təkliflər almasına təəccüblənmirəm.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti