COP29

"Qurban Qurbanovun nəticələrini hansısa əcnəbi əldə etsəydi..." - MÜSAHİBƏ

7 Yanvar 19:40 Müsahibə 703
"Qurban Qurbanovun nəticələrini hansısa əcnəbi əldə etsəydi..." - MÜSAHİBƏ

Mövsümün birinci yarısına öz damğasını vuran klublardan biri də “Şamaxı” oldu.

Bir illik aradan sonra Premyer Liqaya qayıdan bölgə klubu kifayət qədər yaxşı təsir bağışladı.

“Zirə”, “Sabah” kimi iddialı klubları məğlub edən Ayxan Abbasovun kollektivini hətta “Qarabağ” belə çətinliklə məğlub edə bildi.

Təbii ki, qısa müddətdə belə mübariz, döyüşkən komandanın ərsəyə gəlməsində baş məşqçi Ayxan Abbasov amili xüsusi yer tutur.

Qış fasiləsi olmasından istifadə edib, “şirlər”in məskunlaşdığı otelə yollanmaqda məqsədimiz də məhz təcrübəli mütəxəssislə söhbətləşmək idi.

40 dəqiqəyə sığdırdığmız müsahibəyə mövsümün birinci yarısının təhlili ilə başladıq

- Birinci Liqadan yeni qayıdan kollektivdir. Bizi hansı çətinlik gözlədiyini yaxşı bilirdik. Qısa müddətdə seleksiya apardıq. Aşağı liqadan komanda ilə gələn çox sayda gəncə güvəndik. Sınaq oyunlarını ancaq aşağı liqa klublarına qarşı keçirdik. Çünki Premyer Liqa təmsilçilərinə qarşı oynamağa hazır deyildik. Buna rəğmən qışa qədər olan dövrü çox yaxşı keçirdik.

- Nəyin hesabına?

- Uşaqlar istəkli idi. Legionerlərimiz tez adaptasiya ola bildi.

- Amma ikinci dövrə uzun müddət "qara zolaq" yaşandı. Bu nə ilə bağlıydı?

- Desək ki, məğlub olmağı gözləyirdik yaxşı çıxmır. Amma çətinlik olacağını bilirdik. Zədələr və cəzaların olmasından sonra boşluğu doldurmaq zaman aldı. Bəzi oyunlarda hakim səhvləri ilə üz-üzə qaldıq. Həmin arada da pis futbol oynamırdıq. "Sumqayıt", "Zirə", "Turan Tovuz" və "Araz Naxçıvan"la oyunlarda qələbə qazana bilərdik. Məncə, bunun bizə xeyri oldu. Kollektiv olaraq bərkidik. Son oyunlar göstərdi ki, uşaqlar psixoloji baxımdan da artırıb.

- Yayda sıfırdan komanda yığıldı. İkinci dövrə "qara zolaq" yaşandı və ardınca 3 əsas heyət üzvü göndərildi. Amma yenə meydana döyüşkən komanda çıxara bildiniz. Bu qədər problem fonunda bunu necə bacardınız?

- Mənim üçün komandanın gücü məğlub olanda bilinir. Qalib komandanı heç kim araşdırmır. Amma uduzanda çox şeylər üzə çıxır. Hər zaman məğlub olanda psixoloji olaraq kollektivin dağılmamasına çalışmışam. O anda da furbolçuların yanında oldum. Günahı onların üzərinə atmaq ən asan işdir. Tək mən yox, həm rəhbərlik, həm də futbolçular bir olduq və inamımızı itirmədik. Nəticədə toparlana bildik.

- Rəhbərlikdən söz düşmüşkən, deyim ki, idarə heyətinin sədri Elçin Usub bizə müsahibəsində yay fasiləsinin ən uğurlu transferi kimi sizin adınızı çəkmişdi. Bu fikrin arxasında dediyiniz həmin inam dayanır?

- İlk öncə Elçin müəllimə təşəkkür edirəm. Rəhbərliyin özünəməxsus yanaşması var. Bu da məni qane edir. Hər kəs peşəkar çalışır. Hamı öz işi ilə məşğuldur. Baş məşqçiyə lazım olan rahatlıq verilib. İlk növbədə məni bu qane edir. Fikir ayrılığı olanda problem yaranır. Baş məşqçi bir yerə qədərdir. Uğur varsa, deməli rəhbərlik də uğurludur. Yayda hər şey ani alındı. Bəlkə də planları başqa idi. Qismət belə gətirdi. Bu gün də əl-ələ verib çalışırıq.

- Yayda "Turan Tovuz"dan ayrılmağınız gözlənilməz oldu. Sizə qarşı haqsızlıq olduğunu da demək olar. Belə məqamda qısa müddət sonra işləmək üçün psixoloji hazır idiniz?

- Açığı, “Turan Tovuz”dan ayrılmağı gözləmirdim. Növbəti mövsümün planlarını qururduq. Hətta transferlərə hazırlaşırdıq. Gözlənilməz ayrılıqdan sonra bir qədər dincəlməyə ehtiyac olduğunu düşünürdüm. Lakin "Şamaxı"dan təklif gələndən sonra 3-4 dəfə görüşümüz oldu. "Turan"da sıfırdan komanda qurmuşduq. İkinci mövsüm artıq avrokuboklara iddialı idik. Yenidən komanda qurmağın çətinliklərini bilirdim. Hər gün bizim üçün yeni təcrübədir. Yenidən əlimizi daşın altına qoymaq lazım gəldi.

- Ən ağır günündə “Turan”a getdiniz və sıfırdan komanda qurdunuz. Amma hazırına əcnəbi mütəxəssis gətirildi. İndi də "Şamaxı"da müəyyən işləri görürsünüz. Yayda yerinizə əcnəbi gəlsə təəccüblənməyəcəksiz?

- Yox. Onsuz da bir illik anlaşmamız var. Yayda yenidən danışacağıq. Məqsədimiz liqada qalmaqdır. Böyümək üçün ilk öncə hədəfə çatmalıyıq. Gecə-gündüz bunu düşünürük. Düzdü, tərəfdarıyam ki, məşqçi hər il bir komanda dəyişməli deyil. Lakin həyatdır, rəhbərlik yayda razı qalmaya bilər. Belə olan halda da arada bir inciklik olmayacaq. Amma üç illik yola çıxıb, yarıda qalanda çətin olur. Çünki proqram yarıda qalır. Belədə təəssüflənmək olar.

- Maraqlıdır, hansı komandadan ayrılmağınıza hələ də pis olursunuz?

- Sumqayıt hər zaman şəhər olaraq iddialı olub. Orada çox yaxşı komanda qurmuşduq. Legionerlərə icazə yox idi. Yerli uşaqlarla maksimum nəticə vermişdik. Çox təəssüf ki, hər mövsümün sonu futbolçulara təklif gəlirdi. Klub olaraq onları saxlamağa gücümüz çatmırdı. Bəlli bir büdcə ilə hərəkət edirdik. Hər mövsümün sonu 5-6 nəfərlə yollar ayrılırdı. Biz yenidən kimlərəsə güvənməli idik. Aleksey İsayev, Əmir Ağayev, Peyman Babayi, Şəhriyar Əliyev getdi. Ardınca Tellur Mütəllimov, Xəyal Nəcəfov, Murad Xaçayev, Elvin Bədəlov gəldi. Amma bizə həmin il legioner transfer etməyə icazə versəydilər bu yerli uşaqlarla iddialı ola bilərdik. Məncə, şəhər olaraq, azarkeş olaraq Sumqayıtda daha yaxşı ola bilərdik. Amma yenə də qismət. Oradakı uğurlar yaddan çıxmayacaq. İlk dəfə bürünc medal qazandıq. Ölkə kubokunun finalında iki dəfə məğlub olduq. Məncə, "Sumqayıt"ı daha da iddialı etmək olardı.

- İdarəetmədən danışdıq. Bu gün yaxşı maliyyəsi olan milli komandamız və "Neftçi" əcnəbi baş məşqçilərin əlində əsir olub. Təbii ki, idarəetmədə olan şəxslərin günahı böyükdür. Heç nə vaxtsa beyninizdə “nə dəyişərdim bu komandaları” kimi bir fikir olub?

- Harda çalışsan böyük çətinliklər var. İddialı komandalarda böyük təzyiq olur. Yenə gəlirəm o söhbətə ki, klublarda məşqçiyə rahatlıq verilməsə, inanın ki, heç yerdə çalışmaq olmaz. Komandanı baş məşqçiyə etibar etmək lazımdır. Əgər kənar müdaxilə olacaqsa, ən aşağı büdcəsi olan komandada çalışmaq da çətin olacaq. Bu gün Azərbaycanda ən uğurlu komanda "Qarabağ"dı. Rəhbərlik və baş məşqçi öz işini peşəkar görür. Klub 15 ilə yaxındı Avropa arenasında özünü üst səviyyədə saxlaya bilir. Artıq komanda "Sevilya" kimi dünya brendinə futbolçu satır. Biz niyə onlardan nümunə götürmürük?

- Niyə?

- Görünür, öz prinsiplərimiz buna mane olur.

- Qurban Qurbanovu misal çəkdiniz. Bizim digər yerli məşqçilərimiz də əcnəbilərlə müqayisədə uğurlu olub. Böyükağa Hacıyev ilk dəfə "Neftçi"ni Avropa Liqasının qrupuna daşımışdı. Ötən yay Rəşad Sadıqov "Zirə"ni avrokuboklarda pley-offa kimi apara bildi. Daha yaxşı imkanlara sahib "Sabah" əcnəbi məşqçi ilə bir mərhələ adladı. Bütün bunların fonunda yerli mütəxəssislərə istənilən səviyyədə güvənin olmamasının arxasında nə dayanır?

- Bunu demək mənə çətindir. Amma düz qeyd edirsiniz ki, Premyer Liqada ən uğurlu olanlar yerli məşqçilərdir. Bizim çempionatda işləmək çətindir. Bizdə məşqçi gətirəndə böyük təhlil olunmur. Ya adına görə, ya da çalışdığı kluba görə qərar verilir. Çalışdığı yerdə nə problemi olub, hansı futbolu istədiyi maraqlı gəlmir. Biz nə istəyirik? İstədiyimizi o verə biləcəkmi? Hamısı sualdı. Məncə, bu şəkildə təhlil bizdə azdı. Yurgen Klopdan sonra gözləmək olardı ki, "Liverpul"u hansısa məşhur məşqçi çalışdıracaq. Klub rəhbərliyi Arne Slotu gətirdi. Və bu gün klub əvvəlki dönəmdən geri qalmır. Demək ki, idarəçilər düzgün qərar verib. Bizdə əcnəbiyə üstünlük verildiyi aşkar hiss edilir. Qurban Qurbanovun uğurlarını hansısa əcnəbi əldə etsəydi biz bunu daha çox böyüdərdik."Qarabağ"ın Avropada uğurlar qazanması sıradan hadisə deyil. Bunu edən isə yerli baş məşqçidir. Bu gün Türkiyənin nəhəng klubları 14 il stabil qala bilmir. "Qarabağ" 14 ildi böyük turnirlərdə stabil qalmağı bacarır. Çempionatımızı rəngarəng edən həm də yerli məşqçilərdir. Diqqət etsəniz hər birinin fərqli fəlsəfəsi olduğunu görə bilərik. Oxşarlıq çox azdı.

- Nümunəni yaratmaq daha çətindir, nəinki nümunəyə baxıb oxşarını etmək. Çətin olanı "Qarabağ" edib. Qalır bunu təkrarlamaq. Klub başbilənlərimiz nümunəyə baxıb oxşarını yarada bilməyəcək qədərmi bacarıqsızdılar?

- Ola bilər. Ya da futbola baxış bucaqları belədir. Eyni futbola ikimiz də baxa bilərik, amma eyni fikirdə olmayacağıq. Biz "Zirə" nümunəsinə baxa bilərik. Rəşad Sadıqov 4 mövsümdü klubdadı. Bəzən nəticə olmasa belə məşqçi klubda qalıb və ona güvəniblər. Bu, rəhbərlik və məşqçi arasında olan inamdı. Sonda istəklərinə çatıblar. “Zirə” iki dəfə avrokuboklara çıxıb. Bu mövsüm pley-offa kimi yüksələ bildi. İki dəfə ölkə kubokunda final oynayıb. Müqayisədə digər büdcəsi daha çox olan klublar bu müddətdə neçə dəfə məşqçi dəyişib, amma ortada nailiyyət yoxdur. Bu da idarəetmədir. Samir Abasov "Neftçi"ni çempion edəndən sonra heyət güclənmədi. Halbuki bir neçə əcnəbi baş məşqçi gətirilsə də "Qarabağ"la rəqabət apara bilmədilər. Amma Samir Abasov ilk ilində çempion oldu. Ona təkan vermək lazım idi. Təəssüf ki, ikinci mövsümünün sonunda istefaya göndərildi. Qalsaydı arxada qalan 2 mövsümdə daha möhkəm "Neftçi" qura bilərdi. Rəhbərliyin düzgün qərar verməsi futbolda çox önəmlidir.

- Legioner limitinin ləğvi Azərbaycan futbolunu hansı inkişafa aparacaq?

- Bizim inkişaf etməyimiz üçün səbəblər axtarası olsaq, legioner limiti məsələsinə hələ çox var. Problemlərimiz çoxdur. İnkişaf etmək istəyiriksə stadionlarımız tikilməlidir. İşıqlandırma, qazon problemi olmamalıdır. Klublarımızın təlim-məşq bazası olmalıdır. Akademiyalar tikilməli, uşaqlar yarışlara getməlidir. Savadlı məşqçilər yetişdirməliyik. Təcrübə keçmək üçün əcnəbi klublara getmələri vacibdir. Komanda sayı artmalıdır. Hə, onda limitə baxmaq olar. Bizdə yetəri qədər yerli futbolçu yoxdur. Bu gün Premyer Liqa klublarının 90%-i əsas komandadır. Akademiyalara lisenziya almaq üçün baxılır. Son zamanlar "Sabah" və "Qarabağ"da nisbətən akademiyaya baxış bucağı yaxşı mənada dəyişib. Turnirlərə gedirlər, yenilik axtarırlar. Digər komandalarda çox çətindir. Yanaşma dəyişməlidir. Lisenziya almaq üçün yox, futbolçu yetişdirmək üçün akademiyaları saxlamaq lazımdır. Hər kəs bunu bilir. Hamı danışır, amma əməl edən yoxdur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti