Futbolda oyun nəticələrinin manipulyasiyası şübhəsi ilə “Şamaxı”dan kənarlaşdırılan Adil Nağıyevlə bağlı yekun qərar qəbul edilməyib.
AFFA-nın müvafiq departamenti məsələ ilə bağlı araşdırma apardığı halda, səbəbkar gözləmə mövqeyindədir.
Halbuki, son söz deyilməyib deyə, Adil ölkə xaricinə üz tutub legioner həyatı yaşaya bilər. Lakin bu yöndə də yenilik yoxdur.
Nağıyev Sportinfo.az-a verdiyi müsahibədə mövzu ilə bağlı sualları cavablandırıb.
- Nə işlə məşğulsan?
- Bakıdayam, evdə oturmuşam.
- Təzə nə xəbər var?
- Heç nə, sakitlikdir. Oturub gözləyirəm.
- Qərar qəbul edilməyib. Karyeranı davam etdirmək haqda düşünmürsən?
- Heç bir klub mənimlə əlaqə saxlamayıb. İndiki durumda heç gözləmirəm də.
- Özün AFFA, yaxud “Şamaxı” rəsmilərindən maraqlanmırsan ki, qərar nə vaxt veriləcək? Məsələ nə vaxt həll olunacaq?
- Açığı, bu söhbətlərdən sonra futbol oynayacağıma inanmıram. Elə etdilər ki... Adam özü futboldan iyrənir. Biabırçılıqdır. Ona görə də başını buraxmışam.
- Günahsız olduğunun sübuta yetiriləcəyinə ümid edirsən?
- Əlbəttə. Nə qədər araşdırırlar araşdırsınlar, mən alqı-satqı etməmişəm. AFFA-da olanda sözümü dedim. Qərar versinlər, görək nə olacaq. Bəlkə qərar xeyrimə veriləcək.
- Buna inanırsan?
- Ola bilər, niyə olmasın ki?! Oyun alqı-satqısında iştirak etməmişəm.
- Oyunlara pul qoyuluşu da etməmisən? Bunun özü də qadağandır.
- Bilirəm. Yenə də üzərimə düşən gözləməkdir. AFFA-ya çağırmışdılar, suallar ünvanladılar, cavablarını verdim. İndi də oturub gözləyirəm.
- Məsələ ilə bağlı yalnız AFFA-da olmusan?
- Bəli. Dindirilmə üçün çağırmışdılar.
- İndiyə qədər hansısa oyuna pul qoyuluşu etmisən?
- Xeyr, xeyr.
- Bəs, bu şübhə haradandır?
- Sizə söz deyim. “Səbail”in ən pis vaxtında orada oynamışam. Pul yox idi, komanda sonuncu pillələrdə yer alırdı. Bunu edən adam olsaydım, pulsuzluq vaxtında “Səbail”də edərdim də.
- Qərar nə vaxt veriləcək? Bu barədə nəsə deyiblər sənə?
- Dedilər, ən qısa zamanda bilinəcək. Bu işlə vəkilim məşğul olur. İcazə vermişəm, danışıqlarda məni vəkilim təmsil edir.
- “Şamaxı”dan alacağın var?
- Əlbəttə, var. Dekabrda hamı maaş aldı, mənə vermədilər. Təzminat məsələsi qalır. Bunlar sonranın işidir. Görək, hansı qərar veriləcək, ondan sonra baxarıq.
HƏBİB