Vaxtilə ölkəmizdə “Keşlə” və “Turan Tovuz”un şərəfini qorumuş Natan Oduva Sportinfo.az-a müsahibə verib.
İngiltərəli hücumçu hazırkı durumu, Azərbaycanla bağlı xatirələri, yenidən bura qayıtmasının mümkünlüyü ilə bağlı sualları cavablandırıb.
- Necəsən? İşlərin necə gedir?
- Londondayam, evdə oturub istirahət edirəm.
- İstirahətin uzun çəkir sanki. Maydan bu yana klubsuzsan.
- Gözləyirəm, yəqin ki, yenilik olacaq.
- Niyə bu qədər çox çəkdi?
- Sonuncu klubum Koreyanın “Chungbuk Cheongju” klubu ilə müqaviləni vaxtından əvvəl dayandırmalı olduq. Onların istədiyi taran tipli “9 nömrə” idi. Mən isə həmin tələblərə cavab vermirdim. Üstəlik, iki dəfə zədə almağım da müəyyən mənada rol oynadı. Oturub danışdıq və davam etməməyi qərara aldıq.
- Koreyadan ayrılandan sonra tıəkliflər olmadı?
- Asiya ölkələrindən təkliflər var idi. Ancaq danışıqlarımız müsbət səmərə vermədi. Koreya çox xoşuma gəlirdi, orada başqa klubla anlaşmaq maraqlı olardı. Ancaq bu ölkədən təklif almadım.
- Azərbaycan klublarından maraq var?
- Əvvəl var idi, açığı. Koreyaya yollanmamışdan əvvəl Azərbaycan klubundan təklif almışdım. Sadəcə, hədəflərimiz üst-üstə düşmədi. Məqsədim iddialı və avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan klubla anlaşmaq idi. Bilirəm ki, hücum futbolu oynayan komandaya daha çox fayda vermək bacarığındayam. Elitada qalmaq üçün çalışan komandada oynamaqdansa, Koreyaya getməyi üstün tutmuşdum.
- Yeri gəlmişkən, “Turan Tovuz”dan ayrılandan sonra da 6-7 ay klubsuz qalmışdım. 2022-də “Keşlə”ylə anlaşanda, 1 il futbolsuz idin. Karyeranda tez-tez yaşanan fasilələr nə ilə bağlıdır?
- Bu, sırf işlərin gedişatına bağlı olan taledir. Bəzən hadisələrin müsbət yöndə cərəyan edəcəyinə ümid etdiyin halda, əksi baş verir. Belə olduğu halda, risk edib gözləməyi üstün tuturam. Çünki gözüyumulu qərar verməyin tərəfdarı deyiləm. Belə deyim, özümü xoşbəxt hiss etməyəcəyim yerə getməkdənsə, evdə oturub gözləmək daha faydalı olur. Bir də ki, mən futbolu sırf pul qazanmağa görə oynamıram. Oyundan, meydandan, nəticələrdən zövq almalıyam. Sırf pulu düşünsəm, inanın, bir gün də işsiz qalmaram.
- Belə çıxır ki, pulu az olan, lakin oyun üslubunu bəyəndiyin, özünü xoşbəxt hiss edə biləcəyin klubdan təklif gəlsə, razılaşarsan.
- Klubun qarşısında hədəf olmalıdır, futbolçulara şərait yaradılmalıdır. Önəmli olan budur.
- Azərbaycan klublarından maraq olsa?
- Orada xoş günlərim keçib. Dediyim kimi, söhbət şəraiti yaxşı olan və avrokuboklar uğrunda mübarizə aparan klubdan gedirsə, niyə də yox?! Mən hücum futbolu oynayan komandanın adamıyam. Müdafiəyə qapanıb, 90 dəqiqə əks-hücum şansı gözləyən komandada özümü rahat hiss etmirəm.
- “Turan Tovuz”un nəticələrini izləyirsən?
- Əlbəttə. Bu günə qədər orada dostlarım oynayır. Təkcə “Turan”ın yox, ümumi Premyer Liqanın nəticələrini diqqətdə saxlayıram. “Turan” əla mövsüm keçirir, avrokuboklara iddia edir və inanıram ki, buna nail olacaq. Fürsətdən istifadə edib, klubdakı və komandadakı hər kəsə uğur arzulayıram.
- İlyarım yaşadığın Azərbaycan yadında necə qalıb?
- Bu barədə çox şeylər danışmaq olar. Çünki inanılmaz dərəcədə müsbət təəssüratlarım var. Qonaqpərvər, kömək etməyi sevən, gülərüz insanlarımız var. Bir dəfə də olsun problem yaşamadım, hansısa çətinliklə üzləşmədim. Xoşuma gələn cəhətlərdən biri Azərbaycandakı qiymətlərin digər ölkələrlə müqayisədə ucuz olmasıdır. Şəxsən Azərbaycanda yaşamaqdan zövq alırdım. Və bəzən düşünürdüm ki, daha bir neçə il Azərbaycanda oynayıb, karyeramı burada başa vuraram.
- Bəs, bəyənmədiyin cəhətlər nə idi?
- Bəyənmədiyim ölkə yox, futbolla bağlıdır. Deyim?
- Buyur.
- Azərbaycanda iddialı klublar kiçik klublardan futbolçu cəlb etməyi özünə sığışdırmır. Sanki bunu ayıb bilirlər. Mən orada oynayanda, kasıb klublarda istedadlı futbolçuları görürdüm. Ancaq nədənsə onlar böyük klubların diqqətini çəkmir. Bu, çox böyük problemdir. Böyük futbol ölkələrində görürsünüz necədir? Adlı-sanlı klublar belə, aşağı liqalardan futbolçu cəlb edirlər. Yaxud çempionatın başa çatmasını gözləyirlər ki, autsayderin heyətindəki hansısa oyunçu ilə müqavilə bağlasınlar. Bu, hər yerdə belədir, nədənsə, Azərbaycanda fərqli yanaşırlar.
HƏBİB