Premyer Liqanın 18-ci turunun "Şamaxı" - "Sabah" matçını (3:1) izləyənlər arasında meydan sahiblərinin yeni transferi Cəlal Hüseynov da vardı.
Müqavilə ilə Bolqarıstan təmsilçisi "Arda"ya məxsus olan gənc müdafiəçi müsahibə istəyimizə "yox" demədi.
- Ən azı statistika sənin üçün uğurlu legioner həyatı keçdiyini təsdiqləyir. Gözləyirdik ki, bunun fonunda daha üst çempionatlara ayaq açarsan, amma vətənə qayıtdın.
- 6 aylıq icarə müqaviləsi ilə bura qayıtmışam. Fikrimdə yayda yenidən məxsus olduğum "Arda"ya qayıtmaqdır. Bir sözlə, prioritetim legioner həyatı yaşamaqdır.
- Ümumiyyətlə, legioner həyatı yaşadığın müddətdə başqa ölkələrdən təklif aldınmı?
- Real təklif almadım, ancaq hansısa maraqlar vardı.
- Bu gün vətənə qayıdışını "Arda"da son yaşadıqlarından dolayı atılan addım saymaq olar?
- Bəli.
- Seçimin "Şamaxı"nın xeyrinə olmasına səbəb nədir?
- Başqa təkliflər vardı. Ən yaxşı olanı seçdik. Harada daha çox inkişaf edə bilərəm, daha çox oynaya bilərəm sualları ətrafında çox düşündük və yekun qərar belə oldu. Digər tərəfədən "Şamaxı" mənə doğma klub olduğuna görə buradayam. Həm də baş məşqçi Ayxan Abbasovu hər zaman bəyənmişəm. İlk dəfə bir yerdə işləyəcəyik. Məncə, uğurlu tandem olacaq.
- Bu gün köhnə/yeni komandanı tribunadan izlədin və ayağın düşərli oldu. Səncə, meydanda da uğur gətirə biləcəksən?
- Gözəl qeyd etdiniz (gülür). Bəlkə də elə oldu. Təbii ki, bunu yaşayıb görəcəyik. Hər şeyin yaxşı olacağına inanıram.
- Premyer Liqa ilə bağlı düşüncələrin necədir? Nəsə dəyişib, yoxsa qoyub getdiyin kimidir?
- Açığı, bunu oyunlarda iştirak etdikdən sonra daha yaxşı dəyərləndirə bilərəm. Amma bugünkü oyuna baxası olsaq, çox dinamik oyun getdi. Sürətli, bol qollu matç oldu.
XANOĞLAN İMANOV