"Kəpəz"in qapıçısı Məmməd Hüseynov Sportinfo.az-a müsahibə verib
- Premyer Liqanın 18-ci turunda "Sumqayıt"la matç qolsuz bərabərliklə bitdı. Oyun necə keçdi?
- İstər hücumda, istərsə də müdafiədə yaxşı oynadığımızı düşünürəm. Ən yaxşı oyunlarımızdan biri olduğunu deyərdim.
- Bəs qələbə qazanmağa nə mane oldu?
- Sadəcə qol çatmadı. Qış fasiləsində bu problemi həll edib, komandaya xal və xallar qazandıra bilərik.
- Yaxşı oynadığınızı düşündüyün halda 2 xal itirdiyinizi demək olar?
- Bugünkü gün hər xal bizim üçün önəmlidir. Bu barədə oyunu təkrar analiz etdikdən sonra dəqiq nəsə demək olar. Amma qələbəyə layiq olduğumuzu deyə bilərəm.
- Əsas qapıçı Rojerionun yoxluğunda qapıda səni gördük. Çıxışından razı qaldın?
- Düşünmürəm ki, pis alındı. Ən azından qol buraxmadıq. Amma oyununun analizindən sonra daha dəqiq nəsə demək olar.
- Rojerio ilə rəqabətdən qalib ayrılmağın üçün nə çatmır?
- Bu futboldur və burada hər baş məşqçinin öz qərarları var. Əgər Rojerio oynayırsa, deməli, baş məşqçinin bildiyi nəsə var. Mən də daha yaxşı idman forması yığmaq üçün öz üzərimdə çalışıram. İnşallah, zamanla məni də əsas qapıçı kimi düşünərlər.
- Arxada qalan dönəmi "Kəpəz" üçün necə qiymətləndirirsən?
- Hər halda 9-cu pillədəyiksə, deməli, o qədər uğurlu deyilik. Ancaq bütün kollektiv daha yaxşı olmağa çalışır. İnşallah, qış fasiləsindən sonrakı dönəm bizim üçün daha yaxşı keçər.
XANOĞLAN İMANOV