Toral Bayramov Sportinfo.az-a müsahibə verib.
2024-cü ilin ən yaxşı futbolçusu adına real namizəd olan “Qarabağ”lı müdafiəçi bu mövzuda sualları cavablandırıb.
- “Qarabağ” üçün başa çatmaqda olan ili necə dəyərləndirirsən?
- Fikrimcə, bizim üçün ağır il oldu. Çox sıx qrafikdə oynamağımıza baxmayaraq, ili xoş notda başa vurmaq üçün əlimizdən gələni edirdik. Cari Avropa Liqasında nəticə baxımından yaxşı təsir bağışlamasaq da, ötən ilki nəticələri uğurlu hesab edirəm. Çempion olduq, kuboku qazandıq, qrup mərhələsində iştirak edirik. 2025-ci ildə davamını gətirməyə çalışacağıq.
- 2024 sənin üçün necə keçdi?
- Öz oyunuma qiymət verməyi xoşlamıram. Bu suala kənardan baxanlar daha yaxşı cavab verə bilər.
- Razı qalmamağın üçün əsas var?
- Nə qədər yaxşı oynasam da, heç vaxt özümdən razı qalmıram. Bilirəm ki, indiki yaxşıdan daha yaxşı ola bilərəm. Üzərində işləməli olduğum çox şeylər var.
- İl ərzində neçə oyuna çıxdığını bilirsən?
- Bilirəm.
- Neçə?
- “Araz-Naxçıvan”la matç 62-ci oldu.
- Neçə qol vurmusan?
- Səhv etmirəmsə, 8 qol “Qarabağ”dadır, 2 qol də millidə.
- Bu, cari mövsümün göstəricisidir. Ümumi ili soruşuram.
- Onu bilmirəm, açığı.
- 20 qol.
- (gülür)
- Və 10 assist.
- Sayı dəqiq bilmirdim.
- Əsasən müdafiədə, bəzən yarımmüdafiədə oynayan biri üçün il ərzində 20 qol, 10 məhsuldar ötürmə əla göstəricidir?
- Nə bilim, vallah. Yəqin ki, yaxşı saymaq olar.
HƏBİB