"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Premyer Liqanın 18-ci turunun "Kəpəz"lə bərabərə bitən (0:0) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- Belə çətin oyun keçəcəyini gözləyirdiz?
- Ağır oyun olacağını əvvəldən bilirdik. Həm süni meydan, həm də səfərdə oyun keçirmək asan deyildi. Bir də qış fasiləsi öncəsi son matç olmasını nəzərə almaq lazımdır. Futbolçular çemodan əhval-ruhiyyəsində idi.
- Bəs yekun nəticə sizi qane etdi?
- Əlbəttə, bütün bunlara rəğmən qələbə dalınca gəlmişdik, amma alınmadı. Lakin təslim olmamalı, yolumuza davam etməliyik.
- Mövsümün birinci yarısını necə qiymətləndirirsiniz?
- Burada gizlədiləsi nəsə yoxdur. Komanda mövsümə çox pis başladı. İkinci dövrədə nisbətən özümüzə gəldik. Amma bundan da yaxşı oynamalıyıq. Sona kimi mübarizə aparacağıq.
- Komanda Konfrans Liqasında iştirak edəcəyi üçün hazırlığa erkən başlamışdı. Digər rəqiblərlə müqayisədə bunu üstünlük saysaq, məntiqlə uğurlu start gözləmək olardı. Nə mane oldu?
- Təəssüflər olsun ki, aparıcı futbolçularımızı yayda itirdik. Məncə, əsas səbəb bu idi. Daha yaxşı futbol oynaya biləcəyimizi düşünürəm. İnanıram ki, yeni ildə daha yaxşı olacağıq.
- Yeni ildə daha yaxşı olacaq fikrini yeni transferlərin mesajı kimi qəbul etmək olar?
- Bəli, güclənəcəyik. Yeni transferlər olacaq.
- Danışıqların getdiyi kimlərsə var?
- Bəli, hazırda danışıqlar gedir.
- Yerli, yoxsa əcnəbi?
- Əcnəbi oyunçular olacaq.
- Vaqif Cavadovun üzərindən müvəqqəti baş məşqçi statusu nə vaxt götürüləcək?
- Bu barədə yaxın zamanlarda rəsmi məlumat olacaq.
XANOĞLAN İMANOV