"Mingəçevir" komandası barədə son həftələr mətbuatda xoş olmayan xəbərlər gedir.
Xüsusilə Birinci Liqa təmsilçisinin baş məşqçisi Ədahim Niftəliyev haqqında şok iddialar səslənir.
Həm klub, həm də çalışdırıcı barəsində yazılan informasiyalara aydınlıq gətirmək üçün bölgə klubunun baş məşqçisi ilə danışdıq.
- Ədahim müəllim, klubda nə baş verir? Sizinlə bağlı bu qədər narazılıq nədən yaranıb?
- Lap əvvələ gedəcəm. Mövsümə AFFA-dan ayrılan pulla başladıq. Əlavə maliyyəmiz olmadı. Federasiya da pulu mövsümün gedişində klubların hesabına köçürür. Ona görə də ondan-bundan borc alıb, komanda qurduq. Sıxıntımız çox olduğu üçün futbolçuların maaşını ödəməkdə çətinlik yarandı. Məsləhət oldu ki, oynamayan oyunçularla yolları ayıraq. Oyunlara çıxmayan, amma maaş alan 3-4 nəfərlə sağollaşdıq. Onda bildim ki, şəhərdəki qara qüvvələr öncədən plan qurublarmış.
- Niyə bu qənaətə gəldiniz?
- Səbəbin demədən azarkeşlər arasında öncədən xəbər salıblar ki, Ədahim müəllim filan oyunçuları komandadan uzaqlaşdıracaq. Plan məni buradan göndərmək olub. Həmin uşaqları komandadan kənarlaşdıran kimi hamı üstümə töküldü. Bəs sən düzgün eləmirsən. Başa saldım ki, onları mən çıxarmıram. Pul olmadığı üçün klubun qərarı belə olub. Çempionat hələ başlamayıb, amma mənə dedilər ki, sənə 3 oyun vaxt veririk. Dedim siz kimsiniz ki, mənə vaxt verirsiniz? İlk oyunda qələbə qazandıq. Başladılar ki, bəs çıxarılan oyunçuların yerinə legioner gətirmişəm. Hətta həmin əcnəbilərə görə 10 min manat aldığım iddia olundu. Bir nəfər düşünmədi ki, heyətdə cəmi 14-15 oyunçu var. Bəs legionerlər hardadı? Ədəhim gətirib evində saxlayır? Olmayan şeylərdi. Hər oyundan öncə protokol yazılır. Bəs orada həmin əcnəbilərin adları niyə yoxdur? Biz əksər vaxt oyunlara maksimum 12-13 nəfərlə gedirik.
- Niyə?
- Səbəb pulun yoxluğudur. Bizə deyildi ki, müvəqqəti səbr edək. 2-3 tur sonra sponsor gəlməliydi. O da alınmadı.
- Bundan sonra necə olacaq?
- Hələ ki, dözürük. Ümid var ki, qış fasiləsində yeni sponsor gəlsin. Sponsor olmadığı üçün çox sıxıntı çəkirik. Bizə yiyəsiz komanda kimi baxırlar. Ev oyunlarımızda belə hakimlərin bizə eləmədiyi şey qalmayıb. Yalnız "Difai" ilə matçda normal hakim görmüşəm. Əla oyun idarə etdi. Kimdənsə kömək etməyi istəmirəm. Düzgün idarəçilik tələb edirəm. Mingəçevirdə oynayanda sanki öz evimizdə yox, başqa ölkədə meydana çıxırıq. Şəhərin komandasını sevən az sayda azarkeşi də hakimlər bu yolla irgəndiriblər.
Digər gələnlər qara qüvvələrdi. İşləri istefa qışqırtmaq, "bu nə oyundu oynayırsız?" reprikasını atmaqdı. Mən Mingəçevirə kömək etmək üçün gəlmişəm. Elə gücünüz varsa, gedin başqa baş məşqçi gətirin. Buranı sevən, suyunu içən, çörəyini yeyən biri kimi pulsuz işləməyə razıyam. Təki biabırçılıq olmasın. Ötən mövsüm dedilər ki, elə elə komanda sonuncu yeri tutmasın. Bu şəraitlə sonda 7-ci yeri tutduq. Arxada qalan müddətdə cəmi 1 oyunda əsas heyəti qura bilmişəm. Onda da udmuşuq. Bütün oyunlara 12-13 nəfərlə gedirik. Biri cəzalı duruma düşür, biri zədə alır, birinin başqa problemi çıxır.
- Molla yanına getdiyiniz, cadu-piti etdiyiniz deyilir. Bəs bunlar kömək etmir?
- Biabırçılıqdır. Mənim futbolçularımdan soruşun görün belə hal olubmu? Qardaş, mən köməyi Allahdan istəyirəm. Mollada nə işim var? Stadiona bu qədər azarkeş gəlir, kameralar var. Kimsə nəsə etdiyimi görübmü? Mümkün olan bir şey deyil. Yəqin ki, bu xəbəri mətbuata çatdıran adamlar bu işləri görür və bizim də etdiyimizi düşünür. Mən namaz qılıramsa, mollada nə işim var? İşimi molla ilə həll edəsi olsaydım, elə həll edib, milli komandada işləyiədim də. Heç Santuşa zada ehtiyac olmazdı. Gülməli şeylərdi. Mən molla ilə necə iş görürəm ki, hər oyun bir futbolçum zədə alır, başı partlayır. Komanda sonuncu pillədə gedir. Molla ilə iş görsəydim, elə edərdim ki, gedib Premyer Liqada çalışardım da. Burda nə işim var? Səviyyəsiz söhbətlərdir. Şər-böhtandı. Hamısı qurma oyunlardır. Olmayan şeylər yazılır. Mən burda olanları desəm, deyərsiz ki, orada necə işləyirsiniz? Amma mən kişiyəm. Hər şeyi demək olmaz. Bir yerli kimi istəmirəm ki, komanda pis vəziyyətdə qalsın. Amma qara qüvvələr mane olmağa çalışır. Normal adamlar da deyil. Baxırsan ki, gədə-güdədir. Belə mərddilərsə, qarşımı kəsib desinlər ki, səni istəmirik. Mən də cavablarını verərdim. Mətbuata xəbər ötürməklə xal qazanmaq olmaz. Məni hamı tanıyır.
- Sizə qarşı niyə plan qurulsun? Gedişiniz "Mingəçevir"ə nə qazandıracaq?
- Bir ildə 5 məşqçi dəyişilib. Deməli, problem baş məşqçidə deyil. Elə həmin insanların özündədir. Mən futbolçu kimi burada oynayanda azarkeşlər arxamızda olurdu. Kişi kimi azarkeşlik edirdilər. İndi bəzi qüvvələr başqa şeylərə görə gəlir.
- Məsələn, nəyə görə? Bəlkə öz namizədləri var?
- Bu şəraitdə Bakıdan bura heç bir məşqçi gəlməz. Hər halda, pulsuz işləməyə kim razı olar? Yeganə adamam ki, mingəçevirli kimi klubdan pul tələbim olmayıb. Nə qədər gücüm çatırsa, kömək edəcəm. Tərlan Əhmədovun məşqçilər korpusunda olmuşam. Sadəcə rəhbərliyə dedim ki, Premyer Liqada təklif olsa mən gedəcəm. Doğma şəhərimdi deyə kömək etməyə razılaşdım.
- Bu gün maaş almadan kluba xidmət edirsiniz?
- Yox, alıram. Çox cüzi bir məbləğdir. Yəni gələndə maaş söhbəti etməmişəm. Dedim ki, bura pula gəlmirəm. Verməsəniz də, problem yoxdur. Elə nə yazıblar, ona da qane olmuşam. Yazılan da böyük rəqəm deyil.
- Sizi "Mingəçevir" komandasına baş məşqçi kimi AFFA təyin edib?
- Xeyr.
- Bəs azarkeşlərə, futbolçulara niyə demisiniz ki, məni bura AFFA təyin edib, ancaq onlar çıxara bilər?
- Yalandı.Məni kluba AFFA gətirməyib. "Mingəçevir"in prezidenti Nurlan müəllim bura dəvət edib. Əgər desə ki səndən narazıyıq, bu dəqiqə əşyalarımı götürüb gedərəm. Kimdənsə qorxacağım yoxdur. Nurlan müəllimlə yaxşı münasibətlərimiz var. Hər məşqimizdə iştirak edir. Yazılan xəbərlərdən də məlumatı var. Yanımda olduğunu bildirib.
- Ayaz adlı şəxs kimdir? Aranızda niyə qalmaqal yaşanıb?
- Onunla mənim problemim olmayıb. Uşaqlıq dostumdur. Eyni məktəbdə oxumuşam. Arada dost-qardaş kimi görüşürük.
- Amma kubda əsas söz sahiblərindən biri olduğu bildirilir axı.
- Mənim klub rəhbəri kimi tanıdığım Nurlan müəllimdir. Komanda ilə bağlı bütün məsələlərdə onunla əlaqə saxlayıram. Ayaz müəllimlə sadəcə yaxşı münasibətlərimiz var. Deyilənlər düz olsaydı, üz-üzə gələndə nəsə deyərdi. Nurlan müəllim də bildirib ki, heç nəyə fikir vermə. Biz səndən razıyıq və işinə davam et.
XANOĞLAN İMANOV / SPORTİNFO.AZ