“Qarabağ”ın xorvatiyalı qapıçısı Fabiyan Buntiç Sportinfo.az-a müsahibə verib.
“Neftçi”ylə oyunda əsas heyətdə yer alan 27 yaşlı kiper komandasının əzəli rəqibi üzərində qazandığı böyük hesablı qələbə ilə bağlı sualları cavablandırıb.
- “Neftçi”ni udandan sonrakı əhval-ruhiyyə fərqli olur deyəsən.
- İstənilən ölkədə derbini qazanmaq adama ruh yüksəkliyi verir. Bu cür atmosferdə oynamaq biz futbolçular üçün də yaxşıdır. Azarkeşlər həqiqətən əla ab-hava yaratmışdılar. Hər birinə təşəkkür edirəm. Növbəti qələbəmizi qazanaraq yolumuza davam edirik.
- Həqiqətənmi bu oyunun çəkisi digər matçlarla müqayisədə ağırdır?
- Təkcə bir amilə - tribunalardakı ab-havaya diqqət yetirmək bəs edər. Açığı, stadiondan da xoşum gəldi. Kompakt arenadır, azarkeşlərə daha yaxın oluruq, tribunanı hiss edirik. Oyunda necə mübarizə getdiyini də yəqin ki, gördünüz. Bu cür duellər digərlərindən fərqlənir.
- “Neftçi”ni “Qarabağ”la derbi üçün layiqli rəqib adlandırmaq olar? Yəni qarşı tərəf sizi həyəcanlandırmağı bacarırdı?
- İlk hissənin əvvəlində və oyunun sonlarına yaxın bir neçə şansları oldu. 90 dəqiqə boyunca pressinq etdilər, mübarizə apardılar. Ümumi götürsək, hər iki komanda əzəli rəqabət adına futbol nümayiş etdirməyi bacardı. Bu, hər həftəsonu oynadığımız matçlardan deyildi, fərqli məqamlar var idi.
HƏBİB