Sportinfo.az xəbər verir ki, “Lion”un (Fransa) gürcüstanlı hücumçusu Georges Mikautadze Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Bakıda “Qarabağ”ı 4:1 hesabı ilə məğlub etdikləri oyun haqda azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.
- “Qarabağ” üzərində qazanılan qələbəni necə şərh edərdiniz?
- İlk hissədə oyunumuz bir qədər çətin keçdi. Lakin fasilədə baş məşqçimiz taktikanı dəyişdi. Belədə işimiz daha asan oldu. Bu səbəbdən də ardıcıl qollar vurduq.
- Bu cür hesabla qələbə qazanacağınızı gözləyirdiniz?
- Bakıya qələbə üçün gəlmişdik. Düzdür, bu hesabla qalib gələcəyimizi gözləmirdik. Lakin qələbə bizə çox lazım idi. Hədəfimiz 3 xal idi və buna da nail olduq.
- “Qarabağ”ın potensialını necə dəyərləndirərdiniz?
- “Qarabağ” çox yaxşı komandadır. Onlara uğurlar arzulayıram. Bu matçda da fərqlənmək üçün xeyli şansları oldu. Yaxşı ki, qol imkanlarını dəyərləndirə bilmədilər. Biz isə ardıcıl qollar vura bildik. “Qarabağ”ı komanda kimi bəyəndim.
- Qonşu Azərbaycandan hansı hisslərlə ayrılırsınız?
- Şəhər gəzintisi zamanı Bakını çox bəyəndim. Ola bilər ki, gələcəkdə istirahət üçün bura qayıdım.