Azərbaycan millisi tarixində ilk dəfə Qəbələ şəhər stadionunda rəsmi oyuna çıxdı.
Millətlər Liqasının 5-ci turunun Estoniya ilə matçına təsadüf edən matç qolsuz bərabərliklə bitdi.
Qarşılaşmanı izləyənlər arasında "Qəbələ"nin kapitanı Asif Məmmədov da vardı.
Matçdan sonra onunla üz-üzə gəlincə millinin bu günü, gələcəyi barədə söhbətləşmək yerinə düşdü.
- Görüş barədə təəssüratların necədir?
- Evdə oynayırdıq. Rəqib münasib idi. Hər tərəfli bizdən zəif idi. Udmalıydıq.
- Bəs niyə uda bilmədik?
- Uşaqlarda istəksizlik görünürdü. Düzdü, itkilərimiz vardı. Amma rəqib heç üstümüzə gəlmirdi, qorxurdular. Belə komandanı hətta böyük hesabla udmaq lazım idi.
- Futbolçular daha çox günahkardır, yoxsa baş məşqçi?
- Ehtiyat skamiyaya baxanda görürsən ki, vəziyyət acınacaqlıdır. Bu da bizim üçün bir siqnaldır. Arxadan gələn uşaqlara diqqət ayırmalıyıq. Bir müddətdir məşqçilik kurslarına qatılıram. Ona görə U-14 komandamızın məşqçisi kimi uşaq futboluna daha yaxınam. Vəziyyət çox acınacaqlıdır. Pis çıxmasın, bu millinin başını buraxaq, dönüb arxaya baxaq. Bu gün ehtiyatda ikinci hücumçu yox idi. Belədə sən heç nə edə bilməzsən. Musa Qurbanlı əməliyyatdan yeni qayıdıb. O da məcburiyyətdən sona qədər meydanda qaldı. Bu mənzərə Azərbaycan futbolu üçün biabırçılıqdır. Növbəti mövsüm limit daha da sərtləşəcək. Ondan sonra necə olacağını Allah bilir.
- Demək istəyirsən ki, bu millinin müzakirə edilməsi belə vaxt itkisidir?
- Bəli. İtirdiyimizi itirdik. Bundan sonra nəsə edəsi, harasa gedəsi deyilik. Hər zaman demişəm ki, bir dönəm yalnız gəncləri oynatmaq lazımdır. Onsuz da hər iki halda uduzuruq. Guya 0:1 uduzmaqla 0:5 uduzmaq arasında nə fərq var? Amma biləcəksən ki, 21 yaşlı uşaqlarla uduzmusan. İslandiya bu yola əl atdı və müəyyən dövrdən sonra uğur qazandılar. Bugünkü oyun da göstərdi ki, hazırkı heyətlə çox uzağa gedə bilməyəcəyik.
- Son oyunlarda qaçırdığımız qol fürsətləri çox danışılır. Bu, özümüzü aldatmaq deyil?
- Əsas nəticədir. Yaxşı oynadığını, 10 qol imkanı əldə etdiyini 10 ildən sonra kimsə danışmayacaq. Arxaya baxanda hər kəs nəticəni görəcək. Bu bizi aldatmalı deyil. Qələbə qazanmaq lazımdır. O da yoxdursa nədən danışmaq olar?
- 5 oyundan sonra 1 xalımız var. D liqası isə qapıdadır...
- Son illərin ən pis nəticəsidir. Gözləyirdik ki, qabağa gedərik, amma geri gedirik.
- Adətən təsəlli qələbələrlə öyünür, nəyəsə ümid edirdik. Bu gün həmin qələbələr də yoxdur. Bunu hamımız üçün faydalı hesab etmək olar? O baxımdan ki, bəlkə futbol başbilənlərimiz ayılıb daha dərin düşünər.
- Düz qeyd etdin. Mən də bu fikirlə razıyam. Arada bir qələbə qazanıb özümüzü aldatmaqdansa, elə belə uduzmaq faydalıdır. Bəlkə, indi uşaq futboluna baxmağa yönələrik. Bunu hər dəfə deyəcəm. İndi uşaq futboluna yaxınam deyə demirəm. Arxivdə olan müsahibələrimdə də hər zaman bunu demişəm ki, uşaq futboluna baxmalıyıq. Orada durum acınacaqlıdır. Hə, var. Amma diqqət çox bərbad səviyyədədir. Sanki gözdən pərdə asmaq üçün var. Amma belə olmalı deyil. Daim nəzarətdə olmalıdır. Dəhşətli dərəcədə diqqət göstərilməlidir. Uşaqlar böyümək üçün səfərlərə getməlidir. Belə olan halda hər şey yaxşı olacaq. Yoxsa oyun günü 5 saatlıq yol gedirsən. Və avtobusdan düşən kimi deyirlər ki, meydana daxil ol. Yəni tezbazar oyunu başa vuraq gedək. Bu isə yola verməkdir. İki ildən sonra umumiyyətlə oynatmağa futbolçu tapmayacağıq. İndidən limiti aradan götürək, ancaq əcnəbilər oynasın. Azərbaycanlı futbolçular da gedib başqa işlə məşğul olsun.
- Uşaq futboluna daha yaxın olduğunu dedin. Detallara baş vursaq, başqa hansı problemlər var?
- Saydıqca bitməz. Təşkilatçılıq sıfır səviyyədədir. Pullu qruplardan seçilən uşaqlardan komanda formalaşdırıb çempionata çıxarırlar. Həmin komanda güclü kollektivlərlə eyni qrupda mübarizə aparır. Oyunlar 17:0, 15:0 bitir. Bu qədər qolu buraxan komanda futboldan küsür. Vuran komanda isə heç nə qazanmır. Məsələn, U-14 Liqasında 10 yaxşı komanda var. Onları bir qrupa salmaq lazımdır. Zəifləri də digər qrupa. Eyni komanda ilə 5 dəfə oyun keçirirsən. Bu da düz deyil. "Qəbələ"nin U-14 komandası öz zonasında rəqiblərinə 14, 15 cavabsız qol vuraraq qalib gəlir. Amma Bakıda birinci oyundaca uduzub, geri qayıdırıq. Çünki burda heç bir təzyiq görmürük. Belədə nə məşqçi, nə də futbolçu inkişaf edə bilməz. Qəbələ və Mingəçevirdə şərait pis deyil. Gördüklərimdən danışıram da. Bakıda bəzi stadionlar acınacaqlıdır. Meydançalar mütləq düzəlməldir. "Sabah" komandası "Ask Arena"nın (köhnə adı Şəfa) 4-cü meydançasında məşq edir. Bəlkə 20 ildi oranın örtüyü dəyişmir. Və həmin örtükdə bizim gələcəyimiz yetişir. Ən böyük bəla ondadır ki, ora olmasa ən azı 10 komanda bədbəxt olacaq. Çünki komandaların oynamağa, məşq etməyə meydançası yoxdur. Heç olmasa 2-3 ildən bir oranın örtüyün dəyişmək olmaz? Əgər istəyiriksə. Deməli, istəmirik də. Futbol üçün böyük pul da etmir. Belə xırda şeyləri edə bilmiriksə, uşaq futbolundan danışmaq yersizdir. Onları düzəldib sonra uşaq yetişdirmək olar. Çox yaxşı uşaqlarımız var. Hər komandada istedadlı uşaq var. Amma yanaşmamız sıfırdır.
- Bu problemlərin fonunda milli komandaya niyə yenə əcnəbi baş məşqçi gətirildi?
- Məncə də ehtiyac yox idi. Bu nəticəni yerli mütəxəssislə vermək olardı. Əgər buna nəticə demək olarsa. Legioner məşqçi gətirmədən öncə heyəti düzəltməliyik. Bu heyətə yerli mütəxəssis daha çox uyğundu.
XANOĞLAN İMANOV