"Telman ikinci turda ilk beşliyə daxil ola bilsə, rəsmi olaraq "Real Madrid" futbol akademiyasının futbolçusu olacaq".
Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a müsahibəsində "Real Madrid" klubunun uşaqlardan ibarət futbol akademiyasının seçmə mərhələsində birinci olan Telman Əlizadənin atası Cavad Əlizadə deyib.
- Bir valideyin olaraq Telmanın "Real Madrid"də çıxış etmə ehtimalı sizdə necə hisslər yaradır?
- Hər bir valideynin arzusu övladının "Real Madrid" kimi klubda çıxış etməsidir. Telmanın 36 uşaq arasında seçilməsi belə mənim üçün böyük uğurdur. Atası olaraq oğlumla qürur duyuram.
- Oğlunuz "Real Madrid" tərəfindən qəbul olunsa, siz Fransadan İspaniyaya köçəcəksiniz?
- Telman "Real Madrid" akademiyasına seçilsə, İspaniyaya köçməyi düşünürük. Mən özüm də "Real Madrid" azarkeşi olduğum üçün ailəlikcə İspaniyaya köçmək planımız hər zaman olub. Oğluma hər zaman dəstək olmağa çalışıram və bu, hər zaman belə olacaq. Bu səbəbdən də, əlbəttə ki, İspaniyaya köçəcəyik.
- Futbolçu olmaq Telmanın istəyi idi yoxsa sizin?
- Onun futbolçu olması həm mənim, həm də özünün istəyi ilə gerçəkləşib. Telman 3-4 yaşından etibarən evdə topla oynamağa başladı. Hədiyyə olaraq yalnız top istəyirdi. Ona ilk məşqlərini mən keçmişəm. Fransada uşaqları beş yaşından akademiyalara götürürlər. Artıq üç ildir ki, o, futbolla məşğul olur.
- "Real Madrid" klubunun futbol akademiyasının seçmə mərhələsinə qatılması necə baş verdi?
- "Real Madrid" təcrübəsi dostumun sayəsində oldu. O zəng etdi ki, Nant şəhərində seçmə mərhələlər olacaq. Mən də Telmanı həmin seçmələrə yazdırdım. Yaşda ən balaca o olsa da, birincilik sertifikatı aldı. Bundan sonra da yolumuza davam edəcəyik. Telman özü də çox istəklidir. Həftənin altı günü məşqlərlə məşğul olur. Telmanın 36 uşaq arasından birinci oldu. Amma bu o demək deyil ki, o, artıq "Real Madrid"in futbolçusudur. Hələ ki ikinci etap var. Əgər burada seçilən 5 futbolçu siyahısına düşsə, o zaman "Real Madrid" akademiyasının rəsmi futbolçusu olacaq.