COP29

“Belə olacağı heç kimin ağlına gəlməzdi” – Baş məşqçi barədə danışmaq istəmədi

13 Noyabr 21:00 Müsahibə 487
“Belə olacağı heç kimin ağlına gəlməzdi” – Baş məşqçi barədə danışmaq istəmədi

“Sumqayıt”ın müdafiəçisi Murad Xaçayev Sportinfo.az-a müsahibə verib.

26 yaşlı futbolçu komandasının “Araz-Naxçıvan”a 0:1 hesablı məğlubiyyətindən sonra sualları cavablandırıb.

- Nə gözləyirdiniz, nə baş verdi?

- Ardıcıl iki qələbədən sonra məqsədimiz matçı qalib başa vurmuşduq. Həftəiçi məşqlərdə bu məqsəd üçün çalışmışdıq. İlk hissədə rəqibə təzyiq etdik, əlverişli qol imkanlarımız oldu. Lakin şansları dəyərləndirə bilmədik. İkinci yarıda rəqibin bir real imkanı oldu, o da qolla tamamlandı. Utancverici məğlubiyyətdir.

- Sona yaxın rəqib təzyiqi artırmışdı. Hər şeyin məğlubiyyətə doğru getdiyini hiss edirdin?

- Yenə deyirəm, düşüncəm yalnız və yalnız qələbə idi. Məğlubiyyəti qətiyyən ağlımdan keçirmirdim. “Araz-Naxçıvan” təzyiq etdiyi kimi, biz də edirdik. Sadəcə, şans bizim yox, rəqibin tərəfində oldu deyə, bu cür şanssız qol buraxdıq.

- Vaqif Cavadovun gəlişindən sonra “Sumqayıt” kifayət qədər inamlı görünür. Baş məşqçi nələri dəyişib, hansı yenilikləri gətirib?

- Baş məşqçilərin işini mühakimə etmək futbolçuların işi deyil. Bunu mütəxəssislər və siz jurnalistlər etməlisiniz. Bizim öhdəliyimiz məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməkdir. Ona görə də bu suala cavab verə bilməyəcəyəm.

- “Sumqayıt”ın yaxın gələcəyini necə təsəvvür edirsən?

- Hər şey özümüzdən asılıdır. Meydanda canımızı qoymaqla uğurlu nəticələrə imza ata bilərik. Fikrimcə, bunu edə biləcək komandamız var.

- Yekunda ilk “5-lik” realdır, səncə?

- Uzaq gələcəyə boylanmağı sevmirəm. Qarşıda bizi “Şamaxı” ilə oyun gözləyir, ona hazırlaşacağıq. Daha sonra “Zirə”, “Neftçi” və bu şəkildə davam edəcəyik. Hər növbəti oyuna baxırıq, gələcəkdə nələrin olacağını göstərdiyimiz nəticələr müəyyən edəcək.

- Ötən mövsüm ictimaiyyəti təəccübləndirməklə avrokuboklara vəsiqə qazandınız. Yaydakı dəyişikliklərdən sonra yeni “futbol ili”nə uğursuz başlayacağınız gözlənilən idi?

- Futbol elədir ki, öncədən nəyisə müəyyənləşdirmək olmur. Belə olacağı tək mənim yox, heç kimin ağlına gəlməzdi, ancaq yaşandı. İndi oturub “niyə belə oldu” deməklə heç nəyə nail olmayacağıq. Bu dəqiqə bizi ən çox düşündürən bu vəziyyətdən çıxmaq və turnir cədvəlinin üst pillələrinə doğru hərəkət etməkdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!