COP29

"Yaxın gələcəkdə Premyer Liqada adından söz etdirəcək yetirmələrimiz olacaq" - MÜSAHİBƏ

10 Noyabr 22:55 Müsahibə 976
"Yaxın gələcəkdə Premyer Liqada adından söz etdirəcək yetirmələrimiz olacaq" -  MÜSAHİBƏ

Məhəmməd Alıyev “Sumqayıt” Futbol Akademiyasında yaxşı perespektiv vəd edən gənc məşçilərdən biridir.

O, son illər təməl qruplarındakı fəaliyyəti ilə barəsində xoş fikirlər yarada bilib.

Daha əvvəl xəbər verdiyimiz kimi, bu mövsümdən akademiyada həmin təməl qrupları ləğv edilib.

Belədə Alıyevə daha böyük yaş qrupları həvalə edilib.

Daim üzərində çalışan, inkişafa can atan məşqçi ilə əlaqə saxlamağımızda da məqsəd onun hazırkı işi, gələcək planları barədə söhbətləşmək idi.

- Məhəmməd müəllim, hazırda işləriniz necə gedir?

- U-9 komandasında baş məşqçi kimi çalışıram. Hər şey qaydasındadır. Bu komandaya böyük ümidim var. İnanıram ki, yeni mövsüm bütün kollektiv üçün uğurlu alınacaq.

- Yeri gəlmişkən, yeni mövsüm artıq start götürüb. İlkin təəssürat necədir?

- Düşünürəm ki, yaxşı çempionat keçir. Təşkilatçılıq ürəkaçandır. Hər oyundan öncə uşaqların sağlamlığı diqqətdə saxlanır.

- Yəqin ki, problemlər də yox deyil...

- Bu baxımdan məşqçilər arasında yaşanan xoşagəlməz halları deyə bilərəm.

- Nə kimi?

- U-9 liqasında hakim olmur. Qərarları məşqçilərin ixtiyarına buraxıblar. Belədə də ortaq dil tapmaq çətindir. Hər dəfə narazılıq yaranır.

- Çıxış yolunu nədə görürsən?

- Məncə, bu liqaya da hakimlər təyin edilsə yaxşı olardı. Bütün problemlər də bununla bitmiş olardı.

- Əvvəlki illərdə təməl qrupunda çalışırdın. İndi isə böyük yaş qruplarında işləyirsən. Arada nə kimi fərqlər var?

- 5-6 yaş qruplarında yanaşma fərqli olur. İstər meydanda, istərsə də ondan kənarda hər şey başqa cürdür. Orada işləməyin xüsusi çətinliyi var.

- Bəs baş məşqçi kimi çalışmaq necə hislərdir?

- Baş məşqçi kimi məsuliyyət daha çoxdur. Artıq bir komanda var və hər şeyə cavabdeh sənsən. Bura psixoloji durum, nizam-intizam və nəticələr daxildir. İnşallah, məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələrik.

- Maraqlıdır, baş məşqçi kimi sənin üçün əsas proritet nədir?

- İlk növbədə məqsədim uşaqlara futbolu düzgün oynamalarını öyrətməkdir. Ən önəmlisi düzgün inkişaf etməkdir. Təbii ki, paralel olaraq nəticə də vacibdir. Hər oyunda maksimum nəticə qazanmağı istəyərdim. İkisini birgə bacara bilsək, sonluq hamımıza xoş olacaq.

- Böyük futbola keçid etməyi düşünürsən, yoxsa sənin üçün uşaq futbolu daha cəlbedicidir?

- Hazırda kateqoriyam yalnız U-13 komandasına kimi işləməyə imkan verir. Uşaqlarla çalışmaqdan məmnunam. Amma gələcəkdə digər kateqoriyaları da almağa çalışacam. Yaxın 2-3 ildə olmasa da gələcək hədəflərimdən biri Premyer Liqada çalışmaqdır.

- A komandasının baş məşqçisi Vaqif Cavadov indiki postuna akademiyada çalışaraq gəldi. Premyer Liqada çalışmaq istəyinizdə bu məqamın rolu varmı?

- Əlbəttə, bir müddət əvvəl akademiyada çiyin-çiyinə çalışdığımız şəxslər bu gün Premyer Liqada, milli komandalarda çalışır. Vaqif Cavadovdan başqa Seymur Baydəmirov və milli komandada çalışan Mehman Yunusovla Elşən Poladovu da qeyd edərdim. Onların uğuru hamımızı sevindirir. Bizi işimizə əlavə motivasiya edir. Gələcəkdə bizlərə də qismət olar.

- Sumqayıt futbolunun yetirmələri hər zaman Azərbaycan futbolunda xüsusi yerə sahib olub. Son illər həmin istedadları görə bilmirik. Yaxın gələcək üçün gözləntiniz necədir?

- Həqiqətən, Sumqayıt şəhəri həmişə yetirmələri ilə seçilib. Şəhərimizin futbolçuları böyük klublarda, milli komandada çıxış edib. Bu gün də əvəzedici komandada istedadlı uşaqlarımız var. Vaqif müəllim yaxından tanıdığı həmin uşaqları artıq əsas komandaya cəlb edib. Ümid edirəm ki, yaxın gələcəkdə Premyer Liqada adından söz etdirəcək Sumqayıt uşaqları yenə olacaq.

- Aşağı yaş qruplarında vəziyyət necədir, istedadlı uşaqlar var?

- İlk öncə onu deyim ki, Azərbaycanın bütün komandalarında istedadlı uşaqlar var. Sadəcə müəyyən səbəblərdən uşaqlar yuxarı çıxa bilmirlər.

- Məsələn, hansı səbəblərdən?

- Bu barədə uzun-uzadı danışmaq olar. Məsələn, əsas səbəblərdən biri 18 yaşında əksəriyyətin əsgərlik problemi yaşamasıdır. Onlar yenidən qayıdanda isə çətin olur. Ali məktəbə daxil olan uşaqlar da məşqləri buraxmağa meyl edir. Bu səbəbdən böyük futbola keçiddə keyfiyyət aşağı düşür. İstiqamət düzgün olsa bizdə də gələcək üçün yaxşı futbolçu nəsli yetişə bilər.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!