COP29

“Qarabağ”ın qapıçısı elə bir etiraf etdi ki...: “Bu, mənə çox pis təsir etmişdi”

9 Noyabr 20:00 Müsahibə 5 513
“Qarabağ”ın qapıçısı elə bir etiraf etdi ki...: “Bu, mənə çox pis təsir etmişdi”

“Qarabağ”ın Norveç səfərində “Budyo Qlimt”in üzərində qazandığı 2:1 hesablı qələbədə Mateuş Koxalskinin əməyi az olmadı.

Polşalı qapıçı bəzi epizodlarda həyəcanlı görünsə də, ümumi planda inamlı təsir bağışladı.

Koxalski Bakıya qayıdar-qayıtmaz Sportinfo.az-a verdiyi müsahibədə ortaya çıxan suallara aydınlıq gətirib.

- Qələbənin sevinci və 90 dəqiqə ilə yolun yorğunluğu. Hansı digərindən üstündür?

- Birincini seçərdim. Onu daha çox hiss etdiyimi deməliyəm. Düzdür, dəhşətli dərəcədə yorğunam. Ancaq bunu üzərimdən atmaq üçün vaxtım olacaq. Avropa Liqasında ilk qələbəni qazanıb, əhval-ruhiyyəmizin yüksəlməsinə görə şadam.

- Bu qələbədən sonra pley-off şanslarının artdığını deyə bilərik?

- 3 xal bizə çox-çox lazım idi. Çünki əvvəlki matçlarda da buna yaxın olmuşduq. Lakin müəyyən səbəblərdən qələbələr əlimizdən çıxmışdı. Buna görə də hədsiz motivasiyalı idik. Bilirdik ki, oynadığımız futbol və yaratdığımız qol vəziyyətləri 3 xal qazanmağımıza imkan verir. Yersiz qayda pozuntularına və yersiz vərəqələrə yol vermədən istənilən rəqibi uda bilərik. Özümüzdən asılıdır.

- Uzaq Skandinaviyada, ağır hava şərtləri altında oynamaq necə idi?

- Norveç bəyəndiyim ölkədir. Budyo şəhərini də sevdim. Ərazisi geniş deyil, soyuqdur, ancaq şəhərdə və stadionda futbol havası var. Polşadan bu cür havaya öyrəncəliyəm.

- “Tottenhem” və “Ayaks”la görüşlərin hər birində qapına 3 top vurulduğunu nəzərə alsaq, start heyətində yer almağın nə dərəcədə xoş oldu?

- Düz deyirsiniz, həmin oyunlarda uduzmuşduq və ümumilikdə 6 top buraxmışdım. Bu, mənə çox pis təsir etmişdi. Bilirdim ki, özüm haqda müsbət fikirlər yarada bilməmişəm. Özümə söz vermişdim ki, nə olur-olsun bu matçda nəyə qadir olduğumu azarkeşlərimizə göstərəcəyəm. Qələbədə zərrə qədər payım varsa, bundan qürur duyuram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 16:40 İnfantino da gəldi - FOTO
12 Noyabr 16:30 Çək və bizə göndər!
12 Noyabr 10:40 Səni də burada görək!
12 Noyabr 08:40 "Biz bunu istəməzdik"