Azərbaycan futbolunun ən böyük bəlası təməlinin yoxluğudur. Təbii ki, söhbət uşaq futbolundan gedir. Yeni mövzu deyil, çox tanışdı. Bu gün futbol ictimaiyyətində kimi dindirsən aşağıda yaşanan problemlərdən günlərlə danışar. Elə əsas problem də odur ki, hamı danışır. Bəs əməl? Burada ciddi boşluq var. Əksəriyyət əlini ağır daşın altına qoymur. Nə AFFA, nə də klublarımız bu istiqamətdə ciddi addımlar atmır. Amma bu yolun fədailəri də yox deyil. Məsələn, Azad Məmmədov kimi. O, cibinin pulunu gələcəyin futbolçularını yetişdirmək üçün xərcləyir.
Söhbət “Mərcanlı” uşaq futbol klubunun yaradıcısından gedir. Klubun məqsədləri, gələcək planları barədə Azad Məmmədovun dilindən eşidək.
- İlk olaraq klubun adından başlayaq – Niyə məhz “Mərcanlı”?
- Mən əslən Cəbrayıl rayonun Mərcanlı kəndindənəm. 1992-ci ildə Cəbrayılın bu adda komandası Azərbaycan çempionatında çıxış edib və sonra fəaliyyətini dayandırıb. Qəhrəman əsgərlərimizin sayəsində 30 illik işğal başa çatdı. 2020-ci ildə doğma kəndim də erməni işğalından azad olundu. Elə o vaxtdan düşüncəmdə komandanı yenidən bərpa etmək idi. Nəhayət, bu il niyyətimi reallığa çevirə bildim.
- Məsələn, bir komanda qurub Region Liqasında çıxışla səhnəyə qayıda bilərdiniz. Amma niyə məhz uşaq futbolundan başlamaq yolunu seçdiniz?
- Bu gün Azərbaycan futbolunun ən axsayan nöqtəsi uşaq futboludur. Məncə, futbolumuza töhfə vermək üçün uşaq futboluna diqqət ayırmaq daha vacibdir. Mən də bu bütün bunları düşünərək belə qərara gəldim. Yəni məqsədimiz bu gün və sabah var olmaq deyil. Planlarımız uzunmüddətə hesablanıb.
- Hazırda məşqləri harada edirsiniz?
- Məşqlərimizi Xırdalan şəhərində keçirik. Yoxlama görüşlərində uşaqları sınayırıq. Formalaşmaq mərhələsindəyik. Meydança ilə bağlı çətinliyimiz var. Zamanla çətinliklərimizi arxada qoyacağıq. Yeni mövsümdən liqalarda təmsil olunmağı düşünürük. Vaxtımız azdı, amma görməli olduğumuz işlər çox.
- Hazırda neçə yaş qrupu fəaliyyətə başlayıb?
- İlk olaraq iki yaş qrupu ilə başlamışıq. 2010 və 2012-ci təvəllüdlü komandalarımız var. Yeni mövsümə kimi U-19 komandasını da formalaşdırmaq planımızdadır.
- Gələcək planda Cəbrayıla qayıtmaq var?
- Bəli, bu barədə rayon rəhbərliyinə müraciətimiz olacaq. Doğma rayonla bağlı planlarımız böyükdür. Uşaqların inkişafı üçün ən yüksək səviyyədə akademiya qurmaq istəyirik.
- Buna böyük sərmayə lazımdır. Öhdəsindən gəlməyə hazırsınız?
- Hazırda bütün xərcləri özüm qarşılayıram. Bilirəm ki, futbolda böyük pullara ehtiyac var. Həqiqətən, xərclər çoxdur. Amma bütün bunları düşünürək qərarımızı vermişik.
- Cəbrayılın imkanlı şəxslərindən dəstək görmürsünüz?
- Uzun yola yeni başlamışıq. Mərcanlı sakinlərindən müəyyən dəstək hiss edirəm. Ümid edirəm ki, yaxın gələcəkdə bu daha çox olacaq. Bəli, Cəbrayılda iş adamları az deyil. İnanıram ki, onlar da bizə dəstəyini əsirgəməyəcək.
- Gələcək planlara A komandasının yaradılması da daxildir?
- Məqsədimiz ilk vaxtlar uşaq futbolunda sözümüzü deməkdir. Azərbaycan futboluna yeni istedadlar bəxş etməyi istəyirik. Qısa müddətdə işə başlasaq da, artıq yetirmələrimizə diqqət var. Amma bununla kifayətlənmək istəmirik. Paralel olaraq əsas komanda barədə də düşünürük. İstərdik ki, yaxın gələcəkdə Premyer Liqada da Cəbrayılın təmsilçisi olsun.
XANOĞLAN İMANOV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.