Ötən həftənin gündəmi "Füzuli" komandası oldu.
Buna səbəb bölgə klubunun İkinci Liqanın 7-ci turunda "Göygöl"lə baş tutan qarşılaşmaya 10 nəfərlə çıxması oldu.
Komandanın İcraçı direktoru Vasif İsmayılovla söhbətimizə də elə 0:9 məğlubiyyətlə bitən məlum görüşdə yaşananan hadisə ilə başladıq.
- Hər şeydən xəbərimiz var. Xoş olmayan hadisədir. Lakin bizə bəlli səbəbləri var. İki futbolçumuz cəzalı durumda idi. Təcrübəli futbolçulardan Ruslan Poladov və Nahid Mehrəliyev klublarda məşqçi kimi çalışır. Və işlədikləri yerdən oyun günü icazə ala bilmədilər. Hərarəti olduğu üçün kənarda qalan oyunçularımız oldu. Biz istəmədiyimiz vəziyyət yarandı. Və meydana 10 nəfərlə çıxmaq məcburiyyətində qaldıq.
- Komandada olan maliyyə probleminin hadisələrdə rolu yoxdur?
- Bəli, maddi baxımdan da sıxıntımız var. Geniş heyətimizin olmaması bundan irəli gəlir. Ötən mövsüm ikinci dövrə futbolçulara borclu qaldıq. Bu il maaş ödəyə bilmirik. Bizdə oyun başına ödəniş edilir. Və maksimum oyundan bir gün sonra futbolçuların pulu ödənilir. Düzdü, büdcə azalıb, amma danışıqda dediyimiz pulu vaxtı-vaxtında ödəyirik. Belə olanda da futbolçu başqa işdə işləməyə məcburdur. Son oyunda yaşanan hadisə maddi sıxıntı ilə bağlı deyildi. Sadəcə yuxarıda sadaladığım məqamlar səbəb oldu.
- Futbolçuların yoxluğunu anladıq. Bəs baş məşqçi Xəqani Əliyev niyə klubdan üz döndərib?
- Xeyr, deyilənlər doğru deyil. Xəqani müəllim kluba dəstək olan şəxslərdən biridir. Klub yarandığı gündən təmənnasız yanımızdadır. O, klubun tarixidir. Füzulidə yaşayan qazimizdir. "Füzuli"nin başqa təmsilçisi olmuş "Ərgünəş" komandasında futbolçu kimi çıxış edib. Bizdə əməkhaqqı almaq nədir, əksinə bizə maddi dəstək göstərir.
- Bəs "Göygöl"lə son oyunda adı protokolda olan məşqçi niyə oyunda olmayıb?
- Bəli, həmin oyuna gələ bilmədi. Şəxsi işləri olduğunu görə gəlməyib. Başqa səbəb yoxdur. Xəqani müəllim komandanın baş məşqçisidir.
- Növbəti turda komandanın meydana baş məşqçi kimi Xəqani müəllim çıxaracaq?
- Bəli.
- Eyni anda futbolçuların, baş məşqçinin müxtəlif səbəblərdən oyuna gəlməməsi xoş mənzərə deyil. Oxşar halın yaranmaması üçün hansısa addımlar atılacaq?
- Bəli, bizim üçün siqnal oldu. Başa düşürük ki, belə hal təkrarlana bilər. "Füzuli" 7 ildi fəaliyyət göstərir. Arxada qalan müddətdə belə hal yaşanmayıb. Heyətə əl gəzdirəcəyik. Elə futbolçular götürməliyik ki, sonra çətinlik yaşamayaq.
- Məsələn, "Füzuli"dən fərqli olaraq "Lerik" komandası ümumiyyətlə oyuna gəlmədi. Belə formada meydana çıxmaqdansa, siz də eyni addımı niyə atmadınız?
- Niyə oyuna çıxmamalı idik? Nizamnaməyə görə 7 futbolçu ilə də oyuna çıxa bilərdik. Mən oyuna çıxmamağı qəbul etmədim. Belə təklif edənlər də oldu. Bəli, heyətimiz zəifdi, sponsorumuz yoxdur. Nəsə gizli qalmalı deyil. Bu gün vəziyyət belədir. Bizim üçün ən pisi Füzuli adının Azərbaycan futbolunda olmaması olardı.
- Başverənləri komandaya dəstək olmaları üçün Füzulidən olan imkanlı şəxslərə bir mesaj da saymaq olar?
- 140 min əhalisi olan Füzulidə çox sayda iş adamı var. Kifayət qədər imkanlı şəxslər var. Kimsə gəldi biz yaxın buraxmadıq? 7 ildi komandanı yaratmışıq. Yaxın dostlarımız sağ olsun əlindən gələn dəstəyi göstərir. Onların hesabına ayaqda qala bilirik. Hər il iddialı olmuşuq. Amma bu il imkanlar buna imkan vermir. Məncə, mesajı qəbul etməli, dəstək olmalıdırlar. Dəstək olmasalar belə, biz AFFA-nın ayırdığı və öz imkanlarımız hesabına ayaqda qalmağa davam edəcəyik. Bu gün çempionatı tərk edə bilərik. Kimsə də qınaya bilməz. Lakin bizim qürurumuz buna yol vermir. Başladığım işi bitirmək istəmirəm. Gücüm çatdığı ana qədər davam edəcəm. Bu yolda dəstək olan dostlarımıza, yaxınlarımıza təşəkkür edirəm.
- Bu gün vəziyyət yaxşı deyil. Belə başa düşdüm ki, gələcək üçün də böyük ümidləriniz yoxdur?
- Yox, elə deməzdim. Məqsədimiz İkinci Liqada yerimizi qorumaqdır. Sabah nə olacağını isə demək çətindir. Ötən mövsüm "Şəfa" bizim durumda idi. Amma bu gün çempionluğa oynayır. Futbolda belə şeylər çox olur. Çox da ümidliyəm ki, hansısa iş adamı "Füzuli"yə sahib çıxacaq. Komandanı təmənnasız hansısa iş adamına verməyə də hazıram. Yetər ki, Füzuli adı Azərbaycan futbolundan silinməsin. Yetər ki, böyük çətinliklə qurduğumuz, yaşatdığımız bu klub tarixə qovuşmasın. Qoyub getmək asan şeydir. İki oyuna çıxmayaq və klub dağılsın. Biz bunun baş verməməsi üçün mücadilə edirik.-
- Belə başa düşdüm ki, AFFA-nın ayırdığı dotasiyadan əlavə klubun heç bir dəstəyi yoxdur?
- Bəli, elədir. Həkimlərimiz olan Şaməddin, Vüqar və baş məşqçi Xəqani müəllim şəxsi vəsaitlərindən kömək edirlər. Mənim və yaxın 3-4 dostumun yardımı olur. İxtisasca iqtisadçıyam. 50 manatın belə böyük köməyi var. Bir oyun üçün böyük məbləğdir. Verilən pulu düzgün idarə etmək lazımdır. Mətbuatdan oxuyuram ki, Birinci Liqa klubları ayrılan 300 min manatdan gileylənir. Şikayət etməkdənsə, 10 klub ortaq qərara gəlib maaş sisteminə müdaxilə etməlidir. Məsələn, razılığa gəlsinlər ki, futbolçulara 1000 manatdan artıq maaş verilməsin. Bu gün Premyer Liqada bu qiymətə oynayan oyunçular var. Amma İkinci Liqada bundan yüksək maaş alanlar var. Kimsə sağlam rəqabət olduğunu deyəcək. Lakin sağlam rəqabət yox, süni qiymət artımıdır. Birlik olub bu məsələni həll etmək olar. Söz verirəm ki, 300 min büdcə ilə Birinci Liqada çempionluğa olmasa da, gənclərə şans verməklə yuxarı yerlər uğurunda mübarizədə olardıq. Qusarın "Şahdağ" klubu bu baxımdan nümunədir. Büdcəsi olsa da 800 manatdan yuxarı maaş vermir. Əvəzində oyunlara yaxşı pul mükafatı verilir. Belədə futbolçu yola verməyəcək. Həm də kəmiyyətlə bərabər keyfiyyət də olacaq. Hər kəs ayrılan puldan gileylənir. Vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Kimsə razılaşmaya bilər, amma bu mənim şəxsi fikrimdir.
XANOĞLAN İMANOV / SPORTİNFO.AZ