COP29

"7 ildir bu işin içindəyəm, çəkilən əziyyətə heyfim gəlir"

20 Oktyabr 21:40 Müsahibə 1 704
"7 ildir bu işin içindəyəm, çəkilən əziyyətə heyfim gəlir"

II Liqada mübarizə aparan “Sheki City”nin təsisçisi və rəhbəri Elgün Hüseynov əsl futbol fədaisidir.

Bu adam klubu yaşatmaq, ən yaxşı yerlərə daşımaq üçün əlindən gələni edir, yeri gələndə cibinin pulunu xərcləyir.

Bir neçə gün əvvəl Məsut Özil Şəkiyə səfər edərkən, Elgün bəy fürsıətdən yararlanıb dünya futbol ulduzunu stadiona dəvət etməklə yerli futbolsevıərləri sevindirməyi bacardı.

İdarəçiliyi, kreativliyi və marketinq bacarığı ilə istənilən Premyer Liqa klubunda çalışmağı haqq edən Hüseynovla söhbətimiz rəhbərlik etdiyi klubla bağlı olsa da, Özil mövzusuna da toxunduq.

- Ölkə kubokunun I təsnifat mərhələsində doğma meydanda “Şəmkir”ə məğlub oldunuz. Səbəbi nədə görürsünüz?

- Nəinki kubokda, çempionatda da heç kimi uda bilmirik. Məşq etməyən futbolçulardan qurulan komandayıq, başqa necə olacaq? Hərə öz işindədir, oyundan-oyuna bir araya gəlirik. Halbuki, ötən mövsüm bir yerdə qalırdıq, birlikdə məşq edirdik. Bu il çətinliklər var deyə, istədiklərimizi edə bilmirik.

- 1 ildə nə dəyişdi?

- Maliyyə. Ötən mövsüm borc-xərcin altına girib klubu yaxşı yerlərə daşımağa çalışırdım. Bunu ona görə edirdim ki, bəlkə Şəkidən olan iş adamları həvəslənər, futbola maraq artar. Torpaq sahəm var idi, yarısını satdım, toyumun pulunu xərcləyib, toyu təxirə saldım. Bankdan yığılan borclara görə həyətyanı sahəmin bir hissəsini satdım ki, borcdan azad olum. Odur ki, indi əvvəlki imkanım yoxdur.

- Ümumilikdə cibinizdən nə qədər pul xərclədiniz?

- Ötən mövsüm təxminən 40-45 min manat civarında.

- Heç bir biznesmen, yaxud iş adamı xeyir olmayan yerə əlavə yatırım etmir. Siz ziyana getdiyiniz halda, yenə nələrsə etməyə çalışırsınız. Nədir bunun səbəbi?

- Mən bu işi yaxşı bacardığımı bilirəm. Bu günə qədər Premyer Liqa klublarından təklif də olub, razılaşmamışam. Mən Şəki üçün faydalı olmağa çalışıram. Azyaşlı uşaqlara baxıram, böyük əksəriyyəti bekarçılıqdan “voravskoy” düşüncə ilə böyüyür. Bu, mənə pis təsir edir. İstəmirəm bu formada böyüsünlər. Çalışıram onları idmana, futbola cəlb edim, kütləviliyin yaranmasına nail olum. Niyyətim şəhərimiz, ölkəmiz, idmanımız üçün faydalı adam olmaqdır. Digər tərəfdən, 7 ildir bu işin içindəyəm, çəkilən əziyyətə heyfim gəlir. Əlimi çəksəm, bu komanda dağılacaq.

- Dəstəklə bağlı AFFA-ya müraciət etmisiniz?

- Düzünü desəm, etməmişəm. AFFA bütün klublara eyni cür yanaşır, inanmıram ki, hansısa kluba fərqli münasibət göstərsin.

- Dövlət yardımı hansı məbləği əhatə edir?

- İllik 50, aylıq 5 min manat şəklindədir. Vergi, DSMF və digər xərcləri çıxanda, ayda 3 min manatdan bir az artıq qalır.

- Məsut Özili stadiona dəvət etmək ideyası necə yarandı və istəyinizə necə çatdınız?

- Eşitdim ki, Özil Azərbaycana səfəri zamanı Şəkiyə də baş çəkəcək. Şəkidəki dini mədrəsəni ziyarət etmək kimi planı var. Dini mədrəsənin rəhbəri Əbdürrahman bəyə zəng vurub, belə bir planımın olduğunu bildirdim. Düşündüm ki, biletin üzərinə Məsut Özilin şəklini həkk etdirməklə və onun stadiona gəlişinə nail olmaqla bilet satışından yaxşı vəsait əldə edər və müəyyən xərcləri qarşılayarıq. Əbdürrəhman bəy sağ olsun, planın baş tutması üçün əlindən gələni etdi.

- Dünya çempionunun stadiona gəlişindən istədiyiniz effekti ala bildiniz?

- İdeya olaraq, fikrimcə, çox yaxşı idi. Məsut Özilin Azərbaycanda II Liqanın oyununa gəlməsi həqiqətən böyük hadisədir. Açığı, stadiona daha çox azarkeşin gələcəyini gözləyirdim. 3 min nəfərin iştirakını düşünürdüm. Stadionda 471, sosial şəbəkələr üzərindən 130 bilet satmaqla 1202 manat gəlir əldə edə bildik.

- Görüntülərdə azarkeşlərin meydana axışdığını gördük. Yəqin ki, gedişatı bu formada düşünməmişdiniz.

- Meydana heç kim daxil olmamalıydı. Sadəcə, bir anlıq ara qarışdı, nəzarəti əldən verdik. Vəziyyətə şəxsən nəzarət edirdim. Özili qarşılamaq üçün aşağı düşəndə hamı tribunalarda idi, qayıdanda gördüm ki, insanlar meydana axışıb. Azyaşlılardan ibarət komandalarımızın Məsut Özillə şəkil çəkdirmək planımız vardı. O uşaqlar meydana daxil olanda digərləri də axışdılar. Qarşısını ala bilmədik.

- Özü, yaxud yanındakılar bununla bağlı narazılığını bildirmədilər?

- Üzrxahlıq edəndə, özü dedi ki, narahat olmayın, bu kimi hallar Avropada da yaşanır, heç bir problem yoxdur.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu