“Sabah”dakı çıxışları ilə tanıdığımız Coy-Lens Mikelsin qardaşı Leroy Mikels də artıq Azərbaycan Premyer Liqasında top qovur.
“Şamaxı”nın uğurları üçün tər tökən 29 yaşlı almaniyalı vinger hələ ki, adından söz etdirməkdədir.
Komandasının “Səbail”ə məğlub olduğu oyundan sonra (0:2) Leroy müsahibəni başqa vaxta təxirə salmağı xahiş edib, bunu qardaşının iştirakçısı olduğu “Sabah” – “Araz-Naxçıvan” qarşılaşmasına baxmaq üçün tələsməsi ilə əlaqələndirirdi.
“20 nömrə”yə söhbətin çox vaxt almayacağını deyincə, “Şamaxı”nın əcnəbisi Sportinfo.az-ın suallarını cavablandırdı.
- Özün ağır oyundan çıxmısan, ancaq qardaşını da iş başında görmək üçün tələsirsən.
- Söhbət qardaşımdan gedirsə, yorğunluq bəhanə ola bilməz. Buradan birbaşa Masazıra gedəcəyəm. Görüm, nə edəcəklər.
- Nəyə ümid edirsən?
- “Sabah” “Araz-Naxçıvan”ı udacaq, Coy da qol vuracaq (gülür).
- Sənin üçün ikiqat çətin olar. Həm özünü, həm qardaşını düşünürsən.
- “Şamaxı” oynayanda, qardaşımı unuduram (gülür). Yalnız bizim matç başa çatandan sonra onu düşünürəm.
- Qardaşınla komandalarınızın nəticələri ilə bağlı zarafat edirsiniz?
-Hə-hə, olur. Bəzən yaxşı oyun keçirirəm, ancaq qol vura bilmirəm. Mənə deyir, get, qol vurmağı öyrən. Özünə demişəm, bir az toparlanaq, gəlib “Sabah”ı keçəcəyik. Ancaq bunun çətin olduğunu bilirəm. Çünki oturuşmuş heyətə malik, güclü kollektivləri var. Çempionat yeni başlayıb, bilmək olmaz, bəlkə yekunda dediyim kimi oldu (gülür).
- Sənin, yoxsa onun güclü olması ilə bağlı müzakirələriniz olur?
- Bu, bizim aramızda illərdir davam edən yarışdır.
- Səncə, kim güclüdür?
- İndiki məqamda təbii ki, o. Beş qolla bombardirlər siyahısında liderdir. Çalışıram ona çatım.
- Coy hansı cəhətlərinə görə səndən üstündür?
- Bitiriciliyi yaxşı bacarır, klassı yüksəkdir. Mən də bu keyfiyyətim üzərində məşq edirəm ki, ondan geri qalmayım.
- Bəs, sənin üstünlüyün?
- Mənim topla rəftarım daha yaxşıdır. Deyilənə görə, bacarıqlı driblerəm.
- Qardaşın illərdir Azərbaycanda çıxış edir. Nə əcəb sənə də bura gəlməyi təklif etmirdi?
- Azərbaycan klubundan təklif olmuşdu. Lakin sonradan nəyə görəsə alınmadı. Bəzən hər şey heç də biz istədiyimiz kimi olmur. Bu dəfə “Şamaxı” ilə danışdıq və razılaşdıq.
- Hansı klub idi?
- Agentimdən soruşmalıyam. Açığı, klubun adı yadımda deyil. Menecerim dəfələrlə mənə bura gəlməyi tövsiyə etmişdi. Alınmırdı.
- “Şamaxı”dan təklif alanda, yəqin ki, hamıdan əvvəl qardaşında danışdın.
- Əlbəttə. Coyun fikirləri mənə maraqlı idi. Dedi, baş məşqçilərini tanıyıram, çox yaxşı mütəxəssisdir, futbol fəlsəfəsini bəyənirəm. Gəldim və qətiyyən peşman deyiləm.
HƏBİB