COP29

"Yoxa çıxan böyük istedadlı futbolçularımızı saysam, bitməz" - MÜSAHİBƏ

13 Oktyabr 18:35 Müsahibə 4 176
"Yoxa çıxan böyük istedadlı futbolçularımızı saysam, bitməz" - MÜSAHİBƏ

Artıq iki mövsümdür Azərbaycan Premyer Liqasında idman prinsiplərinə əməl olunur.

Söhbət sonuncu yeri tutan komandanın elitanı tərk etməsindən gedir.

Ötən mövsüm idman prinsiplərinə görə "Qəbələ" tarixində ilk dəfə yüksək liqanı tərk etməli oldu.

Komanda hazırda Birinci Liqada Kaxaber Tsxadadzenin rəhbərliyi altında yenidən Premyer Liqaya qayıtmaq yolunda inamlı mübarizə aparır.

Bəs bölgə klubunun futbol akademiyasında vəziyyət necədir? Birinci Liqada çıxış etmək aşağı yaş qruplarının fəaliyyətinə necə təsir edir?

Bu və digər suallara cavab tapmaq üçün Qəbələ Futbol Akademiyasının koordinatoru Famil Xəlillovla danışdıq.

- İlk öncə akademiyanın mövcud durumu barədə nələr deyə bilərsiniz?

- Mövcud durumu qənaətbəxş hesab etmək olar. Komandaların çıxışından, məşq proseslərinə yanaşmasından, məşqçi və işçilərin çalışqanlığından razıyam.

- Bəs 5 il əvvəl ilə müqayisə edəsi olsaq?

- Deməzdim ki, 5 il əvvəlkindən çox geri qalırıq. Doğrudur, ötən illərdə daha çox çempionluq yaşayırdıqsa, indi mənzərə fərqlidir. Ancaq futbolçu yetişdirmək baxımından yanaşsaq, futbolumuza yenə də kifayət qədər istedadlı futbolçular bəxş edəcəyimizi düşünürəm. Buna şübhəm yoxdur.

- Yəni, maliyyənin azaldılması da bu yolda problem yaratmayacaq?

- Bu işdə əsas olan nə istədiyini bilməkdir. Klub olaraq biz də bunu bilirik. Əvvəlki illərdə də o qədər maliyyə yox idi. Amma Azərbaycan futbolunda kifayət qədər istedadlı futbolçular yetişib. Demək ki, hər şey maliyyə məsələsi ilə həll olunmur. Ulduz futbolçuların əksəriyyəti çətin şərtlərdən keçərək böyük futbola gəliblər.

- Bəs əsas komandanın aşağı Liqada çıxış etməsi akademiyanın fəaliyyətinə necə təsir edir?

- Akademiya ötən illərdə olduğu kimi fəaliyyət göstərir. Futbolçularımızın qalması, qidalanması üçün yataqxanalar, məşq etmələri üçün isə lazım olan şərait var.

- Akademiya uşaqlarının əsas komanda ilə birinci Liqa matçlarına çıxmaları inkişaflarına yol aça bilər?

- Hər işin müsbət tərəfləri var. Düzdü, komanda Premyer Liqada qalsa daha yaxşı olardı. Amma elitadan düşübsə də, dünyanın sonu deyil. İndi əsas komandada daha çox akademiya uşağı var. Davamlı oynamaq şansı qazanırlar. Əsas komanda daim Qəbələdə olur. Bu isə akademiya uşaqlarına daha yaxın olmaq deməkdir. Məşqçilər korpusu da davamlı məşqlərimizi izləyir. Akademiya baxımından faydalı olduğunu demək olar. İnşallah, Premyer Liqaya daha güclü "Qəbələ" olaraq qayıdacağıq. Bəzən belə eniş faydalı olur. Bizim üçün də belə olacağına şübhəm yoxdur.

- Famil müəllim, Qəbələ akademiyası həqiqətən ölkə futbolunda nümunədir. Lakin oradan da ən üst səviyyədə futbolçu çıxmır. Düzdü, milli komandamıza kimi yüksələnlər çoxdur. Amma ölkə xaricində parlaq legioner həyata yaşayan kimsə yoxdur. Sizcə, bunun səbəbi nədir?

- Həqiqətən, Azərbaycan səviyyəsində yaxşı yetirmələrimiz çoxdur. Amma dediyiniz səviyyədə futbolçu verə bilməmişiksə, deməli, nələrisə düz etməmişik. Nəsə çatmır. Daha yaxşı işlər üçün çox çalışmaq lazımdır.

- Düşünmürsünüz ki, həmin səviyyədə futbolçu yetişdirməyə tək Qəbələ yox, ölkə futbolu olaraq hazır deyilik?

- Ola bilər. Məncə, bunun üçün ik öncə rəqabətli mühit olmalıdır. Akademiyalarının sayı çox olmalıdır. Uşaqlar mövsüm ərzində 2,3 yox, 10 oyunda təzyiqi hiss etməlidir. Çünki belədə özünü inkişaf etdirəcək. Həm texniki, həm də qərar vermək bacarıqları daha yaxşı olacaq. O halda daha keyfiyyətli futbolçular yetişdirə bilərik. Rəqabət mühitini yaratmaq əsas şərtdir.

- Bəs mövcud infrastruktur uşaqların inkişafı üçün yetərlidirmi?

- Bu baxımdan "Qəbələ" hər zaman önə çıxıb. Keyfiyyətli stadionlarımız hər zaman ixtiyarımızdadır. Amma ümumi Azərbaycan futboluna baxası olsaq, əskiklər var. Futbolçu normal meydanda oynamalıdır. İnfrastrukturun yaxşı olması mütləq lazımdır. Uşaqlar yalnız bu halda inkişaf edə bilər.

- Bu günə qədər Qəbələ akademiyasına çox futbolçu gəlib-gedib. Arasında heyfsləndiyiniz kimsə varmı ki, daha çox inkişaf edə, hətta Avropada adından söz etdirə bilərdi.

- O qədər heyifsiləndiyim futbolçu var ki... Saysam bitməz. Amma ad çəkmək istəməzdim. Akademiya yaranan gündən burada olan biri kimi bütün uşaqları yaxından tanımaq imkanım olub. Hər birini xatırlayıram. Çox böyük istedada sahib futbolçularımız olub. Amma bəzi səbəblərə görə, müəyyən mərhələdən sonra yoxa çıxıblar.

- Bəs hazırda üzdə olan Qəbələ yetirmələrindən kimlərin karyerasını daha yüksək yerdə görürsünüz?

- Ötən mövsümün sonuna doğru yeni simalar ortaya çıxdı. Şahin Şahniyarov, Eşqin Əhmədov, İbrahim Ramazanov kimi. Hər biri keyfiyyətli, istedadlı uşaqlardır. Qarşıdakı mövsüm daha çox futbolçu bəxş edəcəyimizi düşünürəm. Bu yöndə işlər görülür. Əsas komandada çox sayda yetirməmiz var. Növbəti mövsüm gözləntimiz böyükdür.

- Bəzi istedadların müxtəlif səbəblərdən kənarda qaldıqlarını dediniz. Məsələn, hansı səbəblərdən? Həm də dedikləriniz gənc futbolçular üçün bir nümunə olsun. Ki, eyni şeyləri təkrar etməsinlər.

- Yanaşmada çox böyük boşluqlar var. Gənc futbolçularımız rejimlərinə çox diqqət etməlidirlər. Düşünməlidirlər ki, onlar bu qədər uşağın içindən futbol istedadı olmasından dolayı seçiliblər. Ona görə də müəyyən şeyləri qurban verməlidirlər. Futbolçu kimi özlərini daha çox inkişaf etdirməlidirlər. Tək məşq və oyunlar kifayətlənməli deyillər. Əlavə məşqlərə çox ehtiyac var. Uşaqlar xarakterində küsmək, incimək kimi xoş olmayan məqamlar var. Hər məşqçinin öz yanaşması olur. Elə məşqçi var sakitdi, eləsi var emosionaldır. Futbolçuların əksəriyyəti söz götürməyi xoşlamır. Amma fikirləşməlidir ki, məşqçi emosional iradını onun yaxşılığı üçün bildirir. Küsmək, incimək yox, daha da inkişaf etmək lazımdır. Bir də hansısa uğur əldə ediləndən sonrakı yanlış davranışları deyərdim. Bu da böyük problemdir. Gənc futbolçuların əksəriyyəti sanki hər şeyə nail olubmuş kimi özünü aparır. Belədə məşqlərdə axsamalar yaranır. Boşluqlar özünü göstərir. Sonra da ciddi şəkildə zədələr olur. Və inkişaf etməli olduğu dövrdə çox geriyə düşür. Mütləq şəkildə yanaşmamız düzəltməliyik.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti