COP29

Sabiq “Qarabağ”lı İsveçdən “Sportinfo”ya danışdı, “Malmö”nun kartlarını açdı

16:40 Müsahibə 663
Sabiq “Qarabağ”lı İsveçdən “Sportinfo”ya danışdı, “Malmö”nun kartlarını açdı

“Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi “Malmö”dür.

I turda məğlub olan komandaların hər ikisinin qələbəyə köklənəcəyi dəqiqdir.

Lakin bir şey də var ki, avrokubok təcrübəsi zəngin olan İsveç çempionu bizimkilər üçün sirli qutudur.

Rəqib haqda məlumatlar almaq, başqa cür desək, “göylər”i yaxından tanımaq üçün 20 ildən artıqdır İsveçdə yaşayan Yalçın Bağırovla əlaqə saxladıq.

Yeri gəlmişkən, “Qarabağ” İntertoto kubokunda mərhələ adlayan ilk Azərbaycan klubu kimi adını tarixə yazdıranda, Bağırov komandanın sıralarında olub.

- Yəqin ki, “Qarabağ”ın Avropa Liqasında hansı rəqiblə qarşılaşacağını bilirsiniz.

- Əlbəttə. “Malmö” ilə oynayacaqlar. Neçə vaxtdır bu qarşılaşmanı gözləyirəm, siz də soruşursunuz ki, xəbərin var (gülür).

- Şansları necə dəyərləndirirsiniz?

- Hər iki komandanın səviyyəsi təxminən eynidir. Yaxşı təşkilatlanmış kollektivlərdir və hər ikisi öz ölkəsinin ən güclü komandası hesab olunur. Əslində, şansların 50-nin 50-yə demək istəyirəm. Ancaq “Qarabağ”ın 30 min azarkeşin qarşısında oynayacağını nəzərə alsaq, 60-ın 40-ə bizimkilərin xeyrinə görürəm.

- “Malmö” ağdamlılara hansı cəhətlərdə problem yaşada bilər və ya “Qarabağ” nəyə diqqət yetirməlidir?

- Bir çox cəhətlərdə problem yarada bilərlər. Burada çempionat yaz-payız sistemi ilə keçirilir və artıq sona yaxınlaşıb. Mövsüm başa çatmasa da, “Malmö”nün növbəti çempionluğunu böyük ölçüdə dəqiqləşib. Belə deyim, çox rahatdırlar, əhval-ruhiyyələri yüksəkdir. Ona görə bütün güclərini avrokubok matçlarına qoyacaqlar.

- Oyun planında “Qarabağ”a hansı cəhətlərdə təhlükə yarada bilərlər?

- “Malmö” oyunu əsasən meydanın mərkəzindən qurur. Təcrübəli futbolçularının ustalığından istifadə etməklə təhlükə yarada bilirlər. Rəqibin oyununa uyğun olaraq bəzən əks-hücumlara üstünlük verirlər ki, bu cəhətdə də “Qarabağ” çətinlik çəkə bilər. Klası yüksək olan futbolçularının hesabına oyuna nəzarət etməyi bacarırlar. Qurban Qurbanov rəqibi təhlil edərək özü üçün müəyyən nəticələr çıxarıb. Mənim nəsə deməyim, yol göstərməyim düzgün olmaz.

- Əsas “silahlar”ı hansı futbolçulardır?

- Anders Kristiansen var, “10 nömrə”. Çox yaxşı futbolçudur, illərdir “Malmö”nün sıralarındadır. Meydanın mərkəzində oynayır, hücumları demək olar özü qurur. Əla ötürmələri, uzaq məsafədən öldürücü zərbələri var. Az qala komandanın yarısıdır. Hücumçu İsaak da təhlükəli simadır. Həm ayaqla, həm də başla yaxşı oynayır. Çox təcrübəlidir, vaxtilə “Bordo”, “Bayer Leverkuzen”, “Ayntraxt” kimi komandalarda çıxış edib. Əsas diqqət çəkən bu iki nəfərdir, ancaq digərlərindən də təhlükə gözləmək olar.

- İsveçdə “Qarabağ” haqda nə düşünürlər?

- Nə mənada?

- Yəni hansı komandanın qələbəyə yaxın olduğunu düşünürlər?

- Hər nə qədər azərbaycanlı olsam da, düzünü deyəcəyəm. Buradakı azarkeşlər “Qarabağ”la oyunda uğurlu nəticəyə ümid edirlər. Azı 1 xala ümid edirlər. Biz necə ki, “Malmö” kimi rəqiblərdən xal almağa ümid edirik, onlar da eynisini bizim kimi rəqiblərlə matçlarda gözləyirlər. “Qarabağ”a uğurlar arzulayıram və inanıram ki, qələbə ilə azərbaycanlıları sevindirəcək. Sadəcə, son saniyəyə qədər oyundan qopmaq olmaz. “Malmö” matça əlavə olunmuş dəqiqələrdə 2 top vura biləcək gücdədir. Buna diqqət yetirilməlidir.

HƏBİB / SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti