İşləri qaydasında getməyən “Sumqayıt” məğlubiyyətlərə “dur” deməyi bacardı.
“Kimyaşılar” “Neftçi”ylə bərabərə qalmaqla (1:1) düz bir aydan sonra aktivinə xal yazdırdı.
Oyun başa çatandan sonra “Sumqayıt”ın futbolçularının əhvalı yerində idi.
Kapitan Vüqar Mustafayevlə söhbətdə bizi maraqlandıran suallara cavab tapmağa çalışdıq.
- 1 xala görə təbrikləri qəbul edirsən?
- Məqsədimiz qələbə qazanmaqla uğursuz seriyaya son qoymaq idi. Bura 3 xal üçün gəlmişdik. Hesabda önə keçdik, çox sayda qol fürsətləri yaxaladıq. İki müəmmalı epizodda hakimin anlaşılmaz qərarları oldu. Özüm baxmamışam, amma deyilənə görə, penaltiyə oxşayır.
- Qərəz?
- Həqiqətən penalti idisə, hakimi başa düşmək olar. O da insandır, səhv edə bilər. Ona görə də qərəzlə əlaqələndirmək istəmirəm. Əsas odur ki, çox yaxşı oyun sərgilədik, qələbə üçün layiqli mübarizə apardıq. Bu ab-havadan istifadə edib, növbəti matçlara hazırlaşacağıq.
- Samir Abasov ötən oyunla müqayisədə əsas heyətdə rotasiyalar etmişdi. Səncə, 1 xal qazanmağınızda bu amilin rolu oldu?
- Rotasiyalar həmişə olur, oyuna görə dəyişir. Bəlkə də baş məşqçi bəzi futbolçulara istirahət imkanı yaratmaq üçün bu addımı atmışdı. Gördüyünüz kimi, ehtiyatda qalanlar meydana sonradan daxil oldular və komandaya kömək etdilər. Əsas heyətdə kimin oynamasından asılı olmayaraq “Sumqayıt” mübarizə aparmağı bacarır. Davamını gətirə bilsək, ötənilki nəticələri təkrarlaya bilərik.
- Davamını gətirməmək üçün sizə nə mane ola bilər?
- Elə bir problemimiz yoxdur. Yeganə narahatlıq doğuran məqam yeni futbolçuların komandaya tam uyğunlaşmaması, bəzilərinin ideal formasından uzaq olmasıdır. Onlara bir az vaxt lazımdır. Legionerlər komandaya gözlənilən faydanı verə bilsələr, azarkeşlər əsl “Sumqayıt”ı görəcəklər.
HƏBİB / SPORTİNFO.AZ