COP29

"Klub rəhbərliyinin və sponsorun əsas istəyi uşaq futbolunun inkişafıdır"

28 Sentyabr 21:40 Müsahibə 1 407
"Klub rəhbərliyinin və sponsorun əsas istəyi uşaq futbolunun inkişafıdır"

İmişli futbolunun tanınan veteran futbolçularından olan Ruhid Usubov son iki mövsümü əsas komandada məşqçi kimi fəaliyyət göstərməsi ilə yadda qaldı.

Bu mövsümün əvvəlindən isə "İmişli" rəhbərliyi gənc mütəxəssisi gənc futbolçuların inkişaf proqramına rəhbər vəzifəsinə təyin etdi.

Usubovla söhbətimiz də onun yenidən uşaq futboluna qayıtması və gələcək məqsədləri barədə danışmaq oldu.

O, ilk olaraq təyinatına toxunub:

"Mənim hər zaman əsas məqsədim İmişli futboluna fayda vermək olub. Çox çətin günlərdən keçmişik. Əsas komandada və ya akademiyada olmağımdan asılı olmayaraq İmişli futboluna xidmət etməyi özümə fəxr bilirəm. İmişlidə böyük futbol olmadığı dönəm böyük boşluq yaranmışdı. Elə həmin vaxt da uşaq qrupları yaradıb məşqlər keçirdim. Yəni bu sahədə müəyyən təcrübəm var. Rəhbərlik də qərar verəndə bu kimi amilləri nəzərə alıb. İlk gündən mənə bildirildi ki, uşaq futbolunu inkişaf etdirmək lazımdır. Yerli camaat da məni yaxşı tanıyır. İşimə necə ciddi, məsuliyyətli yanaşdığımı bilir. İnanıram ki, fəaliyyətimlə ümidlərini doğrulda biləcəm".

Ruhid Usubovun yeni işində fəaliyyəti artıq 4 ayı əhatə edir. Görəsən, bu qısa müddətdə hansı işlər görülüb?

"Ötən ildən 5 yaş qrupu fəaliyyət göstərir. Amma bu ildən diqqət artırılıb. Klub rəhbərliyinin, sponsorun əsas istəyi uşaq futbolunun inkişafıdır. Yalnız əsas komandaya yox, ümumilikdə İmişli futboluna qayğı göstərilir. Planda uşaq futbolu ilə bağlı böyük layihələr var. Bu da gələcəyə ümid yaradır. Biz də bu istiqamətdə işləyirik.

Uşaqların, valideynlərin futbola böyük marağı var. Əvvəlki illərlə müqayisədə müsbət istiqamətdə fərq aydın sezilir. İmişli geganə rayondur ki, böyük futbolda 4 klubla təmsil olunur. Bu da insanların futbola marağını artıran səbəblərdən biridir".

Azərbaycan futbolunun ən böyük problemi uşaq futbolunda olan çatışmazlıqlardır. Xüsusilə infrastruktur problemi illərdi davam edir. Mütəxəssislər, mətbuat hər fürsətdə nöqsanları qabardır. Amma həlli istiqamətində hansısa addımlar atılmır. Bəs İmişlinin uşaq futbolunda bu baxımdan vəziyyət necədir?

Usubovu dinləyək:

"Təbii ki, çatışmazlıqlar var. Nəzərə alaq ki, yola yeni çıxmışıq. Lakin rəhbərlik vəd verib. Uşaqların rahatlığı üçün lazım olan işlər görüləcək. Qısa müddətdə komandalarımız idman dəsti, inventarlarla təmin ediləcək.

Məqsəd yalnız o deyil ki, futbolçu yetişdirək. Təbii ki, futbola adını yazdıran hər kəs gələcəkdə böyük futbolçu ola bilməz. Amma hər birinin pis vərdişlərdən uzaq qalmasına, cəmiyyətə sağlam insan kimi daxil olmasına çalışırıq".

"MKT Araz"ın 2007-ci ildə fəaliyyətini dayandırmasından sonra İmişli uzun müddət böyük futbola həsrət qaldı. Təbii ki, bu da aran bölgəsinin futboluna təsirsiz ötüşməyə bilməz. Elə bu səbəbdən yaranmış böyük boşluğu aradan qaldırmaq elə də asan olmayıb:

"Düzdü, İmişli uzun müddət böyük futboldan uzaq qaldı. Belədə təbii ki, ayağa qalxmaq çətin idi. Lakin qısa müddətdə yenidən əvvəlki canlanmanı qaytara bilmişik. Valideyinlər davamlı məşqlərimizi izləyir. Uşaqları ilə tez-tez maraqlanır. 4-5 il öncə diqqət bu səviyyədə deyildi. Açıq deyim ki, futbol İmişlidə ölmüşdü. İnşallah, məhz öz yetirmələrimizin əməyi sayəsində ən yaxın dövrdə İmişli futbolu layiq olduğu yerlərə yüksələcək".

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti