“Araz-Naxçıvan”ın forvardı Ramon Maçado Sportinfo.az-a müsahibıə verib.
Braziliyalı hücumçu hazırkı komandasının hədəfləri və şəxsi ilə bağlı sualları cavablandırıb.
- 5 oyundan sonra 10 xal. “Araz-Naxçıvan”ın cari mövsümlə bağlı hədəfi nədir?
- Özünüz də bilirsiniz ki, komandada böyük dəyişikliklər olub. Yayda çox sayda yeni futbolçular gəlib. İlk növbədə oyun planında irəliləyişə nail olmaqdır. Təbii, bununla yanaşı nəticələri də düşünürük. Çempionatda “Qarabağ”, “Zirə”, “Neftçi”, “Sabah” kimi güclü komandalar var. Ancaq yenə də yaxşı yerlərə ümid edirik. Avrokuboklara vəsiqə üçün mübarizə apara biləcək komandamız var. Hazırkı mövqeyimizi qorumaq üçün əlimizdən gələni edəcəyik.
- Vaxtilə oynadığın “Qəbələ” ilə indiki “Araz-Naxçıvan” arasında nə kimi fərq var?
- Mənim üçün indi daha asandır. Çünki Azərbaycanda oynadığım üçüncü komandadır. Təkcə məşqçilər heyəti yox, bir çox futbolçular məni tanıyır. Ailəm üçün də rahatdır, artıq uyğunlaşıblar. Ancaq “Neftçi”yə və “Qəbələ”yə yeni gəldiyim vaxtlarda ölkəyə və mühitə alışmağa ehtiyac duyurdum.
- Keçmiş komandaların “Neftçi”ylə “Qəbələ” ötən mövsümü uğursuz başa vurdular. Biri avrokuboklara vəsiqə qazana bilmədi, digəri elitanı tərk etdi. Bu nəticələri görəndə təəccübləndin?
- Nə yalan deyim, mövsümü tam şəkildə izləmək imkanım olmamışdı. Çünki Malaziyada oyunlara çıxırdım, məşqlərdə olurdum, bir də saat fərqi var. Amma zaman-zaman dostlarıma görə nəticələrə baxırdım. Xüsusən “Zirə”ni diqqətdə saxlayırdım. Axı orada mənə doğma olan Ruan Renato ilə Rafael Utziq oynayır. “Neftçi”ylə “Qəbələ”ni çempionat ərzində görmədiyim üçün onlar haqda fikir bildirmək çətindir. Hər iki kluba gələcəkdə uğurlar arzulayıram.
- Öncə Ruan “Zirə”yə keçdi, ardınca Rafael onun yanına getdi. Sən də Rəşad Sadıqovdan təklif gözləyirdin?
- (gülür) Bu barədə nəsə danışmağım düzgün olmaz. Hazırda “Araz-Naxçıvan”ın futbolçusuyam və burada olmaqdan məmnunam.
HƏBİB