Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanov "report"a müsahibə verib.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu Albaniya təmsilçisi “Bilis”ə transferindən danışıb.
O, yeni komandasının və özünün hədəflərini açıqlayıb. "Kəpəz"in sabiq forvardı Gəncə təmsilçisindən incidiyini də gizlətməyib.
- Albaniya təmsilçisi “Bilis”ə transferiniz necə baş tutdu?
- Transferim bir gün ərzində baş tutdu. Azərbaycanda başqa komanda ilə danışıqlar aparırdım. Axşam zəng gəldi ki, Albaniya çempionatında oynamaq variantı yaranıb. Mən də bəzi adamlardan soruşdum, maraqlandım və yaxşı olacağını düşünərək razılıq verdim. Klubla mənim maraqlarım üst-üstə düşürdü. İnternet vasitəsi ilə də araşdırdım, neqativ nəsə görmədim. Bilet aldılar və dərhal Albaniyaya gəldim.
- Azərbaycanlı futbolçulardan Rauf Əliyev də Albaniya çempionatında çıxış edib. Onunla məsləhətləşdiniz?
- Xeyr, sözün açığı, bu barədə onunla məsləhətləşmədim. Başqa insanlar var idi, onlarla danışdım, hər şeyin yaxış olduğunu dedilər. Legioner həyatı yaşamaq mənə də maraqlı gəlir.
- Azərbaycan klubu ilə danışıqlar apardığınızı söylədiniz. Həmin təklif sizi qane etmirdi?
- Azərbaycanda bir neçə klubda çıxış edə bilərdim. Bu barədə uzun danışmaq istəmirəm. Amma "Kəpəz"i deyə bilərəm ki, mənə verdikləri sözü tutmadılar. Onları gözlədim, istədiyim cavabı ala bilmədim. Mən klubsuz qala biləcək futbolçu deyiləm.
- Sizə "Kəpəz"də hansı vədlər verilmişdi?
- Köhnə söhbətlərə çox qayıtmaq istəmirəm. Lakin sual verdiyinizə görə deyə bilərəm ki, ötən qış "Kəpəz"ə gələndə konkret müqavilə təklif etmişdilər. Bildirdilər ki, komanda Premyer Liqada yerini qorusa, danışdığımız şərtlər əsasında bizimlə yoluna davam edəcəksən. Mən öz üzərimə düşəni etdim, kömək göstərdim, amma yola davam etmədik. Onların sözlərini tutmamasına görə incidim. Belə olacağını gözləmirdim, çünki onları belə tanımırdım. Bu söhbətlərə görə 3 aya yaxın klubsuz qalmışdım. Şükürlər olsun ki, bu gün hər şey daha da yaxşıdır və “Bilis”də çıxış edirəm.
- Yeni transfer olduğunuz “Bilis”in qarşısına hansı hədəflər qoyulub?
- Hədəf yüksək pillələr uğrunda oynamaq, maksimum irəliləməkdir. Hətta işlər qaydasında getsə, UEFA Konfrans Liqasına da vəsiqə qazanmaq istəyəcəklər. Son oyunlarını izləmişəm, məğlub oldular. İnşallah, əlimdən gələni edəcəm ki, komanda qələbələr qazansın.
- Xarici ölkələrdə legioner həyatı yaşayan azərbaycanlı futbolçular bir çox hallarda ümidləri doğrultmurlar. Bu məqam sizi qorxutmur?
- Əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, komandam qalib gəlsin. Çünki əsas klubun maraqlarıdır. Hücumçu olaraq vəzifəm qol vurmaqdır, bunun üçün çox çalışacağam.
- Legioner kimi ilk sınağınız olacaq. Uyğunlaşmaq kimi problemlərin olacağını düşünmürsünüz?
- Nəzərə alaq ki, 3-4 ay klubsuz qaldım. Ola bilər ki, uyğunlaşmaq üçün bir az vaxt lazım olsun. Düşərgəyə toplanış vaxtı gəlmədim. Artıq Albaniyada çempionat başlayıb, V turun görüşləri keçirilir. Qısa zamanda uyğunlaşmaq istəyirəm. Albaniyada həm özüm, həm də məni sevənlər üçün ümidləri doğrultmağa çalışacağam.
- Ümidləri doğruldaraq yenidən Azərbaycan millisinə dəvət alacağınıza inanırsınız?
- Əlbəttə, inanıram. Əsas məqsədlərimdən biri də budur. Heç vaxt ümidimi itirməmişəm. Klubsuz qaldığım müddətdə məşqləri bir an belə dayandırmadım. Çünki inanırdım ki, yaxşı təklif alacağam. Heç nə üçün gec deyil. Azərbaycan millisinin şərəfini qorumaq qürurdur.