COP29

“AFFA-ya iki sponsor göndərdim, onlar belə, şübhə ilə yanaşırlar, içlərində qorxu var”

16 Sentyabr 20:40 Müsahibə 1 531
“AFFA-ya iki sponsor göndərdim, onlar belə, şübhə ilə yanaşırlar, içlərində qorxu var”

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Elşən Rəsulov Azərbaycan idmanına və futboluna yaxın şəxs olsa da, əksəriyyət onu tanımır.

Qarabağ müharibəsində Azərbaycan Ordusuna gərəkən dəstəyi verən, ölkəmizdə meydançaların salınmasında yaxından iştirak edən bu şəxs həm də “Difai” Futbol Klubunun İdarə Heyətinin üzvüdür.

Elşən bəylə müsahibəyə zərurət də elə buradan yarandı. Səbəbkarla söhbətdə bir çox maraqlı mövzulara toxunaraq səmimi cavablar eşitdik.

(müsahibənin əvvəli burada - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/203484.html // https://www.sportinfo.az/idman_xeberleri/musahibe/203527.html)

Geniş planlarınız var. Təki bu yöndə gördüyünüz və görmək istədiyiniz işlər məntiqli sonluğa çatsın.

- Azərbaycan dövlətinin şəhid və qazi övladlarının bir yerə adaptasiyası olması üçün böyük dəstəyi var. Bu gücdən istifadə edərək “Difai”ni daha sürətli şəkildə inkişaf etdirə biləcəyimizə inanıram. Ona görə də klubumuzun təkcə futbolda deyil, digər idman növlərində də daxili və xarici yarışlarda uğurlu olmasını istəyirik. İnşallah, çəkdiyimiz əziyyət pozitiv sonluğa çatar. Yadıma gəlir ki, “Difai” çempionata qoşulanda formamız yox idi. Hətta uşaqlar məşqlərə öz geyim dəstləri ilə çıxırdılar. Çox keçmədən Türkiyədə komanda üçün formalar sifariş edib göndərdik və bu gün ən yaxşı formaya sahibik.

- Cari mövsüm üçün “Difai”nin hədəfi nədir?

- İlk növbədə yaxşı futbol göstərib, uğurlu nəticələr qazanmaqla ilk “5-lik”də yer almaq istəyirik. Yeri gəlmişkən, “Qarabağ”ın fanatıyam və komandamızın Avropada və Türkiyədəki bütün matçlarına gedirəm. Rəhbərlik sağ olsun, lazım olan dəstəyi verirlər. Odur ki, növbəti mövsümlər üçün hədəfimiz Premyer Liqaya yüksəlib, nə vaxtsa “Qarabağ”a qarşı layiqli futbol oynayan komanda görməkdir. “Qarabağ” çempion olar, eybi yox, biz ikinci olarıq (gülür).

- Türkiyədə iş adamları futbol klublarına sponsorluq etmək üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycanlı iş adamları isə futbola sərmayə yatırmaqda maraqlı deyil. Məsələn, şanlı tarixə malik “Kəpəz” sponsorsuz qalıb, doğma rayonunuzu təmsil edən “Şamaxı”ya pul xərcləyən yoxdur. Səbəbi nədə görürsünüz?

- Birinci səbəb regional güclərin olmamasıdır. Bələdiyyəçiliyin, yerli idman təşkilatlarının istənilən gücdə olmaması. İkinci və əsas səbəb iqtisadi-siyasi vəziyyətdir. Uzun illər xaricdə tıhsil almışam, çox əziyyətlər çəkmişəm və şükürlər olsun, bu gün halal zəhmətimlə pulumu qazanıram, istədiyim sahəyə yatırım edə bilirəm. Təəssüf ki, Azərbaycandakı vəziyyət bir qədər fərqlidir. İnsanların qazandığı pulların mənbəyi bilinmədiyi üçün əllərindəki vəsaiti xərclədikləri zaman özlərinə əlavə problem yaratmış olurlar. Məsələn, Türkiyədə iş adamları idmana sərmayə yatıranda müəyyən güzəştlər nəzərdə tutulur.

- Nə kimi güzəştlər?

- Dövlət həmin şəxsləri dövlət vergisindən azad edir. Çünki adam idmana yatırım edir. Azərbaycanda bu kimi güzəştlər yoxdur. Tətbiq olunsa, bilirəm ki, bir çox iş adamları idmana pul xərcləmək, xalqa qulluq etmək həvəsinə düşəcək. Əvəzində gəlir vergisindən azad ediləcəklər ki, bu da işlərinə kömək edəcək. İqtisadi görüşlər zamanı bu məsələni qaldırmışıq Hazırda AFFA prezidenti Rövşən Nəcəf bu sistemin tətbiqi üçün cəhd edir. Bu kimi çətinliklər aradan qalxsa, şəffaflıq olsa, Azərbaycandakı və Türkiyədəki iş adamları idmana yatırım etmək həvəsinə düşəcək. Adam tanıyıram ki, Azərbaycanda bir mağazası olduğu halda, Türkiyədə 20 fabrikə sahibdir. İnsanların içində keçmişdən qalan qorxu var. Şükürlər olsun, son dövrlər bu cür çətinliklər minimuma endirilib. Qorxan adamlar da o dövrü görən 45-55 yaş aralığında olanlardır. Şəffaflıq olsa, sizi inandırım, Türkiyədəki iş adamları da Azərbaycan idmanına vəsait ayıracaq. Məsələn, bir müddət öncə AFFA-ya iki sponsor göndərdim. Assosiasiya ilə sözləşmə imzalayıblar. Onlar belə, şübhə ilə yanaşırlar, içlərində qorxu var.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti