COP29

“Başlıca plan Azərbaycanda nüfuzlu klublardan birinə çevrilməkdir”

15 Sentyabr 18:35 Müsahibə 1 814
“Başlıca plan Azərbaycanda nüfuzlu klublardan birinə çevrilməkdir”

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Elşən Rəsulov Azərbaycan idmanına və futboluna yaxın şəxs olsa da, əksəriyyət onu tanımır.

Qarabağ müharibəsində Azərbaycan Ordusuna gərəkən dəstəyi verən, ölkəmizdə meydançaların salınmasında yaxından iştirak edən bu şəxs həm də “Difai” Futbol Klubunun İdarə Heyətinin üzvüdür.

Elşən bəylə müsahibəyə zərurət də elə buradan yarandı. Səbəbkarla söhbətdə bir çox maraqlı mövzulara toxunaraq səmimi cavablar eşitdik.

(müsahibənin əvvəli burada - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/203484.html)

- Səhv etmirəmsə, Türkiyə-Azərbaycan İş Adamları Birliyinin üzvüsünüz.

- Azərbaycan İş Adamları Birliyinin, eləcə də TUSİAB-ın üzvüyəm, Türkiyə Gənc İş Adamları Birliyinin qurucusuyam, Macarıstan Birliyinin üzvüyəm. Belə olduğu halda söz sahibi olan insanlarla əlaqələrimiz yaranmağa başladı. Yadınızdadırsa, 44 günlük müharibədən sonra qazilərimizin Türkiyəyə səfərləri gerçəkləşirdi.

- Xatırlayıram.

- İdman və futbol sektorunda çalışdığımız üçün Türkiyənin futbol klublarının idarəçiləri bizi tanıyır. “Qalatasaray”, “Alanyaspor”, “Antalyaspor”, “Sivasspor”, “Ərzurumspor”, “Eyüpspor” kimi klubların rəhbər şəxsləri ofisimizi ziyarət edərək bizimlə əlaqə qurmağa başladılar. Məqsədlərini açıq şəkildə deyirdilər ki, Azərbaycan futbolunun inkişafında və müharibədən sonra Qarabağın yenidən qurulmasında yaxından iştirak etmək istəyirlər. Sadaladığım klubların sponsorları inşaat sektorunda hegemon şirkətlər olduğu üçün Azərbaycanda, xüsusən də Qarabağda iş qurmaq həvəsindəydilər. Türkiyə-Azərbaycan İş Adamları Birliyində İş İnkişaf Etdirmə Departamentinin rəhbəri olduğum üçün bizimlə görüşə gəlirdilər. “Antalyaspor” və “Alanyaspor” klublarının rəhbərləri maraqlı təklif irəli sürdü.

- Nə kimi?

- “Alanyaspor”un başqanı Hasan Çavuşoğlu bildirdi ki, onun Azərbaycan dövləti ilə üst səviyyədəki görüşlərini təşkil etsəm, Qarabağda qazi olan insanlara və onların ailələrinə maddi-mənəvi məsələlərdə, xəstəxana, müalicə məsələlərində dəstək olacaqlar. Cəlbedici təklif olduğundan, bu barədə dövlətə məktub ünvanladım. Sağ olsunlar, müraciətimi qəbul etdilər. Və elə alındı ki, “Difai”nin qurucusu Asəf Məlikovla tanış olduq. Çünki Asəf bəy o dövrdə qazilərin sosial işləri ilə məşğul olurdu. Həmin vaxt “Difai” klubu fəaliyyət göstərmirdi, Asəf Məlikov Qılıncoynatma Federasiyasında çalışırdı. Münasibətlərimiz buradan yarandı və sonradan “Difai” klubu ərsəyə gətirildi. Klubun inkişaf etməsi və böyüməsi üçün mənə rəhbər şəxslərdən biri olmağı məsləhət gördülər.

- “Difai”dəki fəaliyyətiniz, kluba verdiyiniz dəstək nələrdən ibarətdir?

- Bu dəqiqə əsas işimiz “Difai”nin xarici işlərini və əlaqələrini yaratmaqdır. Klubun gərəkən ehtiyaclarının qarşılanması, ölkə xaricindən legionerlərin uyğun şərtlərlə cəlb olunması kimi tələbləri yerinə yetirməyə çalışıram. Bu işlərin maddi yükünün bir hissəsi üzərimizə düşür.

- “Difai” ilə bağlı yaxın gələcək üçün planlarınız nədən ibarətdir?

- Başlıca plan Azərbaycanda nüfuzlu klublardan birinə çevrilməkdir. Ölkəmizdə ən böyük problem gənclərin idman etməsi üçün lazımi qədər məşq meydançalarının olmamasıdır. Burada söhbət təkcə futboldan yox, basketbol, voleybol, tennis kimi idman növlərindən gedir. Türkiyədə az qala hər məhəllədə, futbol, basketbol, tennis sahələri yerli bələdiyyələr tərəfindən xalq üçün tikilir və pulsuz istifadəyə verilir. Bu meydançalarda xoş vaxt keçirirlər, dostluq edirlər, uşaqların ailələri bir-biri ilə tanış olur. Ən böyük istəyim və məqsədim tək Bakıda yox, regionlarda da bu cür məşq mərkəzlərinin pulsuz istifadəyə verilməsidir. Burada SOCAR-ın qolu olan “Petkim” şirkətinin futbol və voleybol klublarını açmışıq, inşallah, həndbol və digər növləri də istifadəyə veriləcək. Mən də şirkətin idman sahəsinin üzvüyəm. Söhbəti niyə “Petkim”ə gətirdim? “Difai”nin də cür klub olmasını arzulayıram. Tək futbolla kifayətlənməyək, digər idman növlərini də nəzərə alaq. Kişi komandaları ilə yanaşı, qadın komandalarımız da olsun. Gələcəkdə klubumuz dövlət tərəfindən müəyyən formada dəstək görəcəyinə də ümid edirəm.

(davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!