COP29

“Çox əziyyət çəkdik” - “Qarabağ”a 2 qol vuran eks “Yuventus”lu

30 Avqust 19:40 Müsahibə 783
“Çox əziyyət çəkdik” - “Qarabağ”a 2 qol vuran eks “Yuventus”lu

“Dinamo”nun yarımmüdafiəçisi Marko Pyaça Sportinfo.az-a müsahibə verib.

Sabiq “Yuventus”lu komandasının cavab qarşılaşmasında “Qarabağ” üzərində qazandığı 2:0 hesablı qələbə haqda sualları cavablandırıb.

- Komandanıza Çempionlar Liqasında uğurlar arzulayıram. Təəssüratların necədir?

- Xoş arzunuz üçün təşəkkür edirəm. “Dinamo” və Xorvatiya futbolçu üçün Çempionlar Liqası çox vacib idi. Pley-offda iki oyunun nəticəsinə 5:0 hesabı ilə qalib gəlməyimiz çox yaxşı oldu. İlk oyunu istədiyimiz kimi keçirməmişdik, ciddi səhvlərə yol vermişdik. Səhvlərimizdən nəticə çıxarıb Bakıda daha intizamlı və kompakt oynadıq.

-“Qarabağ”ı hər iki oyunda məğlub etmək üçün nə etdiniz?

- “Qarabağ” çox yaxşı komandadır və düşünürəm ki, son illərdə yaxşı nəticələr qazanmağı bacarıblar. Bir neçə ay əvvəl Bundesliqanın çempionu “Bayer 04”ün qapısından iki matçda 4 top keçirmişdilər. “Qarabağ”ın bəzi oyunlarının icmalına baxmışdıq, təhlükəli komanda olduğunu bilirdik. Məşqçilər heyətindən lazım olan tapşırıqları almışdıq ki, meydanda onları yerinə yetirməyə çalışdıq. Fikrimcə, cütün taleyini təcrübə həll etdi. “Qarabağ”la müqayisədə “Dinamo” daha təcrübəlidir.

- Püşkatmadan sonra “Qarabağ”ın adını görəndə, 180 dəqiqəni necə təsəvvür etmişdin?

- Gücümüzə inanırdım, ancaq bu cür olacağını təsəvvür etmirdim. Bəli, nəticə bizim üçün çox yaxşıdır. Ancaq 180 dəqiqə ərzində sərgilənən oyuna baxsaq, bizim üçün heç də asan olmadı. “Qarabağ” “Maksimir”də çox sayda qol imkanları yaxalamaqla bizə təhlükə yaratmışdı. Bu gün də fərqlənmək üçün şansları oldu. Bizim üçün asan olmayacağını bilirdim və belə də oldu.

- Azərbaycanda gördüklərin barədə nə deyə bilərsən?

- Şəhəriniz çox gözəldir. Fanatlar da sağ olsunlar, stadionda möhtəşəm atmosfer yaratmışdılar. Belə ab-havada oynamaq asan deyil. Sevinirəm ki, qələbə bizim oldu.

- Rəqibin heyətində hansı futbolçuları fərqləndirə bilərsən?

- Söhbət “Qarabağ”dan gedirsə, ad çəkə bilmərəm. Çünki kollektiv futbol göstərirlər, hücumlar zamanı hər bir oyunçu özü ilə böyük təhlükə daşıyır. Ən çox bəyəndiyim hücum futbolu oynamaları və hücumlar zamanı rangarəng görünmələridir. Yenə deyirəm, 5:0 hesabı qeydə alınsa da, çox əziyyət çəkdik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM