COP29

“Mərhələni adlayacağımızı düşünürdüm... heç kim yatmayacaq”

22 Avqust 21:20 Müsahibə 4 685
“Mərhələni adlayacağımızı düşünürdüm... heç kim yatmayacaq”

“Osiyek”in futbolçusu Verdan Yuqoviç Sportinfo.az-a müsahibə verib.

34 yaşlı kapitan komandasının Konfrans Liqasının üçüncü mərhələsində “Zirə”yə məğlubiyyəti ilə bağlı sualları cavablandırıb.

- Niyə məğlub oldunuz?

- Bu cür məğlubiyyət həqiqətən çox ağırdır. Biri var heç nə etmədən, yəni rəqibdən zəif olduğuna görə uduzasan, biri də var 2 oyunda 3 qol vurub, penaltilər seriyasında bacarmayasan. Ən çox təsir edən həm Osiyekdə, həm də Bakıda son dəqiqələrdə qol buraxmağımız oldu. Danışmaq çox ağırdır.

- Səbəbi nədə görürsən?

- Gənc komanda olmağımızda. Bir çox futbolçuların avrokubok təcrübəsi yox idi. Fikrimcə, bu oyunlar onlar üçün böyük təcrübə oldu. Təcrübəmiz çatmadı deyərdim.

- “Zirə” pley-offu haqq edirdi?

- Məncə, keyfiyyət baxımından biz daha üstün idik. Bunu oyunların böyük hissəsində dominantlıq etməklə göstərdik. Futbol elədir ki, qol vurmasan, qalib olmursan. Hər iki komanda əzmkarlıq göstərdi, sona qədər döyüşdü, lakin mərhələni onlar adladı. “Zirə”yə növbəti matçlarda uğurlar arzulayıram.

- Penalti seriyasında sanki hazır deyildiniz.

- Belə deməzdim. Sadəcə, “Zirə”nin qapıçısı möhtəşəm oynadı. Əslində, bizim qapıçımız da əla idi. Biri 4, digəri 3 zərbəni dəf etdi. Belə baxanda, rəqib futbolçular da 3 penaltini boşa verdi. Dediyim kimi, qapıçılara alqış düşür.

- Püşkatmada “Zirə”nin adını görəndə sonluğun belə olacağını təsəvvür edirdin?

- Gizlətmirəm, mərhələni adlayacağımızı düşünürdüm və arzulayırdım. Bunu “Zirə”yə görə demirəm, ümumiyyətlə, hansı komanda ilə qarşılaşsaydıq, bu cür düşünəcəkdim. Püşkatma zamanı geniş məlumatlara sahib deyildik. Təhlillər zamanı anladıq ki, yaxşı futbolçulardan qurulmuş sərt komandadır. 210 dəqiqə onların daha hazırlıqlı və istəkli olduğunu göstərdi.

- Bu axşam yatacaqsan?

- Nəinki mən, heç kim yatmayacaq. Yəqin ki, hamı videotəkrara baxacaq, oyunu göz önündən keçirəcək. Çətin kiminsə gözlərinə yuxu getsin.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi