COP29

"Bu gün "Qarabağ"a olan xoş münasibəti əyani gördük" - MÜSAHİBƏ

18 Avqust 19:00 Müsahibə 2 051
"Bu gün "Qarabağ"a olan xoş münasibəti əyani gördük" - MÜSAHİBƏ

“Qarabağ” Futbol Akademiyasında yay seçimlərinin birinci mərhələsinə bu gün yekun vuruldu.

Yeni istedadlar üçün axtarışa çıxan Ağdam təmsilçisinin Quzanlıda başlayan seleksiyası Bakıda başa çatdı.

Seçimlərdə 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018-ci il təvvəllüdlülər iştirak etdi.

Proses təxminən 2500 nəfərə yaxın uşağı əhatə edib.

Akademiyanın baş koordinatoru Aftandil Hacıyevlə söhbətimiz də məhz seçimlərin birinci mərhələsini əhatə etdi.

Təcrübəli mütəxəssis ilk öncə seçimlərin məqsədi barədə fikirlərini dilə gətirib.

- Yay seçimlərini Quzanlı, Zaqatala və Bakıda keçirdik. Məqsədimiz futbolun kütləviliyini artırmaq, "Qarabağ" klubunun arzusunda olanlara bu imkanı tanımaq idi. Qarışıq bir seçim olduğunu demək olar. Həm peşəkar, həm də həvəskar futbolçulara şans verdik.

- Seçimlərə maraq necə idi?

- Gözlədiyimizdən də daha çox uşaq akademiyamıza qoşulmaq üçün seçimlərimizdə iştirak etdi. Bakıda bu gün böyük izdiham yaşandı. Bu qədər uşaq gələcəyini gözləmirdik.

- Məkanlar üzrə təxminən hansı sayda iştirakçı oldu?

- 500-dən artıq uşaq Quzanlı, 200-dən artq uşaq Zaqatala və 1500-ə yaxın uşaq da Bakı seçimlərində iştirak etdi.

- Bu qədər uşaqdan neçəsi məşqçilərin müsbət rəyini ala bildi?

- Quzanlıda 25-30 arası, Zaqatalada 20, Bakıda 85 nəfər müxtəlif yaşlarda uşaq növbəti mərhələ üçün seçiliblər.

- Daha neçə mərhələ uşaqları arzularından ayırır?

- Seçilən uşaqları daha iki mərhələ gözləyir. Növbəti mərhələdə ilkin seçimlərdə diqqətimizi cəlb edənlər arasında seçim edəcəyik. Sonuncu mərhələdə isə seçilənlər akademiyamıza qəbul ediləcəklər.

- Axtardığınız istedadları daha çox bölgələrdə tapa bildiniz, yoxsa paytaxtımızda?

- Bölgələrimizdə istedadlı uşaqların sayı az deyil. Sadəcə uşaqların məşq etmələri üçün şəraitləri olduqca aşağı səviyyədədir. Sürət və gücləri baxımından Bakıdakı uşaqlardan seçilirlər. Amma futbol məktəbləri olmadığına görə topla davranışları istənilən səviyyədə deyil. Əfsuslar olsun ki, istedadı görünən bir çox uşağın yaşı artıq 14 və ya 15-dir. Yaşı az olan uşaqların üzərində daha çox dayanmalı oluruq.

- Uşaq sayı çox, vaxt isə məhdud. Seçim aparmaq çətin olmadı?

- Əlbəttə, istərdik futbolçuları daha çox izləmək imkanımız olsun. Ehtimal etdiyimizdən daha çox uşaq gəldiyi üçün çox oynamaq imkanı yarada bilmirdik. Tez-tez dəyişməli olurduq. Lakin düşünürəm ki, az bir vaxtda da istedadı olan uşaqları görə bildik. Amma diqqətimizdən qaçanlar da ola bilər. Bu, seçimdə iştirak edənlərin sayının çoxluğu ilə bağlı idi. Heç kəsin kənarda qalmaması üçün gələcəkdə də seleksiya məşqləri təşkil edəcəyik.

- Valideynlərin təklif etdiyiniz seçimlərə münasibəti necə oldu?

- Seçimləri izləmək üçün gələn valideynlər az deyildi. Onlar da sağ olsunlar şəraitə görə anlayış göstərdilər. Övladlarını daha rahat izləməyimizə mane olmurdular. Öncədən mühafizəçilər dəvət etmişdik. Say çox olduğu üçün işləri ağır oldu. Onlara da təşəkkür edirəm. İstənilən halda düşünürəm ki, seçimlər pis alınmadı. 1500-ə yaxın uşağın hər birinə şans tanıdıq. Bunun üçün böyük meydançanı 6 hissəyə ayırmışdıq.

- Seçimlərdən narazı qalan valideynlər oldumu?

- Narazılıq yəqin ki, olacaq. Təbii ki, hər kəs istəyər ki, övladı daha çox oynasın. Amma bugünkü şərait nəyə imkan verirdisə onu etdik. Bir meydançamız var. Gələcəkdə 2-3 meydançamız olarsa, belə seçimləri daha rahat keçirə bilərik.

- Həqiqətən, iştirakçı sayına baxanda ciddi maraq olduğu aydın görünür. Marağın bu qədər böyük olmasını nə ilə bağlayardınız?

- Yəqin ki, əsas komandamızın Avropa arenasında əldə etdiyi uğurların və ötən mövsüm akademiyamızın göstərdiyi müsbət nəticələrinin bunda təsiri var.

- Bu gün yaşananlar əsas komandanın gələcək nəticələrinə də müsbət təsir edə bilərmi?

- Niyə də etməsin? Futbolla məşğul olanlar az deyil. Futbol sevgisi görünürdü. Amma buraya "Qarabağ" sevgisini də əlavə etmək olar. Bu gün çox böyük bir bayram idi. Festivala daha çox bənzəyirdi. Klubumuzdan olan hər kəs yaşanan izdihamı sevinclə qarşıladı. "Qarabağ"a olan xoş münasibəti gördük. Gənclərin futbola axını hiss olunur. Sadəcə meydançalırın sayını artırmaq lazımdır. Məhəllərədə, məktəblərdə və klubların akademiyalarında şərait yaxşılaşdırılmalıdır ki, istedadlı uşaqlarımız üzə çıxa bilsinlər.

Xanoğlan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM