COP29

Ispaniyalı “Qarabağ”la oyuna qiymət verdi: “Katastrofa!”

6 Avqust 19:00 Müsahibə 2 004
Ispaniyalı “Qarabağ”la oyuna qiymət verdi: “Katastrofa!”

“Linkoln”un ispaniyalı futbolçusu Nano Qonzalez Sportinfo.az-a müsahibə verib.

39 yaşlı müdafiəçi Çempionlar Liqasında “Qarabağ”a 0:5 hesablı məğlubiyyətlə bağlı sualları cavablandırıb.

- Oyunla bağlı fikirlərini eşitmək maraqlıdır.

- Bu cür hesabdan sonra danışmağa söz yoxdur. Bir adı var, katastrofa! Bizim kimi komandalar üçün Çempionlar Liqasında mübarizə aparmaq çətindir. Çünki bura başqa səviyyədir. Üstəlik, rəqib “Qarabağ” kimi təcrübəli futbolçulardan qurulmuş kollektivdirsə. Onların gücünü ötən il görmüşdük, bu dəfə yenə şahidi olduq. “Braqa” səddini keçən, “Bayer Leverkuzen”lə başa-baş futbol oynayan komandaya qarşı mübarizə aparmağa çalışdıq. Bundan sonranı düşünməliyik.

- Öz meydanınızda 0:2 hesabı ilə uduzmuşdunuz. Buna baxmayaraq, yenə əsas diqqəti müdafiəyə ayırmaqla “Qarabağ”a daha çox hücum qurmaq şansı verdiniz.

- Məşqçilər heyəti rəqibin oyununu təhlil etmişdi. Bu cür rəqibə qarşı açıq oynamaq mümkün deyil. Müdafiədə az adamla qalsaydıq, daha çox şans yaxalayacaqdılar. Ona görə də arxa xətdə sıxlıq yaradıb, bəxtimizi əks-hücumlarda axtarırdıq. Bəhanə kimi hesab etməyin, ancaq meydan amili də müəyyən mənada sözünü dedi. Biz süni örtükdə oynamağa alışmışıq, burada otun üstündə mübarizə aparmalıydıq.

- Bura qələbə qazanmağa gəlmişdiniz, yoxsa böyük hesabla məğlub olmamaq üçün?

- Hər nə qədər çətin olduğunu qəbul etsək də, məqsədimiz əks-hücumlar zamanı qol vurub mərhələni adlamaq idi. Bəzən hər şey istəklə həll olunmur. “Qarabağ”a qarşı mübarizə aparmaq, qapının toxunulmazlığını qorumaq çox çətindir. “Qarabağ” həqiqətən başqa səviyyədir.

- Rəqibin heyətində hansı futbolçu əsəblərinizin möhkəmliyini yoxladı?

- Hər biri (gülür). Cinah yarımmüdafiəçiləri və hücumçudan ibarət “üçlük” hədsiz dərəcədə texnikalı və sürətlidir. Bir-birini çox yaxşı başa düşürlər. Yarımmüdafiənin mərkəzi də daim onlara dəstək verir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM