Belçika millisinin və “Liverpul”un keçmiş forvardı, hazırda “Di Si Yunayted”də oynayan Kristian Bentekenin qardaşı Conatan Benteke Sportinfo.az-a müsahibə verib.
"Şamaxı"nin heyətində Premyer Liqada debüt edən belçikalı hücumçu 1-ci turun "Sabah"la matçından (2:2) danışıb.
- Oyunla bağlı nələr deyə bilərsən?
- Komanda olaraq yaxşı mübarizə apardıq. Və sonda istədiyimizi nəticəni ala bildik. Çox sevincliyəm.
- "Sabah" bir neçə gün əvvəl güclü "Makkabi"ni məğlub edə bilmişdi. Belə rəqib qarşı özünüzü necə kökləyə bildiniz?
- "Sabah" keyfiyyətli komandadır. Amma biz də heç kimdən çəkinmirik. Hər oyuna eyni hazırlaşırıq. Buraya da yaxşı nəticə üçün gəlmişdik. Şadam ki, bunu bacardıq.
- 0:2 geridə olan anda böyük hesabla uduzmaq qorxusu yaşadınız?
- Yox, elə bir şey olmadı. Özümüzə inanırdıq. Bilirdik ki, ikinci yarı "Sabah" daha da yorğun olacaq. Lazımı vaxtda vurduğumuz qollarla 1 xal əldə edə bildik.
- Bir tur arxada qaldı. Yəqin ki, digər matçları da izləmək imkanın oldu. Premyer Liqa ilə bağlı düşüncələrin necədir?
- Nəinki birinci tur, daha əvvəl liqanın başqa görüşlərini də izləmişəm. Çempionatın səviyyəsi normaldır. Zaman keçdikcə mənə hər şey daha aydın olacaq. İndiki durumda hər şey məni qane edir.
XANOĞLAN İMANOV