COP29

Rəhbərlə MÜSAHİBƏ: "Xəbərim var ki, qərarımız "Neftçi"də birmənalı qarşılanmayıb"

5 Avqust 13:00 Müsahibə 1 643
Rəhbərlə MÜSAHİBƏ: "Xəbərim var ki, qərarımız "Neftçi"də birmənalı qarşılanmayıb"

Bir illik aradan sonra Premyer Liqaya qayıdan “Şamaxı” mövsümə uğurlu start verməsilə yadda qaldı.

"Şirlər" iddialı "Sabah"la səfər meydanında 1 xala sevinə bildi - 2:2.

Qarşılaşmanı izləyənlər arasında yer alan klubun İdarə heyətinin sədri Elçin Usub matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- "Şamaxı"nı yenidən Premyer Liqada xoş gördük...

- Təşəkkür edirəm.

- Mövsümə qələbəyə bərabər heç-heçə ilə start verdiniz. Həm də 0:2 geridə olduğunuz matçda. Qısa müddətdə belə mübariz "Şamaxı" gözləyirdiniz?
- Ümid edirdik. İnşallah, bundan yaxşısını görəcəksiniz.

- Hədəflər də artacaqmı?
- Birmənalı olaraq məqsədimiz Premyer Liqada möhkəmlənməkdir. Qarşıdakı 35 turda nəticələrimizlə göstərmək istəyirik ki, bizim də elitada yerimiz var.

- Düşünmürsünüz ki, bu gün evdə oynasaydınız yorğun görünən rəqib üzərində qələbə də qazana bilərdiniz?
- Elə düşünmürük. Bizim çempionatda bəlli məqsədlərimiz var. Biz bu gündən danışmalıyıq. Ola bilər ki, rəqib futbolçuların yorulması və əsas heyətin ilk hissədə meydanda olmaması nəticəyə təsir etdi. Amma bizim komanda da göstərdi ki, Premyer Liqaya elə-belə qayıtmamışıq.

- Avrokuboklarda iştirak edən "Sabah"ın müraciəti əsasında oyunun yeri dəyişdirildi. İki mövsüm əvvəl oxşar vəziyyətdə "Neftçi"yə mənfi cavab vermişdiniz. Bu, azarkeşlər tərəfindən birmənalı qarşılanmadı. Fərqli qərar verilməsinə səbəb nədir?
- Mənim də xəbərim var ki, mediada və xüsusilə "Neftçi" azarkeşləri arasında qərarımız birmənalı qarşılanmadı. Lakin burada başqa məsələlər var. İki il əvvəl vəziyyət tamam başqa cür idi. Yayda yeni rəhbərlik gəlmişdi. Yerli publika "Şamaxı"nın Premyer Liqada ilk matçını səbrsizliklə gözləyirdi. Qərarda bu məqam əsas rol oynamışdı.

- Bir illik fasilədən sonra "Şamaxı" Premyer Liqaya qayıtdı. Ab-hava necədir?
- Premyer Liqanın yeri başqadır. Ab-havaya qalanda isə könül istər ki, tribunalarda daha çox tamaşaçı olsun. Ümid edirəm ki, oyunların səviyyəsi artıqca azarkeşlər təkcə avrokuboklarda yox, daxili matçlarda da tribunalarda yer alacaqlar. Azarkeşlərin önündə oynanılan futbol başqa olur.

- Və bu gün qonaq tribunasında 1 azarkeşiniz belə yox idi. Şamaxılılara hər hansı çağrışınız varmı?

- Ən yaxşı təbliğatımız oyunumuzdur. Azarkeşlərlə daim ünsiyyətdəyik. Rəsmi və ya qeyri-rəsmi biznes dairələri ilə danışıqlar aparırıq ki, onlar da bu kluba sahib olsunlar. Sahib olmağın əsas nişanəsi də stadiona azarkeşlərin gəlməsidir. Birinci Liqa oyunlarında 1000-1500 azarkeş bizi dəstəkləyirdi. Ümid edirəm ki, elitada daha çox tamaşaçı bizim yanımızda olacaq.

- Bölgədə insanların sosial durumunu nəzərə alsaq, az sayda fanatın səfər oyunlarına da gəlməsinə dəstək olmaq barədə düşünürsüz?

- Bu istiqamətdə işləyəcəyik. Bunlar həm də maliyyə tələb edən məsələlərdir. Biz də istərdik 10 avtobus azarkeşlə səfərə yollanaq.

- Deməli, hər şey sonda maliyyədə dayanır. O zaman yeni sponsor məsələsi ilə bağlı vəziyyət necədir?

- Gözləməklə iş bitmir. İş davam edir. Sadəcə qabağa qaçmaq istəmirəm. Artıq ilkin razılaşmalar var. Yerli biznes sahələri ilə müəyyən iş gedir. İnanıram ki, tezliklə bu barədə mediaya müvafiq açıqlama verə biləcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM