COP29

Polis zabitindən “Sportinfo”ya inanılmaz etiraflar, “Qarabağ”la bağlı xüsusi suallar

2 Avqust 20:20 Müsahibə 1 561
Polis zabitindən “Sportinfo”ya inanılmaz etiraflar, “Qarabağ”la bağlı xüsusi suallar

“Qarabağ” – “Linkoln” qarşılaşmasında (5:0) meydana 42 yaşlı futbolçunun ayaq basması bəlkə də heç kimin diqqətini çəkmədi.

80-ci dəqiqədə oyuna qoşulan Li Henri Kaşaro ötən yay da Bakıya səfər edərək 0:4 hesablı məğlubiyyətdə pay sahiblərindən olmuşdu.

Yarımmüdafiəçi müsahibə istəyimə “yox” demədi və maraqlı açıqlamalarla diqqət çəkdi.

- Bakıya növbəti səfər və növbəti acı məğlubiyyət. Püşkdə “Qarabağ”ın adını eşidəndə, yəqin ki, başınızı tutmuşdunuz.

- O məsələdə razıyam ki, “Qarabağ” mümkün rəqiblərin arasında bəlkə də ən güclü idi. Onlarla bizi eyni tutmaq mümkün deyil. Həqiqətən də arada çox böyük fərq var. Keyfiyyətli futbolçulara sahibdirlər, baş məşqçiləri uzun illərdir komandanın başındadır. Biz isə... “Qarabağ”ın futbolçuları yalnız futbol sahəsində çalışırlar, düzdür?

- Təbii ki.

- Ancaq bizdə əksər futbolçular iki sahədə işləyirlər. Mən özüm həm də polis zabitiyəm. Biri usta, digəri menecerdir. Düzdür, peşəkar səviyyədə məşq edirik, çempionatda oynayırıq, ancaq Çempionlar Liqası başqa səviyyədir. Bu gün “Qarabağ”a qarşı oyunda Cəbəllütariq millisinin 5 üzvü əsas heyətdə yer almışdı. Bir nəfər isə sarı vərəqə limitini doldurar deyə, ehtiyatda qalmışdı. Çünki burada alacağı “sarı” növbəti matçı buraxması anlamına gələcəkdi. Əks halda, “11-lik”də 6 yerli futbolçu oynayacaqdıq. “Qarabağ”ın start heyətində necə əcnəbi var idi?

- Doqquz...

- Görürsünüz? Bizim bu səviyyədə futbolçular gətirmək imkanımız yoxdur. Cəbəllütariq kimi ölkələrin təmsilçiləri avrokuboklarda uğur qazanmaq istəyirsə, keyfiyyətli legionerlərin sayı çox olmalıdır. Hələ mən örtük amilini demirəm. “Qarabağ”ın meydanı ilə bizim “sintetika” arasında müqayisəyə gəlməyəcək qədər fərq var.

- Tribunalardakı ab-havaya təəccübləndiniz?

- Bu gün stadionda nə qədər adam var idi? Təxminən 20 min, düzdür?

- Daha artıq, təxminən 27-28 min.

- Bravo! Bu, Cəbəllütariqin əhalisi deməkdir. Təsəvvür edin, “Qarabağ”ın oyununa bizim ölkənin əhalisinin sayı qədər adam gəlir. Məncə, başqa nəsə haqda danışmağa gərək yoxdur. Futbolçulara verilən maaş, UEFA-dan gələn bonuslar, kollektiv üzvlərinə yaradılan şərait – bunlar da başqa söhbətin mövzusudur. Ona görə də 0:5-ə görə təəccüblənməyə dəyməz. Aradakı fərqləri nəzərə alsaq, hesab arasındakı fərq elə də böyük deyil.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti