Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Fehervar" - "Sumqayıt" matçını işıqlandırmaq üçün bəndənizin də arasında olduğu bir qrup media işçisi Macarıstana ezam olunub.
Bakı-İstanbul-Budapeşt reysi ilə yola düşən jurnalistlərin olduğu təyyarədə "kimyaçılar"ın prezidenti Riad Rəfiyev də yer alıb.
Rəhbər şəxs macarlarla oyunöncəsi Sportinfo.az-a eksklüziv müsahibəni də elə yolüstü - İstanbul Hava Limanında verib.
- Macarıstana hansı ümidlə gedirsiniz?
- Ancaq qələbə istəyilə gedirik. Məqsədimiz yalnız qələbə qazanmaqdır. Növbəti mərhələyə yüksəlmək istəyirik. Başqa fikrimiz yoxdur.
- Evdəki məğlubiyyət şansları azaltmayıb?
- Əlbəttə, ilk oyunda hamımız qələbə gözləyirdik. Oyuna da yaxşı başlamışdıq. Hesabda önə çıxdıq, yaxşı da oyun oynayırdıq. Sadəcə qrımızı vərəqə hər şeyi alt-üst elədi. 60 dəqiqədən çox komanda meydanda azlıqda mübarizə apardı. Təəssüf ki, qollar buraxdıq. Düzdüк, ilk oyunda məğlub olduq, amma şansımızın olmadığını deməzdim. Şansımız var. Maksimum olanı etməliyik ki, növbəti mərhələyə vəsiqə əldə edək.
- İlk oyunda qırmızı vərəqəyə daha çox üzüldünüz, yoxsa hakimin qərarlarına?
- Hakimlər barədə çox danışmaq istəmirəm. Bu dəqiqə o barədə danışmağın mənası yoxdur. Növbəti görüşə hazırlaşmalıyıq. Qalib gəlib daha yaxşı komanda olduğumuzu sübut etməliyik.
- İlk oyundan fərqli olaraq bu dəfə "Sumqayıt" səfər meydanında çıxış edəcək. Sizi daha çox narahat edən nədir?
- Müdafiədə problemlərimiz var. İsa Suliman ilk oyundan bir həftə əvvəl ağır zədə aldı. Cəmi iki mərkəz müdafiəçimiz vardı. Qırmızı vərəqə səbəbindən bu dəfə Murad Xaçayev də olmayacaq. Düşünürəm ki, ən ağır zərbə budur. Bu futboldur. Burada belə şeylər olur. Buna hazır olmalıydıq. Bəxt üzümüzə gülmədi. Mövsüm başlamamış artıq bir neçə futbolçumuz zədəlidir. Lakin bütün olanlara baxmayaraq meydana çıxıb qələbə qazanmalıyıq.
- Zədəli futbolçuların çox olduğunu bildirdiniz. Bu, yeni transferlərin olmasını labüd edirmi?
- Əlbəttə.
- Büdcə çətinlik yaratmayacaq?
- Yox, hazırda belə çətinlik görünmür.
- Konfrans Liqasındakı digər təmsilçilərimiz "Sabah" və "Zirə" ilk oyundakı parlaq qələbələrlə növbəti mərhələnin astanasındadırlar. "Sumqayıt"ın da onlara qoşulması üçün "Fehervar" önündə nə etməsi lazımdır?
- Komandanın xarakter göstərməsi vacibdir. Belə oyunları klasla yox, xarakterlə çıxarmaq lazımdır. İnanıram ki, o xarakter bizdə var. Komandanın qalib gələcəyinə inanıram.
XANOĞLAN İMANOV