COP29

"Akademiya və Premyer Liqa arasında böyük uçurum var" - MÜSAHİBƏ

25 İyul 21:15 Müsahibə 908
"Akademiya və Premyer Liqa arasında böyük uçurum var" - MÜSAHİBƏ

"Zirə-2"nin baş məşqçisi Zaur Həşimov Sportinfo az-a müsahibə verib.

O, əvəzedici komandanın fəaliyyəti, gələcək planlar və öz məşqçi karyerası barədə bir çox suallara aydınlıq gətirib.

- Zaur müəllim, arxada qalan mövsümü "Zirə-2" üçün necə qiymətləndirirsiniz?

- Ötən mövsümü komandamız 4-cü pillədə tamamladı. Ümumən sezonun bizim bizim üçün uğurıu keçdiyini deyə bilərəm.

- Deməli, 4-cü pilləni uğurlu hesab edirsiniz...

- Açığı, akademiyada əsas məqsədimiz nəticə deyil. Buna baxmayaraq hazırkı heyətlə çempionatı 4-cü yerdə bitirmək yaxşı göstəricidir.

- Niyə?

- Səbəblər müxtəlifdir. Bütün çempionat ərzində yalnız öz futbolçularımızdan istifadə etmişik. 1-2 oyun xaric heç bir qarşılaşmada əsas komandanın futbolçusu meydana çıxmayıb. Üstünlüyü akademiyanın uşaqlarına vermişik. Əsas məqsədimiz gənc futbolçularımızın bacarıqlarını artırmaq olub.

- Buna nə dərəcədə nail ola bilmisiniz?

- Həmin gənclərdən artıq bir neçəsi mütəmadi olaraq əsas komanda ilə məşqlərə cəlb olunur. Ümid edirik ki, yaxın zamanda Premyer Liqada şans qazanacaqlar.

- Premyer Liqa təcrübəsi olan bir mütəxəssis kimi Əvəzedici Liqanın səviyyəsi bu günü sizi qane edir?

- Səmimi deyim ki, liqanın səviyyəsi aşağıdır. Lakin indiki şərtlərlə belə əvəzedici komandaların bir çox üstünlükləri var. Akademiya uşaqlarının əsas komandaya yüksəlməsi üçün trampilin rolunu bu komanda oynayır. Çempionat ərzində əsas komandadan buraya futbolçular gəlir. Arasında legionerlər də yer alır. Gənclərimiz onlara qarşı çıxış edir.

- Amma bir müddət AFFA-da bu liqanın ləğv edilməsi geniş müzakirə olundu. Bu sizi də narahat etdimi?

- Bu liqanı və burada çıxış edən uşaqları yaxından tanıdığım üçün ləğv edilmə barədə müzakirə məni çox narahat etdi. 17-20 yaş gənclərin böyük futbola keçid dövrü sayılır. Yaxın keçmişdə bu liqanın ləğvi zamanı çox sayda perespektivli gəncin karyerasını başa vurmasına şahid olduq. Həm də nəzərə alaq ki, əvəzedici komandanı saxlamaq böyük maliyyə tələb etmir.

- Sizcə, əksinə liqaya diqqətin daha da artırılması məqsədə uyğun olmazmı?

- Əvəzedici komandaların infrastrukturu Birinci Liqanın bir çox komandalarından yaxşıdır. Amma uşaqların inkişafı baxımından təbii ki, daha çox diqqət və qayğı olsa yaxşı olar.

- Yeni mövsümlə bağlı planlarınız nədir?

- Yeni mövsüm üçün akademiyadan əvəzedici komandaya bir neçə gənc futbolçu dəvət etmişik. Bundan əlavə əsas komandaya yüksəlmək şansı olan başqa gəncləri komandamıza dəvət etmişik. Qarşıdakı mövsüm məqsədimiz onların inkişafına töhfə verməkdir. Onların həm futbolçu, həm də şəxsiyyət kimi böyüməsi əsas vacib məqsədimizdir.

- Bir qədər də şəxsi karyeranıza toxunaq. Premyer Liqada köməkçi məşqçi və baş məşqçi kimi çalışdıqdan sonra əvəzedici komandada işləmək təklifinə razılıq vermək çətin olmadı?

- Akademiya rəhbəri kimi əvəzedici komanda daha əvvəl də mənim nəzarətimdə idi. Azər Məmmədovun gedişindən sonra rəhbərlik baş məşqçi kimi mənim bu postda olmağımı təklif etdi. Düzü, bir az tərəddüd etdim. Lakin bir çox amili nəzərə alaraq bu təklifi qəbul etdim. Etiraf edim ki, peşman deyiləm.

- Klublarımızın futbol akademiyalarında savadlı mütəxəssislərə daha çox ehtiyacımız var. Amma nədənsə veteran futbolçularımız və istedadlı məşqçilərimiz ancaq Premyer Liqada çalışmağa can atır. Sanki heç kim akademiyalarda çalışmağı özünə sığışdırmır. Sizin qərardan sonra bu tendensiyanın dəyişəcəyinə ümid etmək olar?

Bu məsələdə iki vacib amil var - maliyyə şərtləri və ambisiya. Akademiya və Premyer Liqa arasında bu baxımdan uçurum var. Buna görə də məşqçilərimiz Premyer Liqada işləməyə can atır. Mən hazırda öz işimdən və rəhbərliyin mənə verdiyi dəstəkdən razıyam.

- Bəs Premyer Liqadan təklif gəlsə...

- Açığı, akademiyada çalışdığım müddətdə Premyer Liqadan təkliflərim olub. Hazırda da belə təkliflərə açığam.

- Təkliflər olduğunu dediniz. Maraqlıdır niyə razılıq verməmisiniz? Xüsusi tələbinizmi var?

- Xeyr. Hər hansı xüsusi tələbim yoxdur. Sadəcə daha qətiyyətli addım atmaq istəyirəm.

- Bir az cavabı açaq... Məsələn, necə bir klubda çalışmaq istərdiniz?

- Gələn təkliflər çempionatın yarısında edilib. Mənim təcrübəmdə belə hal artıq olub. Bu dəfə Premyer Liqaya qayıdacamsa, elə startdaca öz komandamı yığıb başlamaq niyyətindəyəm.

XANOĞLAN İMANOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

Digər Xəbərlər
Xəbər Lenti