Avropa Liqasındakı yeganə təmsilçimiz “Zirə” növbəti mərhələyə adlaya bilmədi.
“Şerif”ə penaltilər seriyasında məğlub olan təmsilçimizin üzvü Hacıağa Hacılı da digər komanda yoldaşları kimi üzgün idi.
Buna baxmayaraq, Sportinfo.az-ın suallarını cavablandıraraq yenilginin səbəblərini söylədi.
- Oyunun qırılma nöqtəsi kimi azlıqda qalmağınızı göstərmək olar?
- Matça yaxşı başlamışdıq. Lazım olan qolu vurmuşduq, üstünlük də tərəfimizdə idi. 11 nəfərlə qalsaydıq, əminəm ki, hesab arasındakı fərqi artıracaqdıq. Rəqib də buraxılan topdan sonra təlaş içindəydi. Qırmızı vərəqə planlarımıza təsir etdi. Azlıqda qalandan sonra dözdük, qapımız qarşısında real qol epizodu yaratmalarına imkan vermədik. Yalnız hava topları hesabına nəsə etmək istəyirdilər. “Qırmızı” olmasaydı, 2:0, ya da 3:0 hesabı ilə qalib gələcəkdik.
- Komandanı çətin vəziyyətdə qoyan Salifu Suma əməlinə görə üzr istədi?
- Heç kim komandasını azlıqda qoymaq istəməz. Futboldur, bu cür hallar olur. Bir anın içində olan işdir. Açığı, nə baş verdiyini görə bilmədim. Komanda yoldaşımızdır, əksinə, belə vəziyyətdə biz ona dəstək olmalıyıq.
- Rəşad Sadıqovun məğlubiyyətə reaksiyası necə oldu?
- Hoca ömrünün yarısından çoxunu futbol oynayıb. O, belə şeyləri bizdən daha yaxşı bilir. Uğur qazanmaq istəyiriksə, bu cür məqamlara diqqət yetirməliyik. Qarşıda Konfrans Liqasının görüşləri var. Bütün fikrimizi həmin oyunlara yönəltməliyik.
- İlk hissədə həyəcanlı görünürdün. Bir neçə epizodda top itkilərinə yol verməyin hətta baş məşqçini də danışmağa məcbur edirdi.
- Gizlətmirəm, oyunun əvvəlində müəyyən həyəcan var idi. O da haradasa 5-10 dəqiqə davam etdi. Oyunun tempi artdıqca uyğunlaşdım və başa düşdüm ki, həyəcanlanmalı bir şey yoxdur, əksinə, komandaya kömək etməliyəm.
HƏBİB