“Zirə” – “Şerif” görüşünün taleyini Əyyub Allaş həll etdi.
“Qəbələ”dən tanıdığımız yarımmüdafiəçi meydana sonradan daxil olmasına baxmayaraq, bir qol və bir məhsuldar ötürmə ilə yadda qaldı.
Üstəlik, sonuncu penalti zərbəsini dəqiq yerinə yetirib komandasını növbəti mərhələyə daşıdı.
Matç başa çatandan sonra olduqca məmnun görünən Allaş Sportinfo.az-ın suallarını cavablandırıb.
- Yenidən Bakıya gəlmək və buradan qələbə ilə ayrılmaq necə hislər yaradır?
- Bakını və buradakı insanları çox sevirəm. Bunu hələ Azərbaycanda oynadığım vaxtlarda dəfələrlə demişdim. Bu oyun bizim və mənim üçün çox önəmli idi. Əlhəmdülillah, qalib gəlməyi bacardı. Futbolda ən böyük arzularımdan biri avrokuboklarda daha çox oyun keçirməkdir deyə, növbəti mərhələyə adladığımıza görə xoşbəxtəm.
- İlk oyundakı məğlubiyyətdən sonra Bakıya gələndə yekun nəticəni necə təxmin edirdin?
- “Zirə”ni çox yaxşı tanıdığım üçün mərhələ adlamağın çətin olacağını bilirdim. Elə komandadır ki, hesabı qorumağı bacarır və müdafiədə xətti olduqca etibarlıdır. Ancaq yenə də yaxşı nəticə qazana biləcəyimizə böyük inamım var idi.
- Ehtiyatda qalmağın nə ilə bağlı idi?
- Hələ tam hazır deyiləm. Komandaya iyulun 5-də qoşulmuşam və 5 gündən sonra “Zirə” ilə oyunda “11-lik”də yer aldım. Həmin oyunda fiziki durumumun istədiyim kimi olmadığını görürdüm. Başqa səbəb yoxdur, sırf buna görəydi.
- “Zirə”nin azlıqda qalması sizə nə qədər kömək etdi?
- Sırf bu amilə görə mərhələ adladığımızı düşünmürəm. “Zirə” azlıqda qalsa belə, müdafiə olunmağı çox yaxşı bacarır. Sadəcə, biz təzyiqi artırmalıydıq və artırdıq da. Digər tərəfdən, irəliləyən dəqiqələrdə oyun planında daha yaxşı təsir bağışladıq.
- Penalti vuruşlarında sonuncu zərbəni dəqiq yerinə yetirməklə oyunun adamına çevrildin. Topa yaxınlaşanda zərbəni dəqiq yerinə yetirə bilməmək qorxusu var idi?
- Gizlətmirəm, müəyyən mənada həyəcan var idi. Özünüz də görürsünüz ki, adlı-sanlı, təcrübəli futbolçular belə, bəzən penaltini dəqiq vura bilmir. Məndə də bir anlıq həyəcan yarandı. Lakin dərhal özümü toparladım ki, vuramlıyam.
- Bu gün sanki xüsusi motivasiyaya sahib idin.
- Normaldır. İlyarım burada oynamışam və yenidən Azərbaycanda meydana çıxmağım xüsusi hislər yaradır. Sübut etmək istəyirdim ki, mən Əyyubam.
HƏBİB